Azər Həsrət: “Elə olmasaydı, Yaqland bu qədər qərəzlə bizim medianın üzərinə gəlməzdi”
Qərb və erməni KİV-ində başlayan və davam edən anti-Azərbaycan kampaniyası fonunda Avropa Şurasının baş katibi T.Yaqland öz “Facebook” səhifəsində Avropa Şurasına və şəxsən özünə olan “hücumlardan” şikayətlənib. Yaqland bildirir ki, son günlər Azərbaycanda ona hücumlarla Avropa Şurasına qarşı kütləvi və yaxşı təşkil olunmuş kampaniya başlanıb. Narazı baş katib iddia edir ki, Avropa Şurasının tarixində heç vaxt üzv dövlət tərəfindən seçilmiş baş katibə qarşı belə hücumlar olmayıb.
Daha sonra Yaqland öz müraciətində Azərbaycan jurnalistini faktiki olaraq təhqirlərə məruz qoyur. Amma Yaqland bununla da kifayətlənmir və Azərbaycan rəhbərliyinin ünvanına açıq təhqirlərə keçir. Bəli, Avropa Şurasının baş katibi öz anti-Azərbaycan mövqeyini gizlətmir və bildirir ki, artıq iki ildir Azərbaycandakı vəziyyətlə bağlı öz araşdırmasını aparır. Yaqland Avropa Məhkəməsinin Fransa, İtaliya və digər ölkələr tərəfindən icra olunmayan minlərlə qətnaməsini unudur. Amma həmişə Azərbaycanı xatırlayır. Diqqətəlayiq həvəsdir, amma onun arxasında nəyin durduğunu araşdırmaq pis olmazdı...
Yaqlandın Azərbaycan mediasının üzərinə bu şəkildə hücuma keçməsini necə dəyərləndirmək olar?
Xatırladaq ki, bu günlərdə Yaqlandın Rusiyanın sifarişi ilə AŞ PA-da anti-Azərbaycan fəaliyyəti göstərdiyinə dair çox ciddi media təhlilləri ortaya çıxmışdı.
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin siyasətçı özünün tutduğu posta yaraşmayan açıqlama verib: “Yaqland konkret ad çəkərək Azərbaycan mediasını ünvan göstərməklə, əslində, bir Avropa siyasət adamına yaraşmayan davranış nümayiş etdirib. Əlbəttə, hansısa jurnalistin yazısına rəy bildirmək olar. Amma onun yazdıqları rəydən çox ümumiyyətlə Azərbaycan mediasını hədəf kimi göstərməyə hesablanıb. Konkret ad çəkməsi isə artıq dözümsüzlüyün zirvəsi sayıla bilər. Azərbaycan mediası plüralistdir, fərqli yönləri var və ölkədə mediada rəngarənglik əsl Avropa dəyəridir. Təəccüblüdür ki, belə bir durum Avropa siyasətinin ən öndə gedən isimlərindən birini bu qədər rahatsız edir. Görünür, Avropanın qürubu haqqında deyilənlər özünü doğruldur. Elə olmasaydı, Yaqland bu qədər qərəzlə bizim medianın üzərinə gəlməzdi. Bu baxımdan da narahatlıq üçün əsas görmürəm. Demək ki, doğru tənqidlərimiz ünvanına yetişib”.
Məhəmmədəli QƏRİBLİ