Ramil Hüseynov: “Hesab edirəm ki, Birləşmiş Ştatların ermənilərə yönəlik bu addımı dəstəklənməlidir”
ABŞ Dövlət Departamenti 2017-ci il üzrə xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı statistika açıqlayıb. Dövlət Departamenti bildirir ki, viza almaq üçün müraciət edən Ermənistan vətəndaşlarının yarıdan çoxuna (51,87 %) rədd cavabı verilib.
Viza müraciətlərindən imtina edilən ölkələrin siyahısında bir sıra dövlətlərin adı var. Hətta bəzi tanınmış dövlətlərin belə adına rast gəlmək mümkündür. Ancaq maraqlıdır ki, elə ölkələr var, oradan olan bütün müraciətlər qəbul olunub. Məsələn, Dövlət Departamenti viza üçün müraciət edən Andorra, Lixtenşteyn, Monako və San-Marinodan daxil olan müraciətlərin hamısını müsbət cavablandırıb.
Qeyd edək ki, "Viza-B" işgüzar və turistik məqsədlər üçün müvəqqəti olaraq ABŞ-a getmək hüququ verir.
Bütün hallarda, ABŞ-ın müraciət edən Ermənistan vətəndaşlarının yarıdan çoxuna rədd cavabı verməsi diqqəti çəkməyə bilməz. Məsələ ondadır ki, erməni lobbisinin Birləşmiş Ştatlarda güclü olması amili də bu məsələdə onlara kömək edə bilməyib. Görünən odur ki, artıq ABŞ ermənilərin yalanlarına inanmır. Bu səbəbdən də Ermənistan vətəndaşlarına viza verməkdə maraqlı deyil.
Təsadüfi deyil ki, bu günlərdə ABŞ-ın "İnternational Policy Digest" nəşrində Amerika Erməni Milli Komitəsinin (AEMK) qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları komitəsi ilə əlaqəsi olan rəhbərləri haqqında məqalə dərc edilib.Məqalədə qeyd olunub ki, AEMK ölkənin siyasi sabitliyinə və hətta milli təhlükəsizliyinə təhlükə yaradaraq, ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərir.
Maraqlıdır, bəs ekspertlər ABŞ-ın ermənilərə qarşı bu siyasətini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun fikrincə, hazırkı situasiya 90-cı illərdən fərqlidir: “Ermənilər informasiya boşluğundan istifadə edərək o dövrdə özləri haqda məzlum xalq imicini formalaşdırdılar. Bunun nəticəsində Birləşmiş Ştatlar həm erməni separatizminə göz yumdu, həm də müxtəlif proqramlar vasitəsilə Ermənistana iqtisadi yardımlar göstərməyə başladı. Bu yardımlar həm dövlət səviyyəsində, həm də digər formalarda həyata keçirildi. Nəticədə ələbaxımlığa vərdiş edən ermənilər bir az da şirnikləndilər. O cümlədən, ABŞ-ın məlum münasibətindən istifadə edən ermənilər bu ölkəyə müxtəlif ad altında miqrasiya etməyə başladılar. Ancaq zamanla Dağlıq Qarabağ ətrafında yaradılan informasiya blokadası aradan qaldırıldıqca, ermənilər barəsində yaradılan mif dağılmağa başladı. Erməni yalanları gün üzünə çıxdı və bir sıra məsələlərə aydınlıq gətirildi. Nəticədə məlum oldu ki, ermənilər heç də deyildiyi kimi məzlum deyillər. Bununla yanaşı, ABŞ-a köç edən və orada vətəndaşlıq alan bir sıra ermənilərin müxtəlif qanunsuz fəaliyyətlərlə məşğul olması, görünür, rəsmi Vaşinqtonu narahat edib. Çünki son illər ABŞ mətbuatında bununla bağlı zaman-zaman müxtəlif məzmunlu yazılar dərc olunub. Ermənilər qaçaqmalçılıq fəaliyyətindən tutmuş, ən pis işlərdə belə həvəslə iştirak edirlər. Hətta nüvə materiallarının qaçaqmalçılığında ermənilərin adı hallanır. O üzdən, ABŞ ermənilərin ölkəyə gəlməsində əvvəlki kimi maraqlı deyil. Bu səbəbdən viza üçün müraciət edən ermənilərin çoxuna rədd cavabı verilib. Hesab edirəm ki, Birləşmiş Ştatların ermənilərə yönəlik bu addımı dəstəklənməlidir”.
Vidadi ORDAHALLI