Seyid Camal Əzimbəyli: “Mədəniyyətlərarası dialoq, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, insanların birgə yaşayışına xidmət edir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Sərəncamda xüsusi olaraq qeyd edilib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçirilsin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilsin.
Sərəncamda o da bildirilir ki, Azərbaycan Respublikasındakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıdıb. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.
2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı Bəyannaməsi” qəbul edilib.
Bütövlükdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumunun iki ildən bir keçirilməsinin nə kimi əhəmiyyəti olacaq?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bunun əhəmiyyəti böyükdür: “Əvvəla belə bir sərəncamın verilməsini təqdir edirəm. Ona görə ki, cənab Prezidentin bununla bağlı verdiyi qərarlar Azərbaycanın dünyada nüfuzunun genişlənməsinə xidmət edir. Xüsusən də beynəlxalq tədbirlərlə, müsəlman dünyasının birlik və bərabərliyinə xidmət edən məsələlərlə bağlı verdiyi sərəncamlar mühüm əhəmiyyət kəsb edir. Verdiyi bu qərar Azərbaycanın nüfuz dairəsini getdikcə böyüyən dünyada daha da ucaldır. Bir növ, bu qərar, deyilənlərə əyani bir sübutdur. Azərbaycanın beynəlxalq arenada mənafeyi baxımından bunun əhəmiyyəti böyükdür. Məsələ ondadır ki, dəyişən reallıqlar fonunda iki ildən bir mədəniyyətlərarası dialoq və humanitar forumların keçirilməsinə çox ehtiyac var. Bir sıra mürəkkəb məsələlərin çözümü məhz bu kimi forumlar çərçivəsində mümkündür. Mədəniyyətlərarası dialoq, dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, insanların birgə yaşayışına xidmət edir. Dünyada geosiyasi mübarizənin kəskinləşdiyi bir dövrdə Azərbaycanın bu missiya ilə çıxış etməsi təqdirəlayiq haldır. Regional və beynəlxalq müstəvidə belə tədbirlərin keçirilməsi dünyada sülhün bərqərar olmasına, dövlətlər arasında əməkdaşlığın genişlənməsinə xidmət edir. Azərbaycan bir sıra beynəlxalq tədbirlərə evsahibliyi etməklə, sülhpərvər mövqedən çıxış etdiyini bir daha dünyaya bəyan etmiş oldu. O üzdən, bununla bağlı verilən qərarları, görülən işləri alqışlayıram”.
Vidadi ORDAHALLI