Qabil Hüseynli: “Yəqin ki, BMT-nin sessiyasında İlham Əliyevin prinsipial çıxışı erməni xarici işlər nazirini mövqeyini dəyişməyə vadar edib”
Ermənistanın xarici işlər naziri Nalbandyan bir müddət əvvəl verdiyi açıqlamanı danıb. Qeyd edək ki, həmin açıqlamada Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri işğal edilmiş ərazilərin bir hissəsinin Azərbaycana qaytarılmasının mümkünlüyünü demişdi. Nalbandyan bunu Məmmədyarovla Nyu-Yorkda görüşü öncəsi bildirib.
"Söhbət qaytarılması zamanı Dağlıq Qarabağın təhlükəsizlik sistemini təhlükə altına salmayacaq ərazilərdən gedir”,- Nalbandyan demişdi. Ancaq o, hansı ərazilərdən söhbət getdiyini həmin vaxt açıqlamayıb.
Bu gün isə Ermənistan mətbuatı Nalbandyana istinadən həmin fikirləri təkzib edib: “Danışıqlarımın kontekstindən çıxarışlar edilib və ona görə də bu şərhlər deyilib.
Mən məlum Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderlərinin hesabatlarında olan məsələyə toxunmuşam. Bir neçə gün öncə BMT-nin baş katibi ilə danışan Ermənistan prezidenti vurğulayıb ki, ən başlıcası “Qarabağ”ın statusu məsələsidir. Status məsələsi həll edildikdə bütün digər məsələlər ədalətli həll olunacaq. Mən dəfələrlə nə demək istədiyimi demişəm: “Bütün bu problemlərin həlli yalnız Dağlıq Qarabağın iştirakı ilə mümkündür”.
Ermənistanın baş diplomatının belə hala düşməsi nəyin əlaməti sayıla bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistanın XİN başçısının məlum bəyanatı təsadüfən səslənmədi: “İrəvanda çoxdan anlayırlar ki, nədənsə başlamaq lazımdır. Yada salaq ki, ATƏT-in Minsk Qrupunun ABŞ-lı həmsədri Riçard Hoqland vəzifədən gedişi öncəsi münaqişənin tənzimlənməsinin 6 elementi barədə danışdı. Amerikalı diplomat onlardan birində tələb etdi ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər dərhal Azərbaycanın nəzarəti altına verilsin. Onda bu, İrəvanda kəskin narahatlığa səbəb oldu. İndi belə görünür ki, ermənilər qismən də olsa nəsə etməyə çalışırlar. Amma, necə deyərlər, bu zaman öz sifətlərini də itirmək istəmirlər.
Rəsmi İrəvanı hələ qabaqda çox şeylər gözləyir. Beynəlxalq ictimaiyyətin əsas tələblərindən biri Ermənistanın bütün silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən çıxarılmasıdır.
Nalbandyanın həmin bəyanatına nəbz yoxlanışı kimi də baxmaq olardı. Ermənistanın qəflətən bir sıra işğal edilmiş rayonların qaytarılması barədə danışması nümayiş etdirdi ki, Azərbaycan doğru diplomatik yolla gedir. Nalbandyanın həmin bəyanatı dərhal deyil, bir müddət keçəndən sonra təkzib etməsi də maraqlıdır. Bu onu göstərdi ki, onlar Azərbaycandan gözlədikləri reaksiyanı ala bilməyiblər. Yadınızdadırsa, həmin bəyanatda Nalbandyan bəzi şərtlərin olacağına da işarə etmişdi. Yəqin ki, BMT-nin sessiyasında İlham Əliyevin prinsipial çıxışı erməni xarici işlər nazirini mövqeyini dəyişməyə vadar edib. Anlayıblar ki, Azərbaycan heç bir şərti qəbul edən deyil”.
Məhəmmədəli QƏRİBLİ