Qabil Hüseynli: “Onlar Azərbaycanda keçirilən tədbirləri, edilən rəsmi səfərləri və başqa hadisələri hər zaman öz xeyirləri üçün interpretasiya edirlər”
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edib. RF Təhlükəsizlik Şurasının katibi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə dini ekstremizm və terrorçuluqla mübarizə mövzularında müzakirələr aparıb. RF TŞ mətbuat xidmətindən bildirildiyinə görə, Patruşev və Mehdiyev Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıblar.
“Regional təhlükəsizlik, dini ekstremizm və terrorçuluqla mübarizədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin, beynəlxalq informasiya təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq mövzusu müzakirə olunub”, - məlumatda bildirilir. Məsləhətləşmələrə yekun vuraraq Patruşev qeyd edib ki, Rusiya ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli gündəlik məsələlər üzrə strateji tərəfdaşlığın inkişaf etmiş xarakteri ilə seçilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibələrin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib, iqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb. Təhlükəsizlik sahəsində Azərbaycanla Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Təhlükəsizlik Şurasının katibi N.Patruşevin ölkəmizə səfəri səmərəli nəticələr verəcək və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcək.
Çox maraqlıdır ki, Ermənistan mətbuatı Patruşevin Bakı səfərini narahatlıqla təhlil edib və ona cürbəcür şərhlər verib. Ermənistanın bu səfərdən narahat olması üçün hansı əsaslar ola bilər?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, əslində, Patruşevin son Bakı səfərində Ermənistanın narahatlığına səbəb olan nəsə yoxdur: “Patruşevin budəfəki səfəri terrorçuluqla mübarizə sahəsini əhatə edib. Çünki son vaxtlar Rusiyada bu dalğa artmağa başlayıb. Onlar xüsusilə də İŞİD terror təşkilatı üzvlərinin sərhədlərdən keçib Rusiyaya istiqamət götürməsindən narahatdır. Hazırda Yaxın Şərqdən sıxışdırılan İŞİD özünə yeni sığınacaqlar axtarır. Bu səbəbdən də Rusiya onunla sərhəd olan ölkələrdəki vəziyyətlə dərindən maraqlanır. Xüsusilə də ölkələrin sərhədlərindəki vəziyyətin təhlükəsizliyə tam zəmanət verməsində maraqlıdır. Bu baxımdan Azərbaycanın problem yoxdur. Çünki bizim sərhədlərimiz çox etibarlı qorunur. Ölkənin daxilində isə terrorçuluqla səmərəli mübarizə aparılır. Ermənilərin narahatlığı Azərbaycana bəslənən qısqanclıqla bağlıdır. Onlar Azərbaycanda keçirilən tədbirləri, edilən rəsmi səfərləri və başqa hadisələri hər zaman öz xeyirləri üçün interpretasiya edirlər. Eyni zamanda qorxurlar ki, Azərbaycanın Rusiya ilə yaxınlığı onlara problem yarada bilər”.
Məhəmmədəli QƏRİBLİ