Arzuxan Əlizadə: “Hər iki ölkənin maliyyə imkanları göz qabağındadır”
Məlum olduğu kimi, Ermənistan parlamenti tərəfindən 2018-ci il üçün qəbul edilmiş büdcə layihəsində bu ölkənin hərbi xərcləri 2017-ci illə müqayisədə 17,6 faiz artırılaraq 518 milyon dollara çatdırılıb. 2017-cı il üzrə Ermənistanın hərbi xərcləri 440 milyon dollar nəzərdə tutulub. Göründüyü kimi, hərbi xərclər birdən-birə 80 milyon dollar artırılıb. Həmçinin büdcədə hərbi xərclərin payı da artırılıb. 2018-ci ildə Ermənistanın toplam büdcə xərcləri 3,1 milyard dollar olacaq ki, hərbi xərclər bunun təxminən 17 faizini təşkil edəcək. 2017-ci il üçünsə hərbi xərclər 2,9 milyard dollara bərabər toplam büdcə xərclərinin 15 faizinə bərabər olub.
Müqayisə üçün bildirək ki, 2017-ci ildə Azərbaycanın 9,8 milyard dollara bərabər büdcə xərclərinin yalnız 950 milyon dolları, yəni 9,6 faizi müdafiə üçün nəzərdə tutulub. Məsələn, 2015-ci ildə Azərbaycanın hərbi büdcəsi 3,8 milyard dollar, Ermənistanın hərbi büdcəsi isə 472 milyon dollar olmuşdu. Lakin artımın başlıca səbəbi Ermənistanın Azərbaycanla hərbi balansı bərpa etməyə yönələn çarəsiz səyləridir. Ermənistanda ümid edirdilər ki, neftin kəskin ucuzlaşması nəticəsində Azərbaycan hərbi xərcləri azaltmalı olacaq. Ancaq bunun əksinə olaraq il ərzində Azərbaycan öz Silahlı Qüvvələrini böyük miqdarda yeni silah-texnika ilə təchiz etdi. Nəticədə Ermənistanın bu gözləntiləri boşa çıxdı.
Digər tərəfdən, Azərbaycanın 2018-ci il büdcə layihəsinə dair açıqlanmış məlumatlardan bəlli olur ki, gələn il büdcənin xərclər hissəsində 4 milyard manatdan çox artım nəzərdə tutulur. Bunun bir hissəsi hərbi xərclərə gedəcək. Gözlənir ki, Azərbaycanın hərbi büdcəsində gələn il üçün nəzərdə tutulan artım Ermənistanda edilən artımdan dəfələrlə çox olacaq, yüz milyonlarla dollar təşkil edəcək. Belə olan halda, Ermənistanın bu məsələdə Azərbaycanla rəqabət aparmasından söhbət gedə bilməz.
Maraqlıdır, bəs ekspertlər buna necə yanaşır? Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu sahədə Ermənistanın Azərbaycanla rəqabət aparması real deyil: “Ona görə real deyil ki, hər iki ölkənin maliyyə imkanları göz qabağındadır. Ermənistanın yoxsul ölkə olması heç kəsə sirr deyil. Son məlumatlara görə, bu ölkənin xarici borcu 8 milyard dollara yaxındır. Belə olan halda, məhdud imkanlar hesabına hərbi xərcləri 440 milyon dollardan 518 milyon dollara qaldırmaq nəyisə dəyişmək imkanında deyil. Baxmayaraq ki, Ermənistanın yaxın müttəfiqi olan Rusiya bir sıra silahları havayı verir. O cümlədən, Rusiyanın forpostu olan Ermənistan bu ölkədən bir sıra silahları uzunmüddətli kreditlərlə alır, elə Rusiyanın ayırdığı kreditlər hesabına. Təsadüfi deyil ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan erməni mətbuatına açıqlamasında bunu bir daha təsdiqləyib. Onun sözlərinə görə, silahlanma prosesi Rusiyadan alınan kredit və digər proqramlar çərçivəsində həyata keçirilir. Belə olan halda, əlbəttə ki, Ermənistanın silahlanmada Azərbaycana ciddi rəqib olması mümkün deyil. Bundan fərqli olaraq, Azərbaycan öz imkanları hesabına ən müasir silahlar əldə edir”.
Vidadi ORDAHALLI