“Həqiqi əməkdaşlıq problemin həllinə xidmət edir, amma Dağlıq Qarabağ məsələsində bunu demək çətindir”
Dağlıq Qarabağ və terrorizmlə mübarizə ABŞ və Rusiya arasında əməkdaşlığa nümunədir. Məlum olduğu kimi, bunu Rusiya mətbuatına açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza deyib.
O bunu bir sıra arqumentlərlə əsaslandırmağa çalışıb: “Bizim Gürcüstandakı konfliktlərə fərqli baxışımız mövcuddur, amma eyni zamanda, biz Dağlıq Qarabağ və terrorizmlə mübarizədə əməkdaşlıq edirik. Hazırda iki ölkə arasında əməkdaşlıq məsələsində müəyyən dəyişikliklər mövcuddur. ABŞ Rusiyanın Trampın seçki qərargahı ilə əlaqəsi olub-olmadığını araşdırır. İndi Moskva ilə əməkdaşlıqda pozitiv məqamlara hədəf kimi baxılmır. Məncə, bunlar da keçəcək”.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları bu ölkədəki siyasi sistemi dəyişməyəcək: “Digər tərəfdən isə bu sanksiyalar Moskvanın beynəlxalq arenada davranışını dəyişə bilər. Çoxları fikirləşir ki, Rusiya Ukraynadakı davranışına görə cavab verməsə, Baltikyanı ölkələrə münasibətində daha aqressiv olacaq. Bu sanksiyalar Moskvanın cəzalandırılmasında mühüm rol oynaya bilər”.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib ki, Rusiya və ABŞ arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir etmir: “Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib”.
O da məlumdur ki, Rusiya-ABŞ münasibətləri zaman-zaman gah gərginləşib, gah da mülayimləşib. Ancaq münasibətlər ən yüksək səviyyədə olanda belə, bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə gətirib çıxarmayıb. O baxımdan Brayzanın səsləndirdiyi fikirlər nə dərəcədə doğrudur?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, səmimi əməkdaşlıq olsaydı, bu hansısa formada münaqişənin həllinə öz təsirini göstərərdi: “ABŞ-ın Minsk Qrupunda sabiq həmsədri Metyu Brayza Rusiya-ABŞ münasibətlərində Dağlıq Qarabağ münaqişəsində əməkdaşlığı göstərməsi heç də konfliktin həllinə böyük töhfə vermir. Suriya və digər münaqişə ocaqlarında ABŞ və Rusiya çox ciddi münaqişə tərəfləridir. Buna baxmayaraq, Minsk Qrupu formatında ABŞ və Rusiya Ermənistana görə müəyyən qədər ortaq məxrəc ifadə edirlər. Nəzərə alaq ki, ABŞ da erməni lobbisi var və Rusiya Ermənistanla hərbi müttəfiqdir. Ona görə də bu ölkələrin Azərbaycana qarşı siyasətində Ermənistan amili bir qədər üstün tutulur. Yoxsa, Birləşmiş Ştatlar bu məsələdə, deyildiyi kimi, əməkdaşlığa önəm verməzdi. Reallıq ondan ibarətdir ki, Qarabağ münaqişəsinə ABŞ hələlik çox ciddi şəkildə yanaşmır. Rusiyanın regionda təsir gücü ilə, Kremlin süni yaratdığı konfliktlə müəyyən qədər məsafə saxlayır. Həqiqi əməkdaşlıq problemin həllinə xidmət edir, amma Dağlıq Qarabağ məsələsində bunu demək çətindir. Hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində Rusiya və ABŞ ayrı-ayrı həll planlarına malikdirlər. Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıda verdiyi bəyanatda ABŞ-Rusiya əlaqələrində Qarabağ münaqişəsinin nizamlanması üzrə əməkdaşlığı qeyd etməsi bəzi məqamlara işarədir. Görünür, ABŞ müəyyən qədər Rusiyanın burada həll formulu ilə razılaşıb. Nəzərə alaq ki, Moskvada Minsk Qrupunun həmsədrlərinin görüşü oldu. Məhz həmin səfər çərçivəsində Rusiya öz həll planını ABŞ və Fransanın diqqətinə çatdırıb. Ancaq bu variantı belə, birmənalı demək çətindir. Bir məsələni də nəzərdən qaçırmaq olmaz ki, həmsədrlər münaqişənin yenidən alovlanmasında maraqlı deyillər. Bu məsələdə daha çox həmrəydilər, nəinki digər məsələlərdə”.
Vidadi ORDAHALLI