Aqşin Əliyev: “Yetər ki, onun icra olunması ilə bağlı Ermənistana təzyiq göstərilsin”
Xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra məlum olub ki, tərəflər müzakirələr zamanı BMT-nin Dağlıq Qarabağla bağlı çıxardığı qətnamələrə də toxunublar. Həmçinin, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə ediblər və danışıqlarda canlanma və intensivliyin yaranmasını təqdir ediblər.
Nazir E.Məmmədyarov bildirib ki, müzakirələrdə aprel hadisələrini də yada salıblar: “Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə, hərəkətin sürəti zəifdir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır”, - deyə nazir qeyd edib.
Nazir bildirib ki, BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur. Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. Azərbaycan qətnamələrin icrasını tələb edir. Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik”.
S.Lavrov qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur: “Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir”. Rusiyalı nazir əlavə edib ki, Minsk Qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib: “Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır”.
Göründüyü kimi, Lavrov BMT-nin qəbul etdiyi qətnamələrin bəzi müddəalarına spektik yanaşır və bildirir ki, onların həyata keçirilməsi müəyyən səylər tələb edir. Bu yanaşmadan hansı nəticəni çıxarmaq olar?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, Lavrovun BMT-nin qəbul etdiyi qətnamələrlə bağlı ikibaşlı danışması ciddi arqumentlərə əsaslanmır: “Bizim əsas şərt və tələbimiz ərazi bütövlüyümüzün təmin olunması və işğalçı ordunun qeyd-şərtsiz ərazilərimizi tərk etməsidir. Bütün dünya da bu məsələnin birbaşa Rusiya ilə bağlılığını bilir. Ona görə də münaqişənin həllində əsas rolu Rusiya oynamalıdır. Ancaq bununla yanaşı, BMT kimi nüfuzlu bir qurumun konkret olaraq çıxardığı qətnamələr var. Həmin qətnamələrdə bildirilir ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir. Burada elə bir qəliz məsələ yoxdur. Rusiya da, təbii ki, öz nüfuzunu bərpa etməyə çalışır. Ümumiyyətlə, danışıqların intensivləşməsi münaqişənin həllinin, necə deyərlər, ölü nöqtədən tərpənməsinə müsbət təsir edə bilər və bu da ermənilərin xeyrinə deyil. Rusiya bunu anlayır və istəmir ki, prosesin nizamlanmasında əsas kimi BMT qətnamələrinə istinad edilsin. O, bu yol xəritəsini kənara qoyub öz şərtlərinin həyata keçirilməsində maraqlıdır. BMT qətnamələrinin icra olunmasında cətinlik yaradan amil Ermənistanla bağlıdır. O da Rusiyaya arxalanaraq qeyri-konstruktivlik göstərir. Ona görə də qətnamələr icra edilmir. Rusiya bilir ki, Ermənistana bir göz ağartmağı kifayət edər ki, o, deyilənlərə əməl etsin. Hesab edirəm ki, BMT qətnamələrində çətinlik yaradan hansısa müddəa yoxdur. Yetər ki, onun icra olunması ilə bağlı Ermənistana təzyiq göstərilsin”.
Məhəmmədəli QƏRİBLİ