Vəfa Heydərli: “Ermənistanın siyasi elitası tam mənada Rusiyadan asılıdır”
Ermənistanın Avrasiya Birliyindən çıxmasını nəzərdə tutan qanun layihəsi parlamentdən keçməyib. Belə ki, “Yelk” (“Çıxış”) fraksiyasının parlamentə təqdim etdiyi layihə dəstəklənməyib. Erməni mediası xəbər verir ki, parlamentdə təmsil olunan Daşnaksütyun, Respublika partiyaları və “Tsarukyan” bloku qanun layihəsinin əleyhinə səs verib.
Qeyd edək ki, “Yelk” bloku ölkənin Avrasiya Birliyindən çıxması ilə əlaqədar müvəqqəti komissiyanın yaradılmasını təklif edirdi. Ermənistanda son aylar Qərbə inteqrasiya tərəfdarları kimi çıxış edən bəzi qüvvələr Avrasiya İqtisadi Birliyindən çıxmaq, bununla da Rusiyanın təsir dairəsindən uzaqlaşmaqla bağlı təşəbbüs qaldırıblar. Bəzi ekspertlər hesab edir ki, əslində, bu təşəbbüsün arxasında Rusiya ilə Qərb arasında manevrlər edən, həmçinin, Rusiyadan 2018-ci ildə hakimiyyətini uzatmaq üçün dəstək almağa çalışan Serj Sarkisyanın özü dayanır. Ermənistanda qızışan bu diskussiyaları nə dərəcədə səmimi saymaq olar?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Ermənistan tərəfindən səsləndirilən bəyanatlar ilk baxışda belə bir təəssürat yarada bilər ki, Ermənistan bölgədə Rusiyanın forpost dövləti deyil: “Əslində isə belə deyil. Ermənistanın indiki siyasi hakim elitası məhz Rusiyanın xeyir-duası ilə və siyasi dəstəyi şəraitində hakimiyyətə gəlib. Ermənistandakı hakim siyasi elita, əslində, erməni seçicilərinin böyük əksəriyyətinin rəğbətini qazanmayıb. Bu siyasi elita Qarabağ dalğası üzərində hakimiyyətə gəlmiş ermənilərdir. Onlar keçmiş qarabağlılardır. İndiki hakim elitaya Ermənistan seçicilərinin münasibəti birmənalı deyil. Bununla belə, bu siyasi hakimiyyət yayımladığı bəyanatlarla ilk baxışda beynəlxalq aləmə belə bir mövqe aşılamağa çalışır ki, guya Ermənistanın kifayət qədər səlis, düşünülmüş, məqsədyönlü şəkildə həyata keçirilən siyasəti var. Eyni zamanda bu kimi bəyanatlar Qərbin müəyyən dairələrində bu və ya digər formada maraq doğurmaq üçün həyata keçirilən siyasətin reallıqlarından da irəli gələ bilər.
Baxmayaraq ki, Ermənistanın siyasi elitası tam mənada Rusiyadan asılıdır, Ermənistanın siyasi elitası zaman-zaman Rusiya və Qərb arasında manevr etməyə çalışır. Ermənistanın iqtisadiyyatı, kənd təsərüfatı, bütövlükdə erməni dövləti rəsmi Moskvadan asılıdır.
Qərbin müəyyən dairələrindən, erməni lobbisindən lazım olan maddi dəstəyi almaq üçün ilk baxışda formal müstəqilliyin mövcud olması ilə bağlı siyasətin həyata keçirilməsi indiki hakimiyyətin korporativ maraqlarına cavab verir. Digər tərəfdən, Qərb, nəyin bahasına olursa-olsun, Ermənistanı zaman-zaman Rusiyanın təsir dairəsindən çıxararaq, yönləndirilmiş siyasətin tərəfdarı olub. Xatırladaq ki, zamanında Qərbin təzyiqi ilə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin bərpasını, sərhədlərin açılmasını nəzərdə tutan sülh protokolu da buna görə gündəmə gəlmişdi. Ermənistan iqtidarının ilk baxışda müstəqil siyasət yeritməklə bağlı ortalığa qoyduğu onun daha çox korporativ maraqlarından irəli gəlir. Lazım olanda manevr etmək, Qərbin bu və ya digər siyasi dairələri ilə münasibətlərində Rusiya iqtidarından özünü qorumaq və sığortalamaq üçün müəyyən dəstək almaq.
Görünən kəndə bələdçi lazım olmadığı kimi, Ermənistanın indiki iqtidarının da Rusiyanın dəstəyi şəraitində hakimiyyətdə qalması gün kimi aydındır. Bu iqtidar başa düşür ki, Ermənistanın əvvəlki iqtidarı beynəlxalq birliyin dəstəyi şəraitində Azərbaycanla danışıqlara gedib problemin çözülməsi üçün addımlar atan kimi Ermənistan parlamenti gülləbaran edildi. Ermənistandakı siyasi elita devrildi. Bu isə Rusiyanın dəstəyi altında olan bütün siyasi qüvvələr üçün bir ismarıcdır”.
Məhəmmədəli QƏRİBLİ