Ramil Hüseynov: “Bu, danışıqların gedişindən və bəzi sahilyanı dövlətlərin maraqlarından asılıdır”
2018-ci ildə Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması nəzərdə tutulub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov Həştərxanda keçirilən III Xəzər mediaforumunda bildirib: "Rusiya Xəzər istiqamətində xarici siyasətini aktivləşdirir. Xəbərləri mütəmadi izləyənlər bilir ki, bu mövzu daim Rusiya prezidentinin və xarici işlər nazirinin regiondakı həmrkarları ilə görüşündə qaldırılır".
Səfir əlavə edib ki, Rusiya konvensiyanın gələn il Qazaxıstanda imzalanacağına ümidlidir. Bununla yanaşı, İ.Bratçikov onu da bildirib ki, sənəd imzalanarkən Rusiya subyektlərinin maraqları nəzərə alınacaq.
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdlr. Təsadüfi deyil ki, uzun illərdir 5 Xəzəryanı dövlət - Azərbaycan, Qazaxıstan, Türkmənistan, İran və Rusiya dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas problem dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır.
1991-ci ildə Sovet İttifaqının dağılması və sahil dövlətlərinin sayının 2-dən 5-ə qədər artması ilə Xəzərin hüquq statusu məsələsi yeni mərhələyə qədəm qoyub.
Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşir. Ölkəmiz Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektora bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Azərbaycan bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. İran və Türkmənistan isə fərqli mövqedən çıxış edir. Sözügedən dövlətlər dənizin dibinin orta xətt boyunca bölünməsini məqbul hesab edirlər.
Bütün bu deyilənlərin fonunda, gələn il Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması nə dərəcədə realdır? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bunu indidən konkret proqnozlaşdırmaq çətindir: “Bu, danışıqların gedişindən və bəzi sahilyanı dövlətlərin maraqlarından asılıdır. Rusiya Xəzər dənizində sərhədləri müəyyən olunmuş yeganə ölkədir. Xəzər dənizi boyu həmsərhəd olduğu Azərbaycan və Qazaxıstanla imzalanmış müqavilələr Rusiyanın dəniz sərhədlərini müəyyən edib. Xəzər sahillərinin 16 faizi Rusiyaya məxsusdur.
Türkmənistan Xəzər dənizinin şərq istiqamətində yerləşir. Bu ölkə 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib. Türkmənistan tərəfi iddia edir ki, Xəzər orta xətt prinsipi ilə bölünməlidir və bu, dövlətlər arasında sərhəd rolunu oynamalıdır. İran Xəzərin cənub və bir qədər də cənub-qərb sahillərini əhatələyir. Xəzəryanı ölkələr arasında ən radikal mövqe İrana məxsusdur. Bu ölkə Xəzər dənizində sərhədlərin yalnız bütün tərəflərin razılığı əsasında müəyyən olunmasını istəyir. İran tərəfi Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarıdır. Digər 4 Xəzəryanı dövlət onun bu mövqeyini dəstəkləmir. Ona görə də Xəzərin statusu ilə bağlı konvensiyanın məhz gələn il imzalanacağını indidən demək çətindir”.
Vidadi ORDAHALLI