Vüqar Qədirov: “Belə davranışa səbəb olan faktorlar müxtəlifdir”
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini saxtakarlıqda ittiham edib. O.Əsədov Milli Məclisin iclasında bildirib ki, belə bir adamın bu vəzifəyə təyin edilməsi düzgün deyil: “O bu yaxınlarda Azərbaycanda səfərdə oldu.
Bildirdi ki, regiona səfəri çərçivəsində ancaq parlamentdə və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək. Burdan sonra Ermənistana səfər etdi, orada Ermənistan rəhbərliyi ilə və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçirdi. Bu onun nə qədər saxtakar olduğunu, ikili standartlara xidmət etdiyini göstərir. Belə bir adamın tələsik belə vəzifəyə təyin edilməsinin özü də yanlışdır”.
Spiker Azərbaycan Prezidentinin BMT tribunasından Qərb təşkilatlarının ikili standartlara yol verməsini bəyan etdiyini də xatırladıb.
Doğrudan da Vigeninin Bakıda verdiyi açıqlamalarla Ermənistana etdiyi səfər çərçivəsində göstərdiyi davranış və səsləndirdiyi bəyanatlar kökündən bir-birinə ziddir. Vigeninin özünü rüsvay edən davranışları nəyin əlaməti sayıla bilər: həmin vəzifə üçün uyğunsuzluğun, yoxsa ermənilərin rüşvət təkliflərinə boyun əyməsinin?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Azərbaycan belə halla ilk dəfə deyil rastlaşır:
“Bu bir daha onu göstərir ki, Avropadakı siyasətçilərin heç də hamısı ciddi deyil. Dəfələrlə həmin rəsmilərin Bakıda bir, Ermənistanda isə başqa söz dediyinin şahidi olmuşuq. Çox vaxt isə həmin siyasətçilərdən bunun hesabatı tələb olunanda günahı jurnalistlərin üzərinə atıb və deyib ki, fikirləri təhrif edilib. Vigeninin ikiüzlü olması isə yalnız onun səsləndirdiyi bəyantla deyil, həm də davranışı ilə ölçülür. Həmin adam gedib dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan separatçıların nümayəndələrilə görüşüb. Bunu ki, təkzib etmək mümkün deyil. Belə davranışa səbəb olan faktorlar müxtəlifdir. Birincisi, həmin adamın siyasi səbatsızlığıdır. Ancaq erməni lobbisinin təsiri altında fəaliyyət göstərmək isə daha inandırıcıdır. Bunu da müəyyən şirnikləşdirici təkliflərin müqabilində edirlər. Belə faktlar kifayət qədərdir. Hətta Azərbaycan mətbuatında Avropanın mühüm qurumlarında təmsil olunan rəsmilərin erməni şəbəkəsinə işləməsi barədə dəqiq araşdırmalar da təqdim edilib. Bütün bunlar sübut edir ki, Vigenin də həmin şəbəkədə yer ala bilər. Yalnız deyilən məsləyə qulluq edən siyasətçi belə davranış ortaya qoya bilər”.
Məhəmmədəli QƏRİBLİ