Bu gün Azərbaycanın Ermənistan üzərində üstünlüyünü şərtləndirən mühüm məqamlardan biri də beynəlxalq miqyasda böyük nüfuz sahibi olması, ən müxtəlif məsələlərdə mövqeyini dəstəkləyənlərin sayının çoxalmasıdır. Artıq bu məqam Ermənistanda gedərək ciddi narahatlıq predmetinə çevrilir və açıq şəkildə vurğulanır ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinə də ciddi təsir edərək İrəvan üzərində beynəlxalq təzyiqləri artırır.
O da qeyd edilir ki, məhz Azərbaycanın diplomatik gedişləri nəticəsində Ermənistan yalnız qalıb və mütəffiqləri belə ondan üz döndərib. Bu məsələ Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxışı ilə bağlı irəli sürülən təklif ətrafında yaranan qalmaqal zamanı özünü bir daha qabarıq şəkildə büruzə verdi.
Qeyd edək ki, Ermənistanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı yenidən ölkə parlamentində mübahisə yaranıb. Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası ölkənin sözügedən qurumdan çıxması barədə məsələnin müzakirəsi üçün müvəqqəti komissiyanın yaradılmasının əleyhinə səs verib. Yalnız bir deputat komissiyanın yaradılmasının lehinə, 10 parlamentari isə əleyhinə səs verib. Xarici əlaqələr üzrə komissiyanın rəhbəri Armen Aşotyan bununla bağlı bildirib: “Bununla da bu məsələnin müzakirəsi bağlandı”. Onu da qeyd edək ki, sentyabrın 14-də müxalif “Yelk” fraksiyası parlamentdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması barədə təşəbbüs irəli sürmüşdü. Xarici əlaqələr üzrə komissiyanın son qərarı müxalif düşərgədə, eləcə də erməni cəmiyyətində ciddi narazılıq yaradıb. “Yelk” fraksiyasından olan Nikol Paşinyan komissiyada iqtidarı təmsil edən deputatları erməni xalqını aldatmaqda ittiham edib. O, məhz həmin deputatların 2014-cü ildə İrəvan Avrasiya İttifaqına girəcəyi təqdirdə müharibə ilə üz-üzə qalmayacağını söylədiyini vurğulayıb. Həmin deputatlardan biri olan Artaşes Geqamyan isə Paşinyana cavabında Ermənistanın Avrasiya kursunun doğru olduğunu, əks təqdirdə İrəvanı Ukraynanın taleyi gözlədiyini deyib. Bu zaman Paşinyan yenidən sözə başlayaraq, Geqamyanın yalan danışdığını bildirib: “Sizin mülahizələriniz özünü doğrultmadı. Biz Avrasiya İttifaqına qəbul olduq və müharibə, itki ilə üzləşdik. Şübhə var ki, bu müharibədə Azərbaycanı bizim Avrasiya İttifaqındakı tərəfdaşlarımız dəstəkləyib. Məsələn, Qazaxıstan İrəvandakı Avrasiya İttifaqı sammitində iştirakdan imtina etdi. Sizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqiniz öz müttəfiqini dəstəkləmir. Eyni yolu Belarus da Azərbaycanı rəsmi şəkildə müdafiə etməklə tutdu. Rusiya da həmçinin bu yolu seçdi. Ermənistanın hakim Respublika Partiyası hələ də İrəvanın Avrasiya İttifaqında qalması ilə bağlı arqumentlər ortaya qoya bilməyib. Bizim Avrasiya İttifaqında qalmağımızla bağlı etibarlı arqumentlər səsləndirməmisiniz”.
Erməni mediası da yazır ki, həqiqətən də Avrasiya İqtisadi İttifaqında yer alan ölkələri, Ermənistandan daha çox, Azərbaycanla münasibətlərin inkişafı maraqlandırır. “Joxovurd“ qəzeti yazır ki, Azərbaycan Ermənistanı Avrasiya İqtisadi İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında belə oyundankənar vəziyyətə salmağı bacarıb: “Burada Ermənistanla birlikdə təmsil olunan ölkələr, o cümlədən də əsas mütəffiq saydığımız Rusiya üçün Azərbaycanla əməkdaşlıq İrəvanla müqayisədə daha çox prioritet təşkil edir. Elə bu səbəbdən həmin təşkilatlar daxilində Ermənistanın Azərbaycana qarşı atmaq istədiyi addımlar effekt vermir. Əksinə, Azərbaycan bu təşkilatalrda Ermənistanın mövqelərini xeyli dərəcədə sarsıda bilib”. Bütün bunlar Ermənistanda Azərbaycanın diplomatik uğurları kimi də qələmə verilir. O da qeyd edilir ki, bu vəziyyət Qarabağ məsələsində Ermənistana qarşı təzyiqlərin artmasına gətirib çıxarır.
Baş verənləri şərh edən Ermənistanın “lragir” saytı yazır ki, bu gün danışıqlar masasında İrəvan getdikcə daha çox sıxışdırılır. Saytın siyasi şərhçisi Aykazn Qaqriyan bildirir ki, Ermənistan danışıqlarda irəli sürdüyü ilkin şərtlərdən belə geri çəkilir. Bu şərtlər təmas xəttində atəşkəsə nəzarət mexanizmlərinin yerləşdirilməsi və Qarabağın statusunun əsas prioritet olmasıdır: “Amma Ermənistana göstərilən təzyiqlər vəziyyətin dəyişməsinə gətirib çıxarıb. Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ərazilərin qaytarılması ilə bağlı açıqlaması da danışıqlar masasında İrəvanın sıxışdırıldığını və ilkin şərtlərindən əl çəkdiyini göstərir. Lakin bütün bunlar danışıqların yalnız görünən tərəfidir.Vəziyyət çətinləşib, özü də təkcə Qarabağ ətrafında yox, daha geniş kontekstdə. Ermənistan hər tərəfdən ciddi təzyiq altındadır. Belə durum isə Azərbaycanın istəklərinə cavab verir”. Daha bir erməni ekspert Tiqran Xzamyan da İrəvanın əlinin Moskvadan tam üzüldüyünü bildirir. Onun sözlərinə görə, Rusiya aktiv şəkildə Ermənistanın işlərinə qarışır: “Ermənistan məhz belə bir təzyiqlə 3 sentyabr 2013-cü ildə üzləşdi. Belə ki, məhz həmin vaxt Moskva ultimatum formasında İrəvanda Avropa İttifaqı ilə assosiasiya prosesini dayandırmağı və bunun əvəzində xəyali Gömrük İttifaqına üzv olmağı tələb etdi. Şübhəsiz, rəsmi İrəvan Rusiyanın ultimatumu ilə razılaşmasaydı, Qarabağda yeni müharibə başlayacaqdı. İndi də eyni vəziyyətdir və İrəvan Moskvadan gələn sifarişləri icra etməyə məcburdur. Təbii ki, Ermənistanda ölkənin iqtisadiyyat, energetika, rabitə və nəqliyyat sahələrini ələ keçirən Rusiyanın xüsusi xidmət orqanları və biznesləri ilə əlaqələri olanlar Moskvadan gələn göstərişləri can-başla icra edir”.
Burada daha bir məqama diqqət çəkilir ki, Ermənistanda, eləcə də işğal olunmuş Azərbaycan ərazilərində yaradılan separatçı rejimin təmsilçiləri arasında torpaqların boşaldılmasına qarşı çıxanlar tədricən neytrallaşdırılır. “Jamanak” qəzeti buna misal olaraq yazır ki, qondarma “DQR” rejiminin “xarici işlər naziri” Karen Mirzoyan vəzifəsindən çıxarılıb. Bildirilir ki, Mirzoyan “ailə vəziyyətinə görə vəzifədən getdiyi” haqda ərizə yazıb. Lakin qəzet onun qondarma rejimin “prezidenti” Bako Saakyan tərəfindən istefaya göndərildiyini qeyd edib. Mirzoyanın istefası Dağlıq Qarabağ münaqişəsi üzrə gedən proseslərin fonunda diqqət çəkir: “Sentyabrın 18-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İrəvanda keçirilən “Ermənistan-Diaspora” Ümumerməni Forumunda çıxışı zamanı Qarabağətrafı ərazilərin Azərbaycana qaytarılması ilə bağlı müzakirələrin getdiyini açıqladı. “Söhbət təhlükəsizlik baxımından Qarabağa və dəxli olmayan ərazilərdən gedir. Detalları açıqlasam, danışıqlar dayanar”, deyən Nalbandyan bununla özünü sığortalamağa cəhd etsə də, bu sözlər Ermənistanda ciddi rezonansa səbəb oldu. “DQR”-in “XİN rəhbəri” Karen Mirzoyan həmin vaxt Nalbandyana etiraz edərək, “ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz. Bu, Qarabağın öz məsələdir” açıqlamasını verdi. Bu bəyanatlardan təxminən 10 gün sonra Mirzoyan vəzifəsindən istefaya göndərildi. Mirzoyanın istefaya göndərilməsinin səbəbi ərazilərin qaytarılması məsələsinə qarşı çıxış etməsidir. Bu, Dağlıq Qarabağ münaqişəsi ətrafında nələrin baş verdiyi sualını yaradır”. Erməni mediasında yer alan məlumatlardan belə bəlli olur ki, ərazilərin qaytarılmasına etiraz edən ölkənin baş qərargah rəisi Movses Akopyan da tezliklə tutduğu vəzifəni itirəcək. Akopyan Nalbandyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etiraz edərək bildirirdi:"İşğal olunmuş ərazilərin heç bir hissəsi Azərbaycana qaytarıla bilməz. Çünki Dağlıq Qarabağın təhlükəsizliyi üçün işğal edilmiş bütün rayonlar vacibdir. Dağlıq Qarabağ boyunca elə bir təhlükəsizlik sistemi yaradılıb ki, onun pozulması ağır nəticələrə gətirib çıxara bilər". Amma siyasi hakimiyyətə qarşı çıxması indi Akopyana müsbət heç nə vəd etmir. Qeyd olunur ki, onunla müdafiə naziri Vigen Sarkisyan arasında indi kəskin qarşıdurma yaşanır və bu hal Movses Akopyanın tezliklə vəziəfəsini itirməsi ilə nəticələnəcək. Belə vəziyyətdə Ermənistanın əraziləri qaytarmasına etiraz edənlərin sayının azalması İrəvana bu məsələdə rahat manevr imkanı verəcək. “Jamanak” qəzeti bildirir ki, artan beynəlxalq təzyiqlər qarşısında artıq tab gətirə bilmədiyindən, İrəvan Azərbaycanla razılaşmaya getməyə məcburdur. Bütün bunlar əslində beynəlxalq miqyasda Ermənistanın dalana dirənmiş vəziyyətdə olduğunu aydın şəkildə nümayiş etdirir. Məhz belə bir vaxtda Ermənistanın H1 telekanalı işğal altında olan Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi təqdim edib. Bildirilir ki, "Orakarq" proqramında nümayiş etdirilən xəritədə Qarabağın Azərbaycana məxsus olduğu xüsusi işarə ilə göstərilib. Efirə gedən görüntülər Ermənistanda böyük qalmaqala səbəb olub. Amma belə fikirlər də səslənir ki, bu görüntülər heç də hansısa texniki səhv üzündən efirə getməyib. İddialar səslənir ki, əslində bununla erməni cəmiyyətini ərazilərin qaytarılması prosesinə hazırlayırlar.
Hər halda, qeyd edilənlərdən bu nəticə çıxır ki, Azərbaycanın beynəlxalq müstəvidə apardığı siyasət, diplomatik gedişlər öz məntiqi nəticəsini verir. Ermənistana beynəlxalq miqyasda təzyiqlər artır və İrəvanın buna müqavimət göstərmək imkanları tükənir. Bu şəraitdə Ermənistan üçün ən yaxşı çıxış yolu zəbt olunmuş ərazilərin mərhələli şəkildə Azərbaycanın nəzarətinə qaytarılması prosesinə başlamaqdır. Məhz bu vəziyyət Ermənistanın perspektiv inkişafını da müəyyən edən əsas faktor olacaq. Əks halda Ermənistanı daha çox təzyiq və ən sonda məğlub olacağı müharibə gözləyir. Azərbaycan öz növbəsində məsələnin dinc yolla həllinə çalışır, amma bu, qısa zaman ərzində lazımi nəticə verməsə, güc tətbiqi qaçılmaz olacaq. Güc tətbiqi isə Azərbaycanın ərazi bütövlüyünün bərpasını tezləşdirəcək.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.