Məhərrəm Zülfüqarlı: “Hansı formada olursa-olsun, separatçı qurum təmsilçisi ilə təmas, onu hansısa tədbirə dəvət etmək doğru deyil”
Avropa Ombudsmanlar İnstitutu Azərbaycan KİV-ni qondarma “DQR”in “ombudsmanı” Ruben Melikyanın təşkilatın Baş Assambleyasının iclasında iştirakı barədə dezinformasiya yaymaqda günahlandırıb. Belə ki, bununla bağlı yayılan məlumata görə, sözügedən təşkilatın saytında baş katib Cozefa Zigelin açıqlaması yerləşdirilib.
Açıqlamada baş katib bildirir ki, guya qondarma “respublika”nın “ombudsmanı” Assambleyanın işinə fərdi şəkildə qatılıb. Onun sözlərinə görə, institutun üzvləri fərdi və institusional olaraq iki qrupa bölünür ki, Ruben Melikyan da məhz fərdilərə aiddir və “institut siyasi məsələlərlə məşğul olmadığından və siyasi təsirə imkan vermədiyindən, fərdi üzvü olan qondarma “DQR”in nümayəndəsinin Assambleyanın iclasına qatılmasını istisna etməyib”.
Üstəlik, Melikyanın Assambleyanın iclasında hər hansı siyasi açıqlamalar vermədiyini deyən Cozefa Zigel Azərbaycan KİV-ni informasiyalarında düzəliş etməyə çağırıb.
Məlumat üçün bir daha qeyd edək ki, bu günlərdə Buxarestdə sözügedən təşkilatın Baş Assambleyasının iclası keçirilib və həmin iclasda qondarma “DQR”in “ombudsmanı” Ruben Melikyan iştirak edib. Azərbaycan tərəfi isə buna haqlı etirazını bildirib.
Baş verənlər göstərir ki, bəzi Avropa təsisatları bilərəkdən separatçı quruma bu cür şərait yaradaraq siyasi oyun oynayır. Avropa Ombudsmanlar İnstitutu məhz qondarma “DQR”in nümayəndəsinin iştirakına şərait yaratması buna əyani sübutdur.
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı bunu kəskin pislədi: “AOİ-nin baş katibinin məlum açıqlaması riyakar xarakterlidir. Hansı formada olursa-olsun, separatçı qurum təmsilçisi ilə təmas, onu hansısa tədbirə dəvət etmək doğru deyil. Bundan separatçı tərəf o dəqiqə təbliğat üçün istifadə edir. Cozefa Zigel iddia edir ki, guya həmin şəxs fərdi şəkildə tədbirə qatılıb. Belədirsə, o zaman sual yaranır, bəs onda niyə digər separatçı qurum təmsilçilərinə bu imkan yaradılımır? Necə olur ki, postsovet məkanındakı digər separatçı qurum təmsilçilərinə tədbirdə iştirak imkanı yaradılmır, amma qondarma “DQR” təmsilçisinə belə şərait yaradılır? Bu bir daha onların riyakarlığını ortaya qoyur. Ona görə də AOİ-nin bu addımını qəti şəkildə pisləyirəm və buna öz etirazımı bildirirəm. Onlar belə riyakar siyasətə son qoymalıdırlar”.
Vidadi ORDAHALLI