Daşdəmir Əliyev: “Belə bir missiyanın onlara veriləcəyi real görünmür”
Ermənistan mətbuatının verdiyi məlumata görə, həmin ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlimi keçiriləcək. Ən maraqlısı isə budur ki, həmin təlim BMT eqidası altında baş tutacaq və məqsəd sülhməramlı missiyalarda KTMT-nin iştirakının əhatə olunmasıdır. Qeyd edək ki, KTMT bir neçə dəfə BMT-yə sülhməramlı missiyanı yerinə yetirməklə bağlı müraciət etsə də, qurum buna razılıq verməyib.
Belə olan təqdirdə, KTMT-nin BMT eqidası altında keçirdiyi təlimlərin mahiyyətini necə anlamaq olar?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, KTMT sülhməramlılarla bağlı tədbirləri əvvəl də keçirib: “NATO-ya qarşı 6 MDB ölkəsinin (Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan) iştirakı ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı beynəlxalq sülhməramlı missiyalarda iştirak etmək niyyətini şoxdan bildirib. KTMT rəhbərliyi iddia edir ki, qurum beynəlxalq aləmdə sülhməramlı missiyanı həyata keçirmək üçün imkanlara və gücə malikdir. Onlar deyir ki, KTMT-nin sülhməramlı gücü 3,5 min nəfərdən çoxdur. Bu da onlara BMT TŞ mandatı altında sülhün təmini və qorunması üçün yalnız qurumdaxili dövlətlərin ərazilərində deyil, həm də üçüncü ökələrdə analoji tədbirlərdə tam şəkildə iştirak etməyə imkan verir. Bu istiqamətdə onların BMT-nin müvafiq qurumları ilə birgə KTMT-nin BMT çərçivəsində keçirilən sülhməramlı missiyasında iştirak etməsi barədə danışıqlar da aparıblar. Ancaq bununla bağlı hazırda BMT ilə birgə KTMT-nin sülhməramlı tədbirlərdə iştirak etməsinin hüquqi aspektləri üzərində işin getdiyi bildirilsə də, ortada hec bir nəticə olmayıb. Yəni BMT KTMT-yə bu mandatı etibar etmir. Belə olan təqdirdə, BMT eqidası altında məlum niyyətlə təlimlərin keçirilməsi maraqlı görünür. Bunu KTMT-nin istəyi kimi qəbul edə bilərik, BMT-nin razılığı kimi yox. Belə bir missiyanın onlara veriləcəyi real görünmür”.
Məhəmmədəli QƏRİBLİ