Mehman Muradlı: “Azərbaycan dövləti öz humanistliyinə əsaslanaraq onu əfv etdi”
Prezident Əliyevin əfv fərmanı ilə həbsdən azad edilərək ölkəsinə təhvil verilən Lapşinin öz günahlarını görməyərək baş verənlərdə ətrafdakı hər kəsi suçlamaq taktikası hələ də davam edir. Bu dəfə isə o özünün də vətəndaşı olduğu İsrail dövlətini hədəf seçib. Blogerin bu mövzuda açıqlaması yerli “puerrtto.livejournal.com” saytında yer alıb.
Sözügedən məqaləsində Aleksandr Lapşin ölkəsinin onun azadlığı istiqamətində heç bir addım atmamasına diqqət çəkərək bunun səbəblərini araşdırır və 3 versiya üzərində dayanır. Bildirir ki, birinci səbəb İsraillə Azərbaycan arasında silah ticarəti üzrə 5 milyard dollarlıq sazişin imzalanmasıdır ki, bununla Azərbaycan İsrailin əsas silah alıcısına çevrilib. İkinci səbəbi neftin ucuzlaşması üzündən Azərbaycanın guya həmin məbləği tam ödəmədiyində görən bloger, üçüncü səbəb kimi ölkəsinin onu ekstradisiya edəcəyi təqdirdə çətin vəziyyətdə qalacağı ilə izah edir. Yazır ki, İsrail qanunları ilə mühakimə olunardısa, bəraət alacağına əmindi və bu da İsraildə geniş rezonans doğurmaqla Azərbaycanla münasibətlərin soyumasına gətirərdi.
“Yox, İsrail dövlət olaraq mənə heç bir yardım etmədi. Bütün mümkün olanları ayrı-ayrı şəxslər etdi – Knessetin deputatları, ictimai xadimlər, jurnalistlər... Onlara təşəkkür edirəm. İsrail dövləti isə məni silah müqaviləsinə satdı”- deyə Lapşin sonda yazır.
Yəqin ki, ona son cavabı da ölkəsi verməlidir, etdiyi günahlara baxmayaraq, onu əfv edib ölkəsinə qaytaran Azərbaycan deyil.
Lapşinin son açıqlamalarından o, psixi durumu yerində olmayan insan xarakteri bağışlayır. Çünki bir-birilə uzlaşmayan və normal insana xas olmayan tərzdə verilən ziddiyyətli açıqlamalar bunu deməyə tam əsas verir. Belə çıxır ki, əlləri hər yerdən üzülən ermənilər indi də hansısa psixi xəstəyə bel bağlayır?
Hüquqşünas Mehman Muradlı da qəzetimizə açıqlamasında bilrdi ki, belə qənaətə gəlmək üçün kifayət qədər əsaslar mövcuddur: “Lapşinin son davranışlarına fikir verdikdə bu əminlik daha da artır. Bu adam heç bir media orqanını təmsil etmir. Yəni jurnalist deyil ki, onun qaynar nöqtələrə olan həvəsini anlayaq. Yalnız “Facebook”da bir profili var, bir dənə də fotoaparatı. Psixi durumu normal olan adam gedib ekzotik yerləri çəkər. Bu isə özünü problemə salan qaynar nöqtəyə maraq göstərib. Həbs ediləndən sonra göründü ki, həqiqətən də bu adamın normal sağlıq durumu yoxdur. Onun barəsində verilən rəsmi açıqlamalardan da göründü ki, Lapşin hətta həbsxanada intihara da cəhd edib. Normal insan bu cəhdi etməz, oturub cəzasının bitməsini gözləyərdi. Azərbaycan dövləti öz humanistliyinə əsaslanaraq onu əfv etdi. Həmin vaxt Lapşin dedi ki, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğuna tam əmin olub. Bir neçə gün keçəndən sonra isə gedib İsraildən Azərbaycanı tənqid etdi, yenə də dedi ki, Dağlıq Qarabağ ermənilərindir. Ən sonda da öz dövlətini tənqid edir ki, onu satıblar. Əslində, İsrail ona qarşı olduqca humanist yanaşıb. Çünki dəfələrlə onunla maraqlandığını görmüşük. Hazırda da Lapşin İsraildə yaşayır. Baxmayaraq ki, İsraildən əlavə də iki ölkənin vətəndaşıdır. Onda sual olunur: İsrail pisdirsə, niyə vətəndaşlıq hüququnu daşıdığı başqa ölkələri seçmədi? Bir sözlə, Lapşinin bütün davranışlarından görünür ki, onun psixikasında problem var. Görün, ermənilər hansı kateqoriyalı adamların əlində aciz qalıb...”.
Məhəmmədəli QƏRİBLİ