Sentyabrın 25-də İraqın kürd muxtariyyətində keçirilən məlum referendumun çox ciddi fəsadlarının olacağına dair verilən proqnozlar artıq özünü doğruldur. Belə görünür ki, separatçılığa meyl edən kürdərin məkrli niyyətləri bölgədə genişmiqyasıl hərbi əməliyyatların başlamasına rəvac verə bilər.
Qeyd olunan xüsusda Türkiyənin “Yeni Şəfəq” qəzeti çox maraqlı bir məlumat yayıb. Qəzetin yazdıqlarından bəlli olur ki, Şimali İraq kürd muxtariyyətində keçirilən müstəqillik referendumu üçün hazırlanan seçki bülleteni Ərbilin Türkiyə, İran və Suriya torpaqlarına da göz dikdiyini üzə çıxarıb. Belə ki, seçki bülletenlərində vətəndaşlardan “Kürdüstan bölgəsi və bölgə xaricindəki kürd ərazilərinin müstəqil bir dövlət olmasını istəyirsinizmi” sualına cavab verilməsi istənilib. Nəşr qeyd edir ki, burada söhbət yalnız 2005-ci il İraq Konstitusiyası ilə müəyyən edilmiş kürd muxtariyyətinin sərhədlərindən kənarda yerləşən İraq əraziləri deyil, həm də Türkiyə, İran və Suriyada kürdlərin yaşadığı torpaqlardan gedir. Bununla separatçı kürdlər faktiki olaraq adları çəkilən üç ölkənin ərazilərinə iddialarını da ortaya qoymuş olurlar. Görünür bunun nəticəsidir ki, həmin ölkələr baş verənlərə qarşı koordinasiya edilmiş şəkildə hərəkətə keçmək qərarına gəlib. Artıq Türkiyənin baş naziri Binəli Yıldırım Kürdüstanın müstəqillik referendumu ilə bağlı müzakirələrin aparılması üçün İran və İraq liderləri ilə birgə sammitin keçiriləcəyini bildirib: “Bu məsələ ilə bağlı gələcəkdə atılacaq addımları müzakirə etmək üçün yaxın zamanda sammit keçirməyi planlaşdırırıq. Biz düşünürük ki, üçtərəfli görüş daha konstruktiv olacaq”. Qeyd edək ki, Tehran və Ankara artıq Ərbilə təyyarə uçuşlarını dayandırıb. Bundan başqa, İraq hakimiyyəti də kürd muxtariyyətinin hava limanlarına uçuşlara son verib. Ərbil hava limanında olan əcnəbilər isə uçuşların tam dayandırılmasına qədər bölgəni tərk etməyə tələsir. Artıq bunun kürdlər üçün fəsadları özünü göstərir.
Başqa tədbirlər də həyata keçrilir. Məsələn, məlum olub ki, bundan sonra Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq. Belə ki, İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb. Bu xüsusda verilən bəyanatda deyilir: “Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşıb”. Qeyd edək ki, Türkiyə indiyə kimi neft ticarətini Şimali İraq kürd muxtariyyəti ilə edirdi. Amma kürd muxtariyyətində keçirilən referendumdan sonra Ankara və Bağdad Ərbilə qarşı birgə addımların atılması mövzusunda razılaşıb. İraq prezidentinin müavini Nuri əl-Maliki referendumun nəticələri dərhal ləğv edilmədiy halda kürdləri başqa cəza tədbirlərinin gözlədiyini də bildirib: "İraq kürd muxtariyyəti rəsmilərinə çağırışımı təkrar edirəm. Müstəqillik üçün girdiyiniz fəlakətli yoldan dərhal geri dönün. Türkiyə və İran referendumu boykot etməkdə ciddidir".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da kürdləri daha məntiqli addımlar atmağa çağırıb: “İraqın şimalındakı son məsələlər bizi məyus etsə də, öhdəsindən gələ bilməyəcəyimiz bir şey deyil”. O bildirib ki, Şimali İraq bölgəsinin rəhbərliyi lazımsız müstəqillik təşəbbüsü ilə özünü oda atıb: “Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət deyil. Kim sənin müstəqilliyini qəbul edəcək? Otur oturduğun yerdə! Paran-pulun var, neftin var, dinc dayan! Hər halda ona ciddi təşviqlər olub və o bu addımı atıb. Məsud Bərzani özünü oda atıb. Bizimlə 350 kilometr sərhədin var. Bizimlə və ya İranla bu barədə müzakirə apardınmı? Biz sonuna qədər xəbərdarlıq vəzifəmizi yerinə yetirəcəyik. Suriya məsələsinin ölkəmizə təsir etməsinə imkan vermədiyimiz kimi, İraqda təşəbbüs edilən bu fitnəni də dayandıracağıq”. Ərdoğan onu da bildirib ki, heç bir ölkə Kürdüstanın müstəqilliyini tanımayacaq. Onun sözlərinə görə, İraq Kürd muxtariyyətində müstəqillik haqqında referendum İraqın konstitusiyasına ziddir, həmçinin regionda yeni qan tökülməsi təhlükəsini artırır. Qeyd edək ki, bu məsələdə artıq Türkiyə Rusiyadan da dəstək alır. Belə ki, artıq bu mövzuda Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında Ankarada görüş olub. Görüşdə Putin ölkəsinin mövqeyinin prinsipial olduğunu və İraqın ərazi bütövlüyünün toxunulmazlığını vurğulayıb. Putinin sözlərinə görə, hər iki ölkə bundan sonra da həm xarici işlər nazirləri, həm də hərbi qurumların xətti ilə koordinasiyanı davam etdirməlidir.
Tahir TAĞIYEV