Fikrət Sadıqov: “Nəzərə almaq lazımdır ki, bu təhlükələr həm Azərbaycana, həm də Rusiyaya qarşı yönəlib”
Məlum olduğu kimi, ötən həftə Prezident İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Görüşdə dövlət başçısı iki ölkə arasında ikitərəfli münasibələrin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. İqtisadi-ticarət əməkdaşlığının genişləndiyini, idxal-ixrac əməliyyatlarının yaxşı inkişaf dinamikasına malik olduğunu vurğulayıb.
Təhlükəsizlik sahəsində Azərbaycanla Rusiya arasında ənənəvi sıx əmədaşlığın mövcud olduğunu deyən İlham Əliyev qeyd edib ki, dünyada və regionumuzda təhdidlərin artdığı bir dövrdə ölkələrimizin yaxın təmasda olmasının önəmi artır və Nikolay Patruşevin ölkəmizə səfəri zamanı müzakirə edilən məsələlər bu baxımdan böyük əhəmiyyət daşıyır.
Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, Rusiya Təhlükəsizlik Şurası xətti ilə əməkdaşlığa böyük önəm verir və bu sahədə əlaqələr çox konstruktiv şəkildə inkişaf edir: “Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk. Biz azərbaycanlı dostlarımıza çoxtərəfli səviyyədə keçirilən tədbirlərdə iştirakına görə minnətdarıq. Biz bunda maraqlıyıq”.
Bununla yanaşı, tərəflər arasında söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görünən odur ki, bütün sahələrdə Azərbaycanın regionda önəmi artır və aparıcı dövlətlər ölkəmizlə hesablaşaraq birgə əməkdaşlığa xüsusi diqqət yetirirlər. Bu baxımdan Patruşevin “Biz Azərbaycan tərəfi ilə dünyada meydana çıxan yeni təhdidlərin və bunlarla ikitərəfli qaydada mübarizənin yollarını müəyyənləşdiririk” açıqlaması nə deməkdir?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqov buna bir neçə prizmadan yanaşdı: “Rusiya bizimlə qonşu dövlətdir. İki ölkə arasında terrorizmə qarşı bir sıra birgə tədbirlər keçirilib. İndi də biz bu təhlükələrə qarşı birgə çıxış edirik. Biz başa düşürük ki, Rusiyaya qarşı bir sıra təhlükələr yaranıb və bunlara qarşı birgə çıxış etməliyik. Burada həm regional təhlükəsizlik, həm də digər məsələlər nəzərdə tutula bilər. Yəni dünyada baş verən proseslərlə əlaqədar mənfi çağrışların qarşısını almaq formaları müzakirə olunub. Təbii ki, biz mütləq bunu strateji partnyorluq formatında etməliyik. Nəzərə almaq lazımdır ki, bu təhlükələr həm Azərbaycana, həm də Rusiyaya qarşı yönəlib. Ona görə də bizi birləşdirən bu vahid məqsədlərdir. O üzdən, bu məqsədlərin bir sıra məqamları Patruşevin Bakı səfəri zamanı ciddi şəkildə müzakirə olunub”.
Vidadi ORDAHALLI