Son günlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeydə alınan diplomatik fəallığın hansı nəticələr verəcəyi xüsusi maraq doğurur. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Rusiyaya bir-birinin ardınca etdiyi səfərlər, burada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçrilən görüşlər, ardınca Rusiya xarici siyasət idarəsi rəhbərinin Bakı və İrəvana səfərləri diplomatik müstəvidə müəyyən proseslərin cərəyan etməsindən xəbər verir.
Üstəlik, məsələyə Türkiyənin də aktiv cəlb olunması müşahidə edilir. İndi bütün bunların nəticə verməsi, xüsusən də Qarabağ məsələsinin həllində böyük imkanlara malik Rusiyanın əməli addımlar atması böyük bir səbrsizliklə gözlənməkdədir.
Real mənzərənin təhlili göstərir ki, Rusiya son zamanlar Cənubi Qafqazda daha ehtiyatla davranır. Bir tərəfdən Kreml nəzərə alır ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür. Amma bu fonda Kremldə onu da diqqətdən qaçırmırlar ki, İrəvan həm də Rusiyanın mövqeyinə zidd gedərək Qərblə yaxınlaşma kursu götürüb. Digər tərəfdən, son zamanlar Azərbaycanla Rusiyanın iqtisadi və siyasi münasibətləri sürətlə inkişaf edir. Bu vəziyyətdə, əlbəttə ki, Rusiya, belə demək mümkünsə, Azərbaycanı əldən vermək istəməz. Ancaq bunun üçün Rusiyanın Qarabağ məsələsində real işlər görməsinin vacibliyi də Kremldə yaxşı başa düşülür. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu fonda qeyd edir ki, Qarabağ konflikti heç kəsi qane etmir: ”Qarabağ münaqişəsi heç kəsi qane etmir. Bu məsələnin həllini tapmalıyıq. Həllə gətirən bir çox istiqamətlər də artıq üzə çıxıb. Razılaşdırılmış format var - üç həmsədr. Onlar yalnız vakuumda mövcud deyil, onlar ATƏT-in Minsk Qrupunda birgə fəaliyyət göstərirlər”.
Düzdür, İrəvanda olarkən Sergey Lavrov bir qədər bədbin fikirlər də səsləndirdi: “Bakıya səfərim zamanı həll üçün bütün komponentləri söylədim. Bütün bu elementlər danışıqlar masası üzərindədir. Komponentlər paket halında formalaşdırılıb və bunlardan biri, ikisi və ya üçünü götürüb, onların əsasında razılaşmaq mümkün deyil. Bu halda balanslaşdırılmış elementlər qüvvəsini itirir və lazımı nəticə əldə olunmur. Yaxşı məqam odur ki, prezidentlər Cenevrə görüşünün nəticələri ilə bağlı pozitiv çıxış ediblər. Vacib olan bunun irəliyə doğru addım atmaqda kömək etməsidir. Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə vəziyyətin hansı yerdə olduğunu analiz edəcək. Problem çətindir və danışıqların tez bir zamanda başa çatması, təəssüf ki, mümkün deyil”. Amma hadisələrin inkişaf axarının təhlili, eləcə də yayılan məlumatlar münaqişənin həlli istiqamətində proseslərin daha intensiv inkişaf edə biləcəyini istisna etmir. Məsələn, elə Ermənistanın “Jamanak” qəzeti yazır ki, əslində, Lavrovun dediklərinə rəğmən, pərdə arxasında tamam fərqli hadisələr cərəyan edir: “Əslində, Ermənistanın ciddi təzyiqlərlə üz-üzə qaldığı məlumdur. Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən yeniliklərin olmasını istəyir. Bunun üçün isə həm Bakıda, həm də Moskvada hesab edirlər ki, İrəvan konkret addımlar atmalı, yəni ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxmalıdır. Amma bunun əvəzində Ermənistanın nə alacağı dəqiq bəlli deyil. Ermənistan hakimiyyəti ona verilən təlimatları yerinə yetirmək məcburiyyətindədir. Lakin bu halda ictimaiyyətin qəzəbindən də ehtyiat edir. Elə bu səbəbdəndir ki, rəsmi dairələr reallıqda gedən proseslərdən fərqli açıqlamalar verir”.
“Moskva-Baku” saytına müsahibəsində rusiyalı ideoloq Aleksandr Proxanov da iddia edir ki, Ermənistan Azərbaycana işğal olunmuş torpaqları geri qaytarmağa hazırdır: “Bildiyiniz kimi, bu yay mən Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə Bakıda oldum. Azərbaycanın Dağlıq Qarabağ konfliktinə baxışını anladım. Bundan sonra mən erməni hərbçilərinin nümayəndələri ilə görüşdüm və onların mövqeyini öyrəndim. Biz bilirik ki, aprel hadisələri zamanı Azərbaycan öz ərazilərinin bir qismini geri qaytardı, Lələtəpə strateji yüksəkliyini tutdu. Bu gün elə bir vəziyyət yaranıb ki, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytarmağa hazırdır. Ermənistanda qorxurlar ki, bu rayonların verilməsindən sonra hərbi status-kvo pozulacaq, Azərbaycan geri qaytarılmış torpaqlarda hərbi obyektlər yerləşdirəcək. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya, sonra isə İrəvana səfərində əsas məqsədi konfliktin həllidir. Bu gün fakt odur ki, Ermənistan rayonları qaytarmağa hazırdır”.
Ermənistan dinc yola zəbt edilmiş əraziləri geri qaytarmayacağı təqdirdə məsələnin güc yolu ilə həll olunacağını MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev də təsdiq edir: “Qarabağ ətrafında iki vəziyyət yaranıb. Birincisi sabitlikdir. Hesab etmək olar ki, Rusiyada prezident seçkilərinə görə Moskva və Bakı sabitliyin qorunmasında razılığa gəlib. İkincisi isə bunun əksinədir. Çünki münaqişənin nizama salınması üzrə heç bir irəliləyiş yoxdur. Bu baxımdan, gələn ilin yayına qədər Qarabağda müharibənin başlamasını istisna etmirəm”. Onun sözlərinə görə, hazırda Rusiya gərginliyin azaldılmasına çalışır: “Lakin buna nə qədər nail olacağını demək çətindir. Məlumdur ki, məsləhətləşmələr gedir. Digər tərəfdən, Qarabağda müharibə əsas oyunçulara – Rusiya, ABŞ, Türkiyəyə lazım deyil. Çünki regionda beynəlxalq layihələr var. Qarabağ yeganə münaqişədir ki, Rusiya və ABŞ-ın maraqları uzlaşır. Hesab edirəm ki, Rusiya indi münaqişənin alovlanmaması üçün tədbirlər görür. Lavrovun Bakı və İrəvana səfərinin səbəbi də məhz buna nail olmaqdır. ABŞ da aktiv şəkildə sabitliyin təmin olunmasına çalışır. ABŞ anlayır ki, Qarabağda yeni müharibə mümkündür. Rusiya münaqişə ətrafında status-kvonun dəyişməsinə nail ola bilməyəcəksə, Qarabağda müharibə qaçılmazdır”.
İndilikdə hesab edilir ki, hər şey yaxın günlərdə erməni tərəfinin atacağı addımlardan asılı olacaq. İrəvan məsələnin həllində Azərbaycanın, eləcə də beynəlxalq güclərin mövqeyini nəzərə alıb əməli addımlar atmasa, Bakı güc varinatından istifadəyə məcbur olacaq. Belə vəziyyətin Ermənistan üçün nə ilə nətiəcələnəcəyinə nəzər salan Cənubi Qafqaz üzrə tanınmış ekspert Arye Qut vurğulayır ki, işğalçı ölkəni tam məğlubiyyət gözləyir: “Bu danılmaz bir faktdır ki, Qarabağ Azərbaycanın qədim və tarixi ərazisidir. 1 milyondan çox Azərbaycan vətəndaşı məcburi köçkündür və yurd-yuvasından didərgin düşüb. Bu yaxınlarda baş verən hadisələr bir daha sübut etdi ki, Bakı heç vaxt status-kvo ilə razılaşmayacaq və Ermənistan anlamalıdır ki, Azərbaycanın da səbrinin bir limiti var. Beynəlxalq hüquqa görə, Bakının yalnız özünü müdafiə etmək yox, eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etməyə hüququ var. Keçən il aprel ayında Azərbaycan Silahlı Qüvvələri erməni təxribatının qarşısını alarkən uğurlu əməliyyatlar nəticəsində minlərlə hektar ərazini işğaldan azad etdi. Bununla belə, erməni siyasi hakimiyyətinin əsas məqsədi münaqişənin həllinin qarşısını almaqdır. Cəbhə xəttində baş verən son hadisələr bir daha təsdiq etdi ki, Ermənistan sadəcə sülhün əldə olunmasında maraqlı deyil.
Bu gün Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Bu danılmaz faktdır ki, bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin həllində aparıcı qüvvə rolunu oynayır. Azərbaycan Cənubi Qafqazda güclü orduya malikdir və hər an öz gücünü göstərmək üçün həlledici məqamı gözləyir. İstənilən şəraitdə hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini qorumağa hazır olmalıdır. Aydındır ki, Cənubi Qafqaz regionundakı mövcud gərginlik Ermənistanın işğalçılıq siyasətinin və danışıqlar prosesini yenidən pozmağa cəhd etməsinin nəticəsidir. Və bu, Ermənistan rəhbərliyinin günahıdır. Mən dəfələrlə demişəm ki, Ermənistan prezidenti ilk növbədə çətin geosiyasi və iqtisadi bataqlıqdakı ölkə deyil, şəxsi maraqlarının qorunması və gücləndirilməsi barədə düşünür.
Təəssüf ki, Ermənistan prezidenti Serj Sarkisyan dövlətçilik siyasətindən və dünya proseslərinə qlobal yanaşmadan məhrum olmuş terrorçudur. Bütün bu faktlar Ermənistanın qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla sülh şəraitində yaşamaq istəmədiyini bir daha sübut edir. Elə buna görə də 25 ildən artıq davam edən danışıqlarda heç bir real irəliləyiş olmayıb”. Ekspert onu da vurğulayır ki, Ermənistan işğal altındakı ərazilərdə yaratdığı qondarma rejimlə bağlı addımlar atmağa davam edərsə, bu, beynəlxalq hüququn əsas norma və prinsiplərinə, danışıq prosesinə və ATƏT-in Minsk Qrupuna və həmsədrlərinə hörmətsizliyin davamı olacaq: ”Hazırki vəziyyətdə heç kim Ermənistana müstəqil qərar qəbul etmək imkanı verməyəcək. Dağlıq Qarabağın "müstəqilliyini" tanıdığı təqdirdə, Ermənistan münaqişə yaradacaq, bununla da müharibəyə gedəcək. Bu, Ermənistan prezidenti Serj Sarkisyanın hazırkı rejiminin terrorist təbiətini bir daha sübut edəcək. Əsas sual isə beynəlxalq qaydaları pozan Sarkisyanın uşaq hərəkətlərinə dünya birlyinin nə qədər müddət sakit qalacağıdır”. Hesab edilir ki, yaranmış vəziyyətdə Azərbaycanın dünya birlyindən istənilən fəallığı görməməsi halında güc yolu ilə Ermənistanın işğal siyasətinə son qoyması qaçılmaz olacaq. Yuxarıda səslənən fikirlərdən aydın göründüyü kimi, bu durumda Ermənistanın daha çox zərər görən tərəf kimi çıxış etməsi də qaçılmaz reallığa çevriləcək. Hər halda, hələlik son günlərdə qeydə alınan diplomatik fəallığıın hansı nəticələr verəcəyi məlum olduqdan sonra münaqişənin həlli istiqamətində hansı addımların atılacağı dəqiq bəlli olacaq. Rəsmi Bakı məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu, lakin bu mümkün olmadıqda güc varianıt ilə də öz məqsədinə nail olacağını açıq bildirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.