Mübariz Əhmədoğlu: “Sarkisyan belə tədbirləri keçirməklə gözdən pərdə asır və fikri özlərindən yayındırır”
Ermənistan mətbuatının verdiyi məlumata görə, prezident Serj Sarkisyanın rəhbərliyi altında təhlükəsizlik şurasının iclası keçirilib. Maraqlıdır ki, Sarkisyanın rəhbəri olduğu təhlükəsizlik şurasının iclasında əsas müzakirələr ölkədəki korrupsiya hallarının aradan qaldırılmasına həsr edilib. Ermənistanın bir çox nazirləri korrupsiyanın vəziyyəti haqda məruzələr ediblər.
Ermənistanın bu məsələni mühüm qurumun müzakirəsinə çıxarması nədən xəbər verir?
Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanda korrupsiya ifrat həddə çatıb:
“Nəzəriyyədə korrupsiyanın əsasən 3 növü göstərilir. Ermənistanda bütün növ korrupsiyanın olduğuna dəlalət edən faktlar mövcuddur. Hətta vəziyyət o həddə çatıb ki, büdcədən oğurlanan pullarla yanaşı, beynəlxalq tranşlarla bağlı vəziyyət də acınacaqlıdır. Ermənistanda Avropa İttifaqının fəaliyyətində korrupsiya risqləri aşkardır. Belə ki, Aİ İrəvan ofisinin menecerinin kabinetində axtarış aparılarkən 1 milyon dollar nağd pul aşkarlandı. Bu miqdarda nağd pul Ermənistanda heç banklarda olmur.
Aİ-nın Ermənistana ayırdığı qrantların xərclənməsilə ilə əlaqədar bir neçə dəfə cinayət işi başlanıb. Avropa İttifaqının İrəvandakı əvvəlki səfiri Trayan Xristeanın dövründə belə korrupsiya faktlarının daha geniş yayıldığı, Avropa rəsmilərinin xahişi ilə Ermənistanda məqsədyönlü maliyyə işlərinin görüldüyü ilə bağlı məlumatlar var. Başqa bir fakta diqqət edək. Zimbabvedə qeydiyyatdan keçmiş “Erməni meyvəsi” adlı kompaniya Ermənistanda ərik yetişdirilməsinə dair konsultasiyalar vermək adı ilə büdcədən 292 min dollar vəsait götürüb. Ermənistanın dövlət büdcəsində belə ekzotik xərclər hədsiz külli miqdardadır.
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Ermənistanda reallaşdırdığı infrastruktur layihələrinin hamısı ciddi şəkildə, böyük faizlə korrupsiyaya məruz qalıblar. Pullar mənimsənilib, işlər, demək olar, yerinə yetirilməyib.
Ermənilərin kompakt yaşadığı regionlardan seçilmiş ABŞ konqresmenləri məhz buna görə qanun və ABŞ-ın maraqlarından öndə ermənilərin uydurma maraqlarını üstün tuturlar.
Razdan şəhəri merinin oğlu orta məktəbdən buraxılış günü atasının xidməti maşını ilə qəza törətdi, ölən olub. Amma bir neçə gün öncə bəlli oldu ki, ona qızıl medal veriblər. Əgər merin oğlu orta məktəbi qızıl medalla qurtarmışdısa, bu, may ayında bəlli olmalı idi, sentyabr ayında deyil. Medalı qatil şagirdə prezident S.Sarkisyan təqdim etdi. Əsaslandırmanı isə təhsil və elm naziri, daşnak L.Mkrtıçyan verdi.
Ermənistanın AŞPA-da ən çox stajlı üzvlərindən biri olan N.Zoqrabyan erməni konyakını Azərbaycanın dollarına qarşı qoymağın mümkün olmadığını bildirdi. Bu həm də ermənilərin Avropa siyasətçilərinə konyak verdiklərinin etirafıdır. Bütün faktlar təsdiq edir ki, Ermənistan hakimiyyəti təpədən dırnağa kimi korrupsiyaya bulaşıb. Sarkisyan belə tədbirləri keçirməklə gözdən pərdə asır və fikri özlərindən yayındırır”.
Məhəmmədəli QƏRİBLİ