Məlum həqiqətdir ki, Dağlıq Qarabağ münaqişəsinin hərb müstəvisində həlli bu gün Cənubi Qafqazda həyati maraqlara malik dövlətlərin mövqeyi ilə ziddiyyət təşkil edir. Ən azından ona görə ki, mümkün müharibə bölgədə mövcud geosiyasi, geoiqtisadi mənzərəni əhəmiyyətli dərəcədə dəyişə bilər. Digər tərəfdən, həmin güclərə yaxşı məlumdur ki, Azərbaycan Ermənistanın danışıqlar prosesində imitasiya edərək mövqeyini sonadək qoruyub saxlaması, işğal siyasətini davam etdirməsi ilə barışmayacaq. Bu mənada böyük güclər özləri də Ermənistana qarşı real addımlar atılması, onun sülh prosesinə təhrik edilməsinin zəruriliyini yaxşı başa düşür. Əks hal isə qanlı savaş deməkdir.
Azərbaycan da bu gün humanitar bir mövqe nümayiş etdirərək məsələnin sülh yolu ilə çözümündə maraqlı olduğunu bəyan edir. Amma Ermənistan hələ də sülh prosesini əngəlləyən başlıca tərəf olaraq qalır. Məsələnin bu tərəfinə nəzər salan Moskva Karnegi Mərkəzinin ekspertləri də bildirir ki, yaranmış vəziyyət təhlükəlidir və ABŞ, Rusiya kimi böyük güclər Qarabağ məsələsinə görə də ziddiyyət yaşamaq istəmirsə, real hərəkətə keçməlidir. Ekspertlər Qarabağ münaqişəsinin Qərblə Rusiya arasında geosiyasi qarşıdurma predmeti olmaması kimi bir mühüm özəlliyi olduğunu da xüsusi olaraq diqqətə çatdırır: “ABŞ və Avropa tərəflər arasında Minsk Qrupu çərçivəsində üç həmsədrin iştirakı ilə danışıqlarla yanaşı, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli danışıqlar formatını da dəstəkləyir. ABŞ və Avropa İttifaqı Rusiyanın bu münaqişə yolu ilə keçmiş sovet məkanında sərhədləri dəyişməyə çalışdığını düşünmür. Habelə hər iki tərəf Rusiyanın vasitəçiliyində maraqlıdır. Bu, amerikalı və avropalı diplomatlar tərəfindən hətta açıq etiraf olunur. Hazırda danışıqların əsasını baza prinsipləri təşkil edir. Moskva və Qərb baza prinsiplərində birgə hərəkət etməyə hazırdır. Və bu, unikal imkandır. Rusiya və Qərbin Qarabağ məsələsində bu cür əməkdaşlıq etməsi münaqişədə risqləri azaldır. Belə vəziyyətdə tərəflərdən hansısa biri “düşünülməmiş addımlar” atsa, həm Moskva, həm Vaşinqtonla düşmən ola bilər ki, bu da təhlükəlidir. Bununla belə, münaqişənin mümkün eskalasiyası Rusiya üçün də, Qərb üçün də çoxlu risq daşıyır. Münaqişə alovlansa, istisna deyil ki, döyüşlər təkcə Qarabağla məhdulaşmayacaq və hərbi əməliyyatlar Ermənistan ərazisinə də keçəcək. Moskva üçün isə bu xeyli xoşagəlməz suallar yaradacaq - Bakı ilə münasibətlərdən tutmuş Avrasiya inteqrasiya layihələrinə qədər. Qərb üçün isə hərbi əməliyyatlar Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına aparılacağı üçün təhlükəlidir. O cümlədən İran və Türkiyənin də müdaxilə perspektivləri aydın deyil”. Moskva təhlilçiləri belə qənaətə gəlirlər ki, Qarabağ münaqişəsi Rusiya və Qərb üçün mövcud ziddiyyətlər şəraitində ciddi əməkdaşlıq stimulları yaradır. Məsələ bu stimulları real işlə tamamlamaqdır. Məhz belə vəziyyət tərəflərin düşmənçiliyə son qoyması və qarşılıqlı anlaşma şəraitində öz problemlərini çözməsinə də ciddi şəkildə yardımçı ola bilər. Amma bunun üçün Qərb və Rusiyanın mümkün qədər tez hərəkətə keçməsi, Ermənistanı real sülhə vadar etməsi lazımdır. Əks halda istənilən an alovlana biləcək müharibə, yuxarıda qeyd olunduğu kimi, tamam fərqli bir geosiyasi mənzərə formalaşdıra bilər. Bu məqam tərəflərin özlərinə də yaxşı məlum olduğundan, onların sonrakı addımlarının nədən ibarət olacağı xüsusi maraq doğurur. Hadisələrin daha dəqiq inkişaf axarı Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupundakı yeni həmsədri Endryu Şeferin bu həftə İrəvan və Bakıya səfərindən sonra daha dəqiq bəlli olacaq. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bölgədə olduğu zaman E.Şefer Minsk Qrupunun digər həmsədrləri ilə yüksək səviyyəli görüşlərdə iştirak edəcək. Səfirliyin məlumatında qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyən və ATƏT-in Minsk Qrupunun həmsədri olan Birləşmiş Ştatlar tərəflərlə fəal şəkildə işləyəcək. O da bildirilir ki, münaqişə ədalətli şəkildə - Helsinki Yekun Aktı və güc tətbiqinin istifadə olunmaması, ərazi bütövlüyü və bərabər şəkildə öz müqəddəratını təyinetmə prinsiplərinin daxil olduğu beynəlxalq qanun əsasında həll olunmalıdır. İndi konfliktin ərazi bütövlüyü çərçivəsində həllini tapmaması hərbi əməliyyatları tətikləyə bilər. Bunun qarşısını almaq üçün həmsədrlərin regiona son səfəri fonunda artıq Ermənistana real təzyiqlər mexanizminin işə salınması olduqca mühümdür. Çünki yalnız bu halda danışıqlarda real irəliləyiş əldə etmək mümkün ola bilər. Özü də nəzərə almaq lazımdır ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçiriləcək. Rusiyanın “Rosbalt” agentliyi bildirir ki, yaxın günlərdə Minsk Qrupunun həmsədrləri regiondakı vəziyyətlə bilavasitə tanış olacaqlar. “Gözlənir ki, bundan sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Belə mümkün görüş BMT-nin baş katibi Antonio Quterreş tərəfindən müsbət hal kimi qiymətləndirilib”. Agentlik yazır ki, tərəflər müharibədən qaçmaq üçün bu danışıqlara gedə bilər: “Çünki müharibə başlayarsa, bu, regionda iqtisadiyyatın, habelə nəqliyyat və neft-qaz layihələri də daxil olmaqla infrastrukturun məhv olması deməkdir. Həmçinin, üçüncü hərbi-siyasi güclərin Xəzər dənizinə genişmiqyaslı müdaxiləsi də mümkündür. Ehtimal ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ərazilərin Bakıya qaytarılmasının müzakirə edildiyini təsadüfən bildirmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev isə bildirdi ki, nazir Elmar Məmmədyarov münaqişənin nizama salınması üzrə “predmet danışıqların” davamı üçün həmsədrlərin bir neçə “maraqlı təklifini” dəstəklədi. Lakin bu təkliflərin nədən ibarət olduğu açıqlanmır”. O da bildirilir ki, Rusiya “Lavrov planı” adlanan variant üzərində israr edir. Agentlik masada hansı sənədin olduğunu tərəflərin yaxşı bildiyinə diqqət çəkir: “Ümumilikdə tərəflər sülh nizamlanması prosesinin başlanmasına tələsir, çünki region və dünya sürətlə dəyişir, qlobal oyunçuların neqativ təsirləri hiss olunur. Misal üçün, Ermənistan-Rusiya münasibətlərində çatlar aydın görünür. İrəvan Avropa İttifaqı ilə yaxınlaşır və noyabrda Ermənistan ittifaqla hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqda saziş imzalamalıdır. Bu, qalmaqallı məsələ olaraq qalır”. Agentlik ekspertləri hesab edir ki, Rusiyanın Sarkisyanı razılaşmaq üçün sıxacağı istisna olunmur: “Moskva Qarabağda silahların qınından çıxmasını istəmir. Lakin Sarkisyan da daxili vəziyyətə görə rusların tələblərini həyata keçirməyə qorxur. Əgər danışıqları uzadırsa, ruslarla üzləşir, əks təqdirdə isə ölkə daxilində siyasi etirazlar başlaya bilər. 2018-ci ildə Serj Sarkisyanın prezidentlik müddəti başa çatır. Sarkisyan ölkənin birinci şəxsi olmayacaqsa, ehtimal ki, o, münaqişənin “Lavrov planı” üzrə həllinə razı olacaq”.
Agentliyin analitikləri hesab edir ki, mövcud durumda rəsmi Bakı Əliyev-Sarkisyan görüşünün keçirilməsində maraqlıdır. Amma o şərtlə ki, məsələnin sülh yolu ilə həlli üçün əməli addımlar atılsın. Agentlik bu fonda vurğulayır ki, Moskva regionda vasitəçi statusu və mövqeyindən istifadə etmək üçün irəli sürülən "Lavrov planı"nın həyata keçməsinə çalışır. “112 Ukrayna” saytı isə yazır ki, elə ABŞ da yenidən Cənubi Qafqazda aktivləşir: “ABŞ Senatı sentyabrın sonunda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yeni köməkçisini təyin etdi. Əvvəllər bu vəzifəni icra edən Viktoriya Nulandı Ues Mitçel əvəz etdi. Mitçelin Cənubi Qafqazla bağlı xüsusi missiyası olacaq. Tillersonun yeni köməkçisi burada Amerikanın təsir zonasını artırmağa çalışacaq. Bunun üçün Azərbaycana mümkündür ki, Dağlıq Qarabağ məsələsində xüsusi təkliflər edilsin”. İndi hesab edilir ki, ABŞ və Rusiyanın Qarabağ münaqişəsi üzrə fəaliyyəti koordinasiyalı şəkildə həyata keçsə, konfliktin çözümü üçün müəyyən irəliləyişlər əldə etmək olar. Elə Moskva Karnegi Mərkəzinin ekspertləri də bildirir ki, real istək olduğu halda münaqişəni həll etmək mümkündür: “Bu münaqişə postsovet respublikalarındakı digər münaqişələrdən fərqlənir. Məsələn, Qarabağ münaqişəsi zonasında heç vaxt sülhməramlılar olmayıb. Atəşkəs Bakı ilə İrəvan arasında balansa əsaslanır, ancaq münaqişənin dondurulması haqda danışmaq olmaz. Ötən ilin aprelində “dördgünlük müharibə” münaqişənin dayandırılmasından bəri ən irimiqyaslı eskalasiya oldu. Ümumiyyətlə, vaxtaşırı olaraq münaqişənin eskalasiyası baş verir. Danışıqlar isə imitasiya xarakterlidir, mahiyyət üzrə getmir. İş praktiki kompromislərin, güzəştlərin və ya mübadilənin müzakirəsinə qədər gedib çıxmır. Bu, dalan vəziyyətidir və ilk baxışdan oradan çıxış yolu görünmür. Amma həmsədr ölkələrin təzyiq imkanlarından yarralanıb nəticəyə nail olması da mümkündür”.
İndiki vəziyyətdə təzyiq imkanlarından yalnız işğalçı Ermənistana qarşı istfiadə edilməsi baş verə bilər. İlk növbədə ona görə ki, məhz Ermənistan münaqişənin çözümü istiqamətində real addımlar atmır. Amma təzyiq mexanizmlərinin işə salınması vəziyyəti tam dəyişə bilər. Hər halda görünən odur ki, Moskva və Vaşinqton Qarabağ məsələsində daha fəal siyasət yürütməyə meyl edir. Sadəcə, bu siyasətin Ermənistana təzyiq tərəfləri işə salınsa, ortada real nəticələr də olacaq. Həmin real nəticələr ABŞ və Rusiyanın özü üçün də vacib sayılır. Ən azından ona görə ki, bu hal tərəflərin hansısa məsələ üzərində razılığa gələ bilmək bacarıqlarını da ortaya qoymuş olacaq. Bu isə tərəflər arasında indilikdə qabarmaqda olan ziddiyyətlərin tədricən azaldılmasının yaxşı bir başlanğıcı da ola bilər. Ən əsası isə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Cənubi Qafqazda sülhün möhkəmlənməsi istiqamətində vacib bir addım atılmış olar. Regionda sülh isə bu gün ABŞ-la Rusiyanın da maraqlarına tam cavab verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.