Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin real gedişi Ermənistanın bu konflikt səbəbindən təcrid durumunun daha da dərinləşdiyini və üzləşdiyi problemlərin miqyasının genişləndiyini göstərir. Ermənistan bu konflikt səbəbindən təkcə sosial-iqtisadi yox, həm də siyasi, diplomatik cəhətdən izolyasiya edilmiş bir duruma düşməkdədir. Münaqişə ilə bağlı qəbul edilən bütün beynəlxalq hüquqi sənədlərdə Ermənistan təcavüzkar dövlət olaraq təsbit edilib. Ötən illər ərzində isə Ermənistanın problemləri yuxarıda qeyd olunduğu kimi daha da dərinləşib, ölkə çoxsaylı itkilərlə üzləşib.
Son günlərdə cərəyan edən hadisələr Ermənistanın vəziyyətinin daha da ağırlaşdığını deməyə əsas verir. Xüsusən də iki ölkənin xarici işlər nazirlərinin Nyu-York görüşündə “atəşkəsə nəzarət mexanizmi” məsələsinin gündəmə gəlməməsi, Türkiyə müdafiə naziri Nurəddin Caniklinin Azərbaycanda keçirilən “TurAz Qartalı 2017” təlimlərini izləməsi və “Qarabağ gec-tez erməni işğalından azad ediləcək” deməsi, həmçinin, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri İrəvanın siyasi dairələrinin böyük narahatlığına səbəb olub . Məsələnin bu tərəfinə nəzər salan erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistan üçün son zamanlar arzuolunmaz vəziyyət yarandığını vurğulayır. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli ittifaqı güclənir: “İstisna deyil ki, Azərbaycan yaranmış vəziyyətdən ərazilərinin azad olunması üçün istifadə edəcək. Nyu-York görüşündə Vyana çağırışının, əsas etibarı ilə də nəzarət mexanizmlərinin danışıqlardan kənarda qalması hesab etməyə imkan verir ki, ABŞ və Fransa prosesdən çəkilib, əsas oyunçu Rusiyadır. Putinin Ankarada Ərdoğanla görüşməsi də bu kontekstdə diqqət çəkir. Rusiya Türkiyə və Azərbaycanın dəstəyini aldığı üçün Ermənistan onu maraqlandırmır. Bütün bu hadisələrin fonunda cəbhədə baş verənlər Ermənistan üçün ümidsizlik vəd edir. Əksinə, bizim rəqibimiz olan Azərbaycan addım-addım Qarabağa gəlir”.
Həqiqətən də son dövrlərdə regionda Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli əməkdaşlığının daha da güclənməsi müşahidə olunur. Moskva istər Bakı, istərsə də Ankara ilə münasibətlərinin bütün sahələr üzrə gücləndirilməsinə xüsusi maraq göstərir. Azərbacanla iqtisadi müstəvidə son aylar ərzində olduqca mühüm addımlar atılıb. Hərbi sahədə əməkdaşlıq uğurlu inkişaf yolundadır və Moskva bu gün ən müasir silahlarını Azərbaycana satır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin son Bakı səfəri bu sahədə də əməkdaşlığın yüksəlməkdə olduğunu göstərir. Təhlükəsizlik sahəsində Azərbaycanla Rusiya arasında ənənəvi sıx əməkdaşlığın mövcud olduğunu bildirən rəsmi Bakı münasibətlərin daha da genişlənməsində maraqlı olduğunu bəyan edir. Əslində, bu məsələdə elə Rusiyanın özü də maraqlı tərəflərdən biri kimi çıxış edir. Nikolay Patruşev bu xüsusda bildirir: “Biz Azərbaycanla Təhlükəsizlik Şurası xəttilə əməkdaşlığımıza böyük önəm veririk və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir. Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidləri və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştiraka görə minnətdarıq. Biz bunda maraqlıyıq”. Moskvanın Bakıya bu diqqəti İrəvanda olduqca böyük narahatlıq yaradır. Burada hesab edilir ki, hadisələrin belə səpkidə inkişafı Kremlin Qarabağ məsələsində Bakıya daha çox dəstək verməsi, İrəvana təzyiqlərini artırması ilə nəticələnəcək. Əslində, Rusiyada bu istiqamətdə müəyyən çağrışlar da edilir. Məsələn, tanınmış rusiyalı politoloq Sergey Markov hesab edir ki, Moskva, ən azından, regionda yenidən tammiqyaslı müharibənin qarşısını almaq üçün Qarabağ məsələsində aktiv olmalıdır: “Danışıqlar ümumiyyətlə nəticə vermədən gedir. Bu durumda 2016-ci ilin aprel hadisələri təkrarlana bilər. Real addımlar atılmasa, güman ki, hər şey 2016-cı ildə baş verən aprel müharibəsinin ssenarisi üzrə gedəcək. Bunun qarşısını almaq, danışıqlar başlaması üçün Rusiya Ermənistanı buna təhrik etməlidir. Yalnız bu, münaqişə zonasında gərginliyin aradan qalxmasına kömək edə bilər”. Markov bir daha vurğulayıb ki, Rusiyanın təklif etdiyi “Kazan düsturu” münaqişənin nizama salınmasına kömək edə bilər: “Bu sənədə görə, Qarabağla Ermənistan arasında dəhliz saxlanır, Qarabağ ətrafındakı rayonlar qaytarılır. Bundan sonra Dağlıq Qarabağın tədricən Azərbaycanın tərkibinə reinteqrasiyası başlanmalıdır. Aydındır ki, qaçqınlar qayıdandan sonra erməni icması da Qarabağda qalacaq. Bu, münaqişənin nizama salınmasında ən optimal sülh yoludur”. Beləliklə, Kreml münaqişənin həllində artıq hansısa irəliləyiş olmasında maraqlı tərəf kimi çıxış edir. Bu isə indiki status-kvonun qorunub saxlanmasında maraqlı olan Ermənistanın istəkləri ilə tam ziddiyyət təşkil edir. Yaranmış durumda Rusiyanın Türkiyə ilə münasibətlərini genişləndirmək istiqamətində atdığı addımlar da Ermənistana daha bir zərbə sayılır. Xüsusən də bu günlərdə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında növbəti görüş düşmən ölkədə böyük səksəkə yaradıb. Bu görüşün nəticələri Moskva və Ankara arasında münasibətləri daha da dərinləşdirir, tərəfləri strateji partnyorlara çevirir. Aydındır ki, belə vəziyyət nəticə etibarı ilə Qarabağ münaqişəsinə də təsirini göstərəcək. Çünki Ankara bu fonfliktin həllində maraqlı tərəflərdən biri qismində çıxış edir. Türkiyənin baş naziri Binəli Yıldırım da növbəti dəfə Dağlıq Qarabağ məsələsində hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönmələrinin onların ən ali hüquqları olduğunu, Azərbaycanın bu istiqamətdəki fəaliyyətinə Türkiyənin beynəlxalq səviyyədə birmənalı dəstək verdiyini, mövqeyinin dəyişməz qaldığını bəyan edib. Erməni siyasi şərhçi Aykazn Qaqriyan da vurğulayır ki, Ankaranın Moskva vasitəsilə Qarabağ münaqişəsinə təsiri artacaq. O, Bakı və Ankara ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının indi Rusiya üçün daha böyük önəm kəsb etdiyini bildirib. Bu fonda həmin dövlətlərin Ermənistana təzyiqlərinin artması proqnozlaşdırılır.
Erməni mediası isə bu durumda diqqəti ona yönəldir ki, Türkiyə Azərbaycanla birgə silah istehsalına hazırlaşır və bu hal Bakının hərbi mövqelərini daha da gücləndirəcək. Xatırladaq ki, bu günlərdə Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bildirib ki, Azərbaycanla hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir: “Biz vahid qüvvə kimi hərəkət edirik. Azərbaycanın gücü Türkiyənin gücüdür və əksinə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz xaricdən silah alınmasında problemlərlə qarşılaşırıq. Odur ki, öz silahlarımızı istehsal etməyə başlamaq üçün hərbi sənayedə səylərimizi artırmalıyıq”. Bu fonda, aydındır ki, tərəflər birgə silah istehsalını genişləndirəcək və belə vəziyyət həqiqətən də Bakıya əlavə hərbi üstünlüklər qazandıracaq. Eyni zamanda Rusiya da Azərbaycana ən müasir silahların satışını həyata keçirir. Belə vəziyyətdə Azərbaycanın Ermənistan qarşısında daha böyük hərbi üstünlüyə malik olacağı heç bir şübhə doğurmur. Düzdür, indi nəyəsə nail olmaq üçün Ermənistan gələn ilin dövlət büdcəsində hərbi xərclərini 17.6 faiz artırılaraq 440.4 milyon dollardan 518 milyon dollara çatdırmağı düşünür. Amma elə erməni ekspertlər ölkənin yoxsul hərbi büdcəsində bu cür kəskin artımın relalaşa biləcəyinə böyük şübhə ilə yanaşırlar. Bildirilir ki, əslində, dövlət büdcəsini proqnoz edilən şəkildə formalaşdırmaq belə inandırıcı görünmür. Məhz elə bundan irəli gəlir ki, gələn ilin dövlət büdcəsində, hökumətin qərarına görə, dövlətin pensiya xərcləri 223 milyard dramdan 210 milyard drama qədər azaldılacaq. Digər tərəfdən, Ermənistanın maliyyə naziri Vardan Aramyan bildirir ki, ölkə büdcəsindəkı kəsiri ödəmək üçün hökumət 150 milyard dram məbləğində borc götürəcək. Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Makaryan bildirir ki, artıq 2018-ci ilin sonunda Ermənistanın xarici borcu 7 milyard dolları keçəcək. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti xarici borcları artırmaqla, vəsaitləri iqtisadi baxımdan düzgün istifadə etmir. O, bu vəziyyətdə hərbi xərcləri arıtrmağın mənasız olduğunu, eyni zamanda bunun reallaşması üçün hökumətin lazımi resurslarının olmadığını da vurğulayır. Hökumət rəsmilərinin isə hərbi büdcə ilə bağlı indiki mövqeyinin başlıca səbəbi kimi Ermənistanın Azərbaycanla hərbi balansı bərpa etməyə yönələn çarəsiz səyləri göstərilir. Amma indinin özündə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən yenə artıqdır. Azərbaycanın 2018-ci il büdcə layihəsinə dair açıqlanmış məlumatlardan bəlli olur ki, gələn il büdcənin xərclər hissəsində 4 milyard manatdan çox artım nəzərdə tutulur. Özü də bu artımın mühüm bir hissəsi yenə hərbi xərclərə gedəcək. Gözlənir ki, Azərbaycanın hərbi büdcəsində gələn il üçün nəzərdə tutulan artım Ermənistanda edilən artımdan dəfələrlə çox olacaq. Çünki Azərbaycan yeni silahların alınmasını davam etdirir və bu fonda Ermənistan üzərində hərbi üstünlüyünü daha da artırır. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Rusiyadan, Türkiyədən, Pakistandan, İsraildən və digər ölkələrdən kifayət qədər müasir silahlar alır. Həmin silahların böyük əksəriyyəti isə Ermənistan üçün əlçatmaz sayılır. Belə vəziyyətdə Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyü daha da artır. Başqa bir tərəfdən, Azərbaycan regionda böyük oyunçuların Ermənistana təzyiqlərinin artması istiqamətində də ciddi işlər görür. Xüsusən də Rusiyanın və Türkiyənin prosesə cəlb olunması Azərbaycanın ciddi uğurlarından sayılır. Ermənistanın bu gedişlə Qarabağ məsəəlsində müqavimətini davam etdirə biləcəyi isə artıq düşmən ölkənin özündə belə şübhə ilə qarşılanır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.