Arzu Nağıyev: “İstəyir ki, əhali Ermənistanın silahlanmaya dövlət səviyyəsində dəstək verdiyinə inansın”
Ermənistan parlamentinin iclasında “Dövlətlərarası müqavilələr çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında” qanun layihəsi ikinci və sonuncu oxunuşda qəbul edilib.
Bu barədə Ermənistan mətbuatı məlumat verib. Qanun layihəsini təqdim edən maliyyə naziri Vardan Aramyan qeyd edib ki, bundan əvvəl həmin saziş “Ermənistan Respublikası və Rusiya Federasiyasının dövlətlərarası müqavilələri çərçivəsində yalnız müdafiə təyinatlı məhsulların idxalının ƏDV-dən azad edilməsi haqqında” adlanırdı:
“Bu gün biz Rusiyadan əsasən hərbi texnika və silahlar idxal edirik. Qanun layihəsi yalnız bu ölkədən tədarükün ƏDV-dən azad edilməsi üzrə güzəşt təqdim edilməsini məhdudlaşdırır. Biz Ermənistanın gələcəkdə digər ölkələrdən də silah alışı imkanını istisna etmirik. Bununla əlaqədar qanun layihəsindən coğrafi məhdudiyyətin götürülməsi təklif olundu”.
Nazir qeyd edib ki, hökumət müdafiə təyinatlı məhsullara ƏDV tətbiq edilməsini məqsədəuyğun hesab etmir: “Çünki həmin məhsulları daxili bazarda satmaq və ya üçüncü ölkələrə ixrac etmək mümkün olmayacaq. Faktiki olaraq biz büdcədə artıq əməliyyatdan xilas oluruq, çünki tədarük üçün ödənilən vergi ƏDV-nin qaytarılması barədə qanuna uyğun olaraq istənilən halda büdcədən çıxacaq”.
Ermənistanın silah idxalını ƏDV-dən azad etməsi nəyə hesablanıb?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bununla işğalçı ölkə öz niyyətini bir daha açıb ortaya qoydu: “Aydın olur ki, Ermənistan silahlanmaya meyl göstərir. Buna mane olan bütün vasitələri aradan qaldırır. Azərbaycanın silahlanmasına da etirazlar olur, ancaq ölkəmiz bunu ciddi arqumentlərlə əsaslandırır ki, bizim torpaqlarımız işğal altında olduğu üçün bunu edirik. Bəs Ermənistan nə ilə əsaslandıracaq? Ermənistan büdcəsini doldurmaq üçün belə addımları atırdı. Yəni silah alverindən qazanılan ƏDV büdcəyə gedirdi. Ancaq bilirsiniz ki, silah alverilə hansısa özəl firma məşğul ola bilməz. Yəni dövlətin pulu bununla yenə dövlətə qayıdırdı və nəticədə silahın qiyməti çox baha başa gəlirdi. Onlar onu da anlayırlar ki, ƏDV tətbiq ediləndə silahın nominal dəyəri artırdı. Bundan başqa, ortada Rusiya faktoru da var. Qiyməti tənzimləmək üçün silah ucuz alınmalıdır, buna da Rusiya getməz. Əsas məqam budur ki, bununla Ermənistan daha da silahlanmaq istəyir və eyni zamanda, ictimai rəyi öz xeyrinə dəyişməyə çalışır. İstəyir ki, əhali Ermənistanın silahlanmaya dövlət səviyyəsində dəstək verdiyinə inansın. Qanun layihəsində bunun bütün ölkələrə şamil olunacağı qeyd edilir. Yaxşı olardı ki, Ermənistan ora elə Rusiyanın adını salardı. Çünki onun maddi imkanları ancaq Rusiyadan kreditlə silah almağa imkan verir”.
Məhəmmədəli QƏRİBLİ