Qabil Hüseynli: “Lavrovun gəlişi Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı məsələlərə bir sistemlik gətirmək yox, daha çox...”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. Dövlət başçısı İlham Əliyev Lavrovla görüşdə ikitərəfli əlaqələrin genişlənməsindən danışaraq, söhbəti Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”.
Lavrov isə cavabında: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”, - deyə bildirib.
Lavrovun Rusiyanın danışıqlar prosesində irəliləyişi təmin etməkdə maraqlı olması ilə bağlı səsləndirdiyi fikirləri və məhz bu məqamda Bakıya səfər etməsini necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Lavrovun gəlişi Rusiyanın geosiyasi maraqlarının təmin olunmasına səy göstərməkdən ibarətdir: “Çünki rus mətbuatında çıxış edən bəzi politoloqlar qeyd edirlər ki, Lavrovun səfəri yalnız iki ölkə ilə Rusiya arasında diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədardır. Bundan başqa, onlar noyabrın 24-də Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” komissiyasının üzvü olmaq üçün Azərbaycan və Ermənistanın ərazisinə baxmağı hədəf kimi qarşılarına qoyublar. Lakin bu məsələ ətrafında ciddi fikir ayrılıqlarının mövcud olduğu aydındır. Çünki Avropa Birliyi Parlament Assambleyasının yekun sənədində yenə də Dağlıq Qarabağ probleminin həllində ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyin etməsi məsələsi yan-yana gəlir. Sözsüz, bu, rəsmi Bakının ciddi etirazına səbəb olacaq. Ola bilsin ki, Bakı həmin sənədə imza atmasın. Moskva Lavrovun timsalında Azərbaycana elçi göndərir və xəbərdarlıq edə bilər ki, “Şərq Tərəfdaşlığı”na qoşulmayacağınız təqdirdə alternativ variant kimi biz sizin arxanızda dayanmışıq və sizə yardımçı ola bilərik. Hər halda, Lavrovun bu səfərlərinin Azərbaycan və Ermənistanın Avropa Birliyinə meylli olması ərəfəsində baş tutması fərqli ehtimalların yaranmasına səbəb olur. Bu da bəllidir ki, Lavrovun xarici işlər naziri olmasına baxmayaraq, onun şəxsiyyəti ətrafında Azərbaycanın ciddi iradları var. Lavrovun Dağlıq Qarabağ probleminin nizamlanmasına köməyinin olmayacağı qənaətindəyik və bununla əlaqədar olaraq Azərbaycan tərəfi Rusiya rəhbərliyinə öz fikirlərini də bildirib.
Düzdür, Lavrov Qarabağ məsələsində Rusiyanın maraqlı olması barədə bəyanat da verdi. Lakin yenə də Lavrovun gəlişi Dağlıq Qarabağ probleminin həll edilməsi ilə bağlı məsələlərə bir sistemlik gətirmək yox, daha çox Rusiyanın geosiyasi maraqlarına xidmət etməkdən ibarətdir”.
Məhəmmədəli QƏRİBLİ