Tağı Qəmbərov: “Türkiyə onları Azərbaycana təhvil versə, həmin “ziyalıları” ittiham hökmü gözləyir”
Məlum olduğu kimi, Türkiyənin bir qrup ictimai xadimi Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib. Həmin səfər barədə mövzunu ilk ictimailəşdirən media orqanı kimi deyə bilərik ki, bu adamların atdığı addım hər iki ölkənin ictimaiyyəti tərəfindən kəskin tənqid edilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu qanunsuz səfərlə bağlı cinayət işi başlayıb, səfərdə iştirak etmiş şəxslər barəsində beynəlxalq axtarış elan olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan, 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib.
Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Həmin “ziyalıları” Türkiyə cəzalandırmalıdır, yoxsa onlar bura təhvil verilməlidir ki, Azərbaycan onlar barəsində qanuni hüquqi ölçü götürsün?
Hüquqşünas Tağı Qəmbərov qəzetimizə açıqlamasında bildirdi ki, məsələyə iki aspektdən yanaşmaq olar: “Siyasi tərəfdən yanaşdıqda, qardaş ölkəni təmsil edənlərin hərəkətinə heç bir izahat vermək olmur. Onlar atdıqları səhv addımla həm də Türkiyəni zərbə altında qoyublar. Çünki Ermənistan bir ölkə olaraq yalnız Azərbaycanla müharibə aparmır. Onların Türkiyəyə qarşı davranışları daha sərt və sistemlidir. Təkcə qondarma “soyqırım” iddiaları ilə Türkiyəyə yaratdıqları problemlərə nəzər salınsa, əlavə şərhə ehtiyac duyulmaz. Bu addımları ilə onlar həm də iki qardaş ölkənin münasibətlərində sərinlik yaratmış olurlar. Hüquqi aspektdən yanaşdıqda isə görünür ki, Azərbaycanın əlaqədar qurumları standart mövqedən çıxış edirlər. Yəni əvvəllər baş vermiş analoji hallarla bağlı necə davranılmışdısa, burda da elə edilir. Məsələnin digər aspekti isə Türkiyədən asılıdır. Çünki ortada faktlar var. Onların etdiyi əmələ adekvatlıq təşkil edən hərəkətə görə, cəzalandırılan və cəzasını Azərbaycanda çəkib qurtaran xarici vətəndaşlarla bağlı yaşanan praktika mövcuddur. Qanunvericiliyin tələblərinə görə, Türkiyə onları öz ərazisində mühakimə edə bilməz. Cünki cinayət işi Azərbaycan qanunlarını pozmağa görə açılıb və bütün istintaq hərəkətlərini bizim qurumlar aparıb işi məhkəməyə verməlidirlər. Türkiyə onları Azərbaycana təhvil versə, həmin “ziyalıları” ittiham hökmü gözləyir”.
Məhəmmədəli QƏRİBLİ