Hələ ötən əsrin 90-cı illərindən üzü bəri olan təcrübə göstərir ki, Azərbaycan beynəlxalq aləmdə böyük rezonans doğura biləcək addımlar atdıqda, yeni transmilli layihələr həyata keçirdikdə ölkəmizə və onun ali rəhbərliyinə qarşı müəyyən dairələr tərəfindən dərhal əsl şər-böhtan kampaniyası başlanır.
Cari ilin sentyabrında Azərbaycanın “Əsrin müqaviəlsi”ni 2050-ci ilə qədər uzatması fonunda yenə analoji hal müşahidə olundu. Bu dəfə ortaya Avropa qəzetlər konsorsiumu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabat layihəsi (OCCRP) tərəfindən ciddiliyi böyük şübhələr doğuran hansısa “araşdırma” materialları atıldı.
Bir daha xatırladaq ki, sözügedən qruplaşmaya bir neçə Avropa nəşri daxildir. Amma burada bir məqamı da xüsusi vurğulamaq lazım gəlir ki, həm OCCRP, həm də Avropa qəzetlər konsorsiumu konkret maliyyə dairələrinə və siyasi qruplara bağlıdır. Məsələn, məlumdur ki, onların ABŞ-ın özündə belə fırıldaqçılıqda ittiham olunan və daim anti-Azərbaycan mövqeyi ilə seçilən Corc Sorosla sıx bağlılıqları var. Qeyd etmək yerinə düşərdi ki, ABŞ mediası indi Sorosu Amerikada belə siyasi qarışıqlıq yaratmaq cəhdlərində ittiham edir. Hətta bu şəxsin prezident Donald Trampa qarşı böhtan kampaniyasının arxasında dayandığı da artıq heç kimə sirr deyil. Amma bu məsələdə Corc Soros tək də deyil. Proseslərin bəzən anti-Azərbaycan qüvvələrin istədiyi məcrada getməsinin səbəblərindən biri də ABŞ-ın sabiq prezidenti Barak Obama hakimiyyətdə olarkən Azərbaycanla münasibətlərdə yol verdiyi yanlışlıqlardan qaynaqlanır. Həmin vaxt yanlış siyasət ABŞ-ın özünə də ciddi ziyan vurduğu halda, yenə də Azərbaycana qarşı Vaşinqtondan idarə olunan kampaniya həyata keçirilirdi. Bu kamaniyanın başında isə keçmiş dövlət katibi Con Kerri, onun müavini Viktoriya Nuland özü dururdu. Bu şəxslərin isə ABŞ-dakı erməni lobbisinə bağlı olduğunu bilməyən yoxdur. Amma anti-Azərbaycan kampaniyasının təmsilçiləri bunlarla da məhdudlaşmır və bu sırada Devid Kramer, Riçard Kozlariç, eləcə də Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks, Rebekka Vinsent kimi şəxslər də yer alırdı.
Yeri gəlmişkən qeyd edək ki, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) deputatlar, erməni məmurlar və QHT-lərdən ibarət "gizli şəbəkə"ni ifşa edəndə onların başında elə Nils Mujnieksin gəldiyini də üzə çıxarmışdı. 2012-ci ildə AŞ PA-ya seçilən N Mujnieks Soros Fondu ilə birbaşa əlaqəsi olan və həmin fond tərəfindən maliyyələşdirilən Avropa ölkələrinin baş nazirlərini, Ermənistanın rəsmi şəxslərini və QHT-ləri birləşdirən, Ermənistanın maraqlarına xidmət edən şəbəkənin əsas fiquru olub. Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi onu da bildirirdi ki, şəbəkənin əsas fiquru olan və "cənab X" kimi tanınan Mujnieks və tərəfdarları 2012-ci ildən etibarən AŞ PA-da beynəlxalq hüququn pozulması hallarının gizlədilməsi üçün şəbəkə yaradıblar. Əsas məqsədlərdən biri Azərbaycan əleyhinə kampaniya aparmaq və Dağlıq Qarabağın qanunsuz işğalını müdafiə etmək olub. Eyni zamanda insan hüquqlarının müdafiəsi sahəsində şəxsi maraqları gizlətmək də şəbəkənin fəaliyyətinə daxil olub. Amma son proseslər göstərir ki, AŞ PA-da Azərbaycana qarşı qərəz və sifariş əsasında fəaliyyət göstərən təkcə Mujniekslə tərəfdarları olmayıb. OCCRP-in iddiaları və bu xüsusda aparılan təhlillər ortaya daha maraqlı mənzərənin çıxmasına gətirir. Məlumdur ki, ABŞ layihəsi olan OCCRP “sözəbaxmaz“ dövlətlərin şantaj edilməsində həmişə geniş istfiadə olunub. Bu məsələdə müəyyən qərb media orqanları layihənin əsas iştirakçısı kimi həmişə eyni hədəfi eyni arqumentlərlə vurmağa çalışıblar. Amma Azərbaycana qarşı son qarayaxma kampaniyasında Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi və “Kommersant” qəzetinin də əsas iştirakçılardan olması aydın səmada əsl ildırım effekti verdi. Nə baş verir, indiyədək bir çoxları üçün Azərbaycan əleyhinə ABŞ və Qərbdəki bəzi dairələrin təşkil etdiyi işlər kimi görünən qarayaxma kampaniyalarının bir ucu, bəlkə də bir neçə ucu Rusiyaya bağlı imiş. İnanılması çətin olan bu mülahizəni sübut edən faktlar və dəmir məntiqlər var. Bəs Rusiya Azərbaycandan nə istəyir və istəyinə nail olmaq üçün Qərbdə, Avropada kimləri, hansı siyasi xadimləri “kirayələyib”? Özü də bütün bunlar o vaxta təsadüf etdi ki, Bolqarıstanın “Trud” qəzeti “Anonimous Bulgaria” adlı hansısa haker qrupunun sızdırdığı sənədlərə istinadən Azərbaycan barədə əsası olmayan məlumatlar yaymağa başladı. Qəzet Azərbaycanı diplomatik yük adı altında Amerika silahlarını Suriyaya daşımaqda ittiham edən yazı dərc etdi. Amma sonradan Ukraynanın “Xvilya” internet-nəşri üzə çıxardı ki, ABŞ-ın İraqdakı radikal qruplaşmalara, o cümlədən İŞİD-ə milyardlarla dollarlıq silah-sursat ötürməsi haqda yalan informasiya kampaniyasının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) dayanır. Ukrayna nəşri hesab edir ki, informasiya kampaniyasının məqsədi ABŞ-ın bu və ya digər formada müttəfiqləri olan Almaniya, Azərbaycan, Türkiyə və Ukraynanı hədəf almaqdır. Bildirildi ki, ABŞ-ın adları çəkilən müttəfiqləri ilə birlikdə Suriyada İŞİD-ə və digər radikal qruplaşmalara silah ötürdüyü haqda informasiya kampaniyası ancaq Rusiyanın işinə yarayır. Xatırladaq ki, Azərbaycanın Bolqarıstandakı səfirliyi həmin sənədlərin ələ keçirilib yayılması ilə bağlı bəyanatla çıxış edərək bunun Bakıya qarşı xarici dairələrin təşkil etdiyi hücumların bir hissəsi olduğunu bildirmişdi. Amma əsas problem rusların Azərbaycan əleyhinə belə bir qərəzli informasiya yayılmasında iştirakı idi. Bunun ardınca OCCRP-in Azərbaycan hökuməti əleyhinə iddiaları da Rusiyanın bəzi media orqanlarında yetərincə tirajlanması həm yeni suallar ortaya çıxardı, həm də anti-Azərbaycan kampaniyasında Rusiya barmağı ilə bağlı şübhələri bir qədər də artırdı. Eyni zamanda Rusiya ilə sıx əlaqələri olan Avropa siyasətçilərinin, xüsusilə Avropa Parlamenti və AŞPA-da əyləşmiş və Moskva ilə sıx münasibətləri olan deputatların Azərbaycana qarşı hücumları da məhz bu dövrdə aktuallaşdı. Burada son zamanlar AŞPA-nın baş katibi Torbyorn Yaqland xüsusi seçilir. Bu şəxs indi çox aktiv şəkildə Azərbaycana qarşı ən ağır ittihamlar səsləndirir. Hətta iş o yerə çatıb ki, o, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarına rəğmən REAL sədri İlqar Məmmədovun azadlığa buraxılmasından imtina etdiyinə görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Halbuki, bununla baş katib öz səlahiyyətlərini aşır. Ən azından ona görə ki, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarların icrası ilə bağlı iştirakçı ölkəyə sorğular göndərilə bilər və həmin sorğular iştirakçı dövlətlər tərəfindən cavablandırılır. Amma buna rəğmən, Yaqland Azərbaycanı cəzalanıdmağa çağırır. Amma nədənsə, çox ciddi əsaslar olduğu halda o, bu sərt mövqeyini ruslara qarşı nümayiş etdirmir. Vaxtaşırı Rusiyaya səfər edən bu şəxsin əslində ruslara işləməsi barədə məlumatlar da səslənir. Ümumiyyətlə, o, Rusiya barəsində daim yüksək fikirdə olduğunu, Avropanın Rusiya ilə əlaqələrini davamlı olaraq genişləndirməli olduğunun vaciblyini önə çəkir. Burada bəzi konkret nümunələrə diqqət etmək yerinə düşərdi. Hələ 2016-cı ilin dekabrında Moskvaya səfəri zamanı baş katib Rusiya prezidenti Vladimir Putinə bildirmişdi ki, Rusiya və Avropa Şurası arasında əməkdaşlıq fundamental şəkildə zədələnməyib. Bir müddət öncə Fransa prezidenti Emmanuil Makronla görüşdə isə Yaqland bildirib ki, Rusiyanı Avropa Şurasının tamhüquqlu üzvü kimi görmək istəyir. O, fikirlərini belə əsaslandırıb ki, 140 milyon insanı İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından kənarda saxlamaq düzgün deyil. Belə çıxır ki, Yaqland Avropa Şurasının üzvü Ukraynanın ərazisini ilhaq edən və digər ərazilərində də münaqişə ocağı yaradan Rusiyanı qurumda tamhüquqlu üzvlüyə qaytarmaq istəyir, amma bir nəfərə görə Azərbaycanın Avropa Şurasından çıxarılmasını sanksiyalaşdırmağa çalışır və bununla 10 milyon insanı Avropa Məhkəməsində öz hüquqlarını müdafiə etməkdən məhrum etməyə cəhd göstərir. Acınacaqlı fakt deyilmi?
Yayılan məlumtalrdan o da məlum olur ki, 2017-ci il yanvarın 19-da Rusiya Konstitusiya Məhkəməsi hökumətə İnsan Haqları üzrə Avropa Məhkəməsinin YUKOS-la bağlı qərarını icra etməməyə icazə verib. Bundan əvvəl, 2015-ci ildə qəbul olunmuş qanuna əsasən isə, Rusiya Konstitusiya Məhkəməsinin qərarı beynəlxalq məhkəmələrin qərarından daha üstün hesab olunur. Beləliklə, Rusiyada İnsan Haqları üzrə Avropa Məhkəməsinin onlarla qərarı, o cümlədən siyasi motivli hesab olunan qərarlar icra olunmur və Yaqland bunlara hansısa irad tutmur. Amma nədənsə, İlqar Məmmədovla bağlı məsələdə o, tam fərqli mövqe nümayiş etdirəmyə üstünlük verir. Bütün bunlar ikili standart olmaqla yanaşı, həm də Yaqlandın iç üzünü ortaya qoyur. Eyni zamanda, səslənən fikirlrdən o nəticə hasil olur ki, Yaqland öz fəaliyytəində rusların mövqeyini nəzərə alır və bəzən elə Kremldən gələn tapşırıqların icrasını həyata keçirir. Bəs Moskva üçün Azərbaycanın Avropada mövqeyinin sarsılması nəyə lazımdır? İlk növbədə enerji amilinə görə. Belə ki, Azərbaycan yaxın tezlikdə Avropaya böyük həcmdə qaz ixrac edəcək. Bu vəziyyət isə “Qazprom“un Avropada hegemonluğuna son qoyacaq. Bunun qarşısını almaq üçün Rusiyaya Avropada Azərbaycanın mövqeyini sarsıtmaq çox kömək edərdi. Bu məsələnin icrasında isə Rusiyaya indi Yaqland və onun kimilər hərtərəfli yardım edir.
ABŞ-ın Avropada enerji təhlükəsizliyini möhkəmləndirmək üçün şəxsən Trampın timsalında Azərbaycana böyük dəstək verdiyi indiki vaxtda cənab Yaqlandın Avropanın, ABŞ-ın maraqlarını bir kənara tullamasına, anti-Azərbaycan və anti-Amerika siyasətini gücləndirən Rusiyanın “əlinə oynamasına” indi heç bir şübhə yoxdur. Hadisələrin gedişində Yaqlandla Rusiyanın anti-Azərbaycan mövqeyində gizli işbirliyini ifşa edən daha maraqlı faktların ortaya çıxacağına da şübhə etmirik. Üstəlik, son aylarda Tramp administrasiyasının Azərbaycanla daha sıx işbirliyinə gedəcəyinə dair yeni əsasların baş qaldırdığı bir vaxtda Rusiyanın anti-Azərbaycan qüvvələrlə əlaqələri gücləndirməsi də olduqca düşündürücü faktordur...
Tahir TAĞIYEV