Xəzər Teyyublu: “Lavrov kimi böyük vasitəçiliyi həyata keçirən bir diplomat tərəfindən belə bir addımın atılması onun Bakıda səmimi olmadığına dəlalət edir”
Bildiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də İrəvana səfər edib. Erməni KİV-lərinin verdiyi məlumata görə, nazir hava limanından birbaşa “Tsitsernakaberd” memorial kompleksinə gedib. S.Lavrov Rusiya Federasiyasının adından “soyqırım” abidəsinin qarşısına əklil qoyub və baş əyib.
Xatırladaq ki, Lavrov Ermənistana Azərbaycana səfər etdikdən sonra gedib və həmkarı Edvard Nalbandyan və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ problemini müzakirə ediblər. Qeyd edək ki, Lavrov Bakıda ümidverici bəyanatlarla çıxış etdi. Rusiyanın baş diplomatının sonradan İrəvanda belə hərəkətə yol verməsini necə anlamaq olar?
Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu qəzetimizə bildirdi ki, Lavrovun bu hərəkəti onu elə də dərindən təəccübləndirməyib: “Onun Bakıya son səfərilə bağlı müxtəlif mülahizələr irəli sürüldü. Hətta səfərin əsl məqsədinin nədən ibarət olduğu ətrafında hələ də polemikalar aparılır. Bəziləri iddia edirdilər ki, Dağlıq Qarabağ prosesinin nizamlanması ilə bağlı konkret təkliflər ortaya çıxıb və Lavrov məhz bu detalları razılaşdırmaq üçün regiona səfər edib. Digərləri isə bildirirdilər ki, Lavrovun səfəri bir neçə gündən sonra həm Ermənistanın, həm də Azərbaycanın Avropa İttifaqı ilə imzalamağa hazırlaşdığı sazişlərlə əlaqəlidir. Ehtimallar bundan ibaraət idi ki, Lavrov hər iki ölkəni bundan çəkinməyə razı salmaq məqsədini güdüb. Ancaq Lavrov Bakıda keçirdiyi görüşlərdə daha çox Qarabağ münaqişəsinin həllindən danışdı. Hətta onun çıxışına qulaq asan bəzi adamlarda belə təəssürat yarandı ki, Lavrovun bu səfərindən nəsə gözləmək olar. Lavrov İrəvana qədəm qoyan kimi bu ehtimalları sıfıra endirdi. Gedib qondarma “soyqırım” abidəsini ziyarət etdi. Ola bilər ki, həmin abidənin ziyarət edilməsini Ermənistan dövləti xarici qonaqlar üçün protokol qaydası kimi müəyyən edib. Ancaq danışıqlarla bağlı həlledici məqamların yaşandığı bir zamanda belə bir addımın atılması Lavrovun bir-iki addım ermənilər tərəfdə olmasına işarədir. Çünki Lavrov kimi təcrübəli diplomat gözəl bilir ki, həmin abidənin ziyarəti həm Azərbaycan, həm də Türkiyənin haqlı etirazına səbəb olur. Təəssüf edirəm ki, həmin abidəni vaxtilə türkdilli ölkələrin başçılarından da ziyarət edəni olub. Ancaq hər zaman da o tip hərəkətlər həm Azərbaycanın, həm də Türkiyənin etirazı ilə qarşılanıb. Lavrov kimi böyük vasitəçiliyi həyata keçirən bir diplomat tərəfindən belə bir addımın atılması onun Bakıda səmimi olmadığına dəlalət edir”.
Məhəmmədəli QƏRİBLİ