Yeganə Hacıyeva: “Bu informasiyaların fonunda latviyalı nazirin bizi Avropadan uzaq saxlamağa yönələn açıqlaması anlaşılan deyil”
Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olmaq istəmir və biz bu qərara hörmətlə yanaşırıq. Bunu Latviya XİN rəhbəri Edqars Rinkeviçs “European Western Balkans” nəşrinə müsahibəsində “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin Avrointeqrasiyası barədə danışarkən bildirib.
“Məsələn, üç ölkə - Ukrayna, Moldova və Gürcüstan var ki, Aİ-nin üzvü olmaq istəyir. Lakin digər ölkələr – Belarus, Ermənistan və Azərbaycan Aİ-nin üzvü olmaq istəmirlər. Biz bu qərarlara hörmət edirik. Biz, həmçinin, inanırıq ki, hamı xalqların və hökumətlərin qərarlarına hörmət etməlidir. Bu halda Serbiya yalnız Aİ-yə üzv olmaq, NATO-ya üzv olmamaq məsələsində sərbəstdir”, - deyə Rinkeviçs vurğulayıb.
Latviyalı nazirin bu açıqlaması Azərbaycanın Avropaya doğru seçdiyi inteqrasiya yolu ilə heç cür uyğunluq təşkil etmir. Xatırladaq ki, bu ilin iyul ayında İlham Əliyevin Latviyaya səfəri reallaşıb. Həmin səfər çərçivəsində keçirilən görüşlərdə İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərdən bəhs edib. Həmin səfərlə bağlı yayılan xəbərdən bir sitat: “Prezident İlham Əliyev Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Ölkələrimizin iqtisadi əlaqələrinin genişlənməsi üçün də yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, mədəniyyət, humanitar və turizm sahələrində də əməkdaşlıq üçün böyük imkanlar var. Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar və beynəlxalq nəqliyyat layihələri barədə danışıb. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla Latviyanın uğurla əməkdaşlıq etdiklərini deyən Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunub, bu əlaqələrin dinamik inkişaf etdiyini bildirib, Avropa İttifaqının Azərbaycanın enerji, qaz, nəqliyyat sahələrində irəli sürdüyü layihələri dəstəklədiyini vurğulayıb”.
Belə olan təqdirdə Latviyanın xarici işlər nazirinin verdiyi açıqlama reallığı əks etdirə bilərmi?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan-Avropa münasibətləri müstəqilliyimizin ilk illərindən günümuzə qədər inkşaf edir: “Azərbaycan xarici siyasətinin başlıca prioriteti kimi Qərbə və Avropaya inteqrasiyanı seçib, 2001-ci ildən Avropa Şurasının üzv olub, bu illər ərzində Avropa Birliyi ilə müştərək komissiyalarda, ölkəmizdə və regionda müxtəlif sahələrdə, siyasi, demokratiya, enerji, təhlükəsizlik, mədəniyyətlərarası dialoq sahələrində əməkdaşlıq etmişik.
ATƏT-lə siyasi və demokratikləşdirmə sahəsində, bu qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə daxili və beynəlxalq seçkilərin monitorinq qrupu çərçivəsində daxili və beynəlxalq seçkilərdə əməkdaşlığımız uzun illər mövcuddur, milli qanunvericilik və prosedurlarda Avropa standartlarına uyğunlaşdırma istiqamətində böyük işlər görmüşük. Ölkəmiz Avropa Birliyil ilə müxtəlif proqramlarda çoxşaxəli qarşılıqlı əlaqələr yaradıb. Qlobal formada bir çox ölkə və regionu əhatə edən ikili və çoxtərəfli anlaşmalar imzalanıb. Avropanın enerji təhlükəsizliyində rol almış və təşəbbüskar bir ölkə kimi, enerji sahəsində güvənli, dərin və inkşaf edən əməkdaşlığımız mövcuddur.
Azərbaycan Avropa Birliyi ilə xüsusilə dünyada idxalat və ixracat həcminin 20%-ni həyata keçirən bir böyük iqtisadi zona kimi qarşılıqlı faydalılıq əsasında əməkdaşlıqda maraqlıdır.
Qeyd etmək istədiyim əsas məqam Azərbaycanın beynəlxalq münasibətlərdə hər bir dövlət və təşkilatla mövcud və gələcək əməkdaşlıqlarının nüvəsində ölkənin ərazi bütövlüyünün və onun bərpasındakı təşəbbüslərinin dəstəklənməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyinin gözlənməsi və ədalətli sülhün yaradılmasında məqsədyönlü fəaliyyəti durur. Bunu biz milli maraqlar da adlandıra bilərik. Əlbəttə, demokratiya və insan haqları, siyasi və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq da ölkəmiz üçün önəmlidir. Ancaq ən önəmlisi əməkdaşlığın qeyd etdiyimiz milli maraqlara faydalılığı faktorudur. Təsəvvür edin ki, Avropa Birliyi Azərbaycanla münasibətlərinin 20-ci ildönümündə, Avropa Şurasına üzvlüyümüzün 17-ci ilində ərazi bütövlüyünün tanınması, dəstəklənməsi və qorunması bəndi hələ indi strateji tərəfdaşlıq sazişində öz əksini tapır.
Avropa Birliyinin bundan öncəki ölkəmizə təklif olunan digər proqramlarında sırf bu strateji bəndlə bağlı açıq suallar mövcud idi.
Digər tərəfdən, Avropa Birliyi ilə üzvlükdə başqa risklər də mövcuddur. Bura ortaq pul siyasətini, milli qanunlara və prosedurlara müdaxilə siyasətini, beynəlxalq münasibətlərdə və təşkilatlarda üzv ölkələrə diktə siyasətini aid edə bilərik.
Digər tərəfdən isə, Azərbaycanla Avropa İttifaqı arasında Strateji Əməkdaşlıq Sazişinin imzalanması istiqamətində gedən işləri də qənaətbəxş hesab edə bilərik. Bu informasiyaların fonunda latviyalı nazirin bizi Avropadan uzaq saxlamağa yönələn açıqlaması anlaşılan deyil”.
Məhəmmədəli QƏRİBLİ