Yeganə Hacıyeva: “BMT doğrudan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə yetirilməsini istəyirsə...”
BMT-nin baş katibi Antonio Quterreş sentyabrın 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın Nyu-Yorkda keçirdikləri görüşü alqışlayır. Bunu BMT-nin baş katibinin sözçüsü Stefan Dyujarrik bildirib.
“A.Quterreş Nyu-Yorkda baş tutan görüşü alqışlayır. O, gərginliyin azaldılması və danışıqlar prosesinin bərpasına yönələn səyləri dəstəkləyir. BMT-in baş katibi Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan görüşünün tərəflər arasında etimadın artmasına və əsas məsələlərlə bağlı kompromis yollarının tapılmasında siyasi iradənin stimullaşdırılmasına yardım edəcəyinə ümid edir”, - deyə S.Dyujarrik vurğulayıb.
Onun sözlərinə görə, A.Quterreş prezidentlərin görüşünü vacib hesab edir.
Son vaxtlar BMT-nin baş katibinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında səylərini artırdığı nəzərə çarpır. Bunu İlham Əliyevin BMT tribunasından etdiyi çıxışla əlaqələndirmək olarmı?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında Ermənistanın tənqidilə yanaşı, həmin qurumun özünə də ünvanlanan bəzi iradlar vardı: “Dövlət başçısı sual etdi ki, bu ikili standartlar nə üçün baş verməlidir, BMT kimi nüfuzlu təşkilat qətnamələrin icrasını niyə təmin etmir? Bugünkü Ermənistana qarşı niyə sanksiyalar tətbiq edilmir?
Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsinin anlaşılmaz olduğunu vurğulayan dövlət başçısı artıq belə məsələlərin öz həllini tapması üçün BMT-də müvafiq mexanizmlərin yaradılmasının vaxtının çatdığını söylədi. Bu təklif hazırda islahatların aparılmasının zəruri olduğu bildirilən ən nüfuzlu beynəlxalq təşkilat olan BMT-nin yenidən təşkilatlanaraq daha effektiv fəaliyyət göstərməsi baxımından olduqca aktual idi. Çünki beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində BMT üzvü olan çoxsaylı dövlətlərin ərazi bütövlüyü pozulur, beynəlxalq hüququn tələbləri yerinə yetirilmir. BMT tərəfindən tanınmış sərhədlər siyasi xəritədən silinir. BMT isə bunların qarşısını almaq üçün müvafiq struktura malik deyil. Belə olan halda, dünyanı xaos bürüyür, etnik separatçılıq baş alıb gedir.
Bu fikirlər təkcə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil, həm də istər postsovet məkanında, istərsə də Yaxın Şərqdə bənzər problemlərin həlli yollarının tapılması nöqteyi-nəzərdən də olduqca rasional və düzgün fikirlər idi. Əgər BMT doğrudan da öz nizamnamə tələblərinin və beynəlxalq hüququn yerinə yetirilməsini istəyirsə, mümkün islahatlar prosesində mütləq bunları nəzərə almalıdır. Düşünürəm ki, Prezidentin bu cür ciddi və əsaslı iradları BMT-nin baş katibinin fəallaşmasına səbəb olub”.
Məhəmmədəli QƏRİBLİ