Məhərrəm Zülfüqarlı: “Ölkəmiz islam həmrəyliyinə bir sıra töhfələr verib”
Azərbaycan İslam dünyasının ən önəmli mərkəzlərindən biridir. Ölkəmiz zaman-zama islam dəyərlərinin dünyada təbliğinə, müsəlman ölkələri arasında həmrəyliyin qurulmasına yardım edib. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi və ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi də buna əyani sübutdur.
Nəzərə almaq lazımdır ki, hazırkı şəraitdə islam həmrəyliyi çox vacib və zəruridir. Məhz bu həmrəylik sayəsində müsəlman dünyasında münaqişələri, problemləri həll etmək və ortaq məxrəc tapmaq olar. Azərbaycan son illər dünya, beynəlxalq və regional miqyaslı bir sıra nüfuzlu tədbirlərə, forumlara, idman və musiqi yarışmalarına evsahibliyi edib. Bütün bu tədbirlər ölkədə çox yüksək səviyyədə təşkil olunub. Eyni zamanda, bu həm də Azərbaycanın inkişafının, dünyadakı nüfuzunun, sabitlik adası olmasının əyani göstəricisidir. Məlum məsələdir ki, sadalanan amillər olmasaydı, ölkə bu cür nüfuzlu tədbirlərə evsahibliyi edə bilməzdi.
Bu arada məlum olub ki, dekabrın 21-də Bakıda "İslam həmrəyliyi İli" nin yekunlarına həsr olunmuş yekun konfrans keçiriləcək. Konfransda Roma Papasının, Rusiya patriarxının və digər ölkələrin dini liderlərinin müraciəti oxunacaq. Tədbirdə, həmçinin, dövlət başçımızın iştirakı gözlənir.
Bütün bu deyilənlərlə yanaşı, Azərbaycan islam həmrəyliyinə nə kimi töhfələr verib? Məsələyə münasibət bildirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycan islam həmrəyliyinə bir sıra töhfələr verib: “Azərbaycan Qərblə-Şərqin kəsişməsində yerləşib. Şərqdə ilk demokratik respublika Azərbaycanda qurulub. İslam dünyasına baxanda Azərbaycan daha çox diqqət mərkəzində olub. Ona görə ki, Azərbaycan modern islam ölkəsidir və bununla bağlı dünya üçün örnəkdir. Bu baxımdan Azərbaycanın bu yöndə gördüyü işlər dünyada böyük maraqla qarşılanır. Məsələ ondadır ki, Azərbaycan islam dəyərlərini müsbət mənada nümayiş etdirir. Çünki bir sıra Qərb ölkələrində islama qarşı münasibət birmənalı deyil. Haqsızcasına islamı terrorizmlə əlaqələndirirlər. Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq aləmdə islamın nüfuzun qaldırır. Bu da Azərbaycanın timsalında müsbət haldır ki, biz ənənəvi dinimiz olan islamı bütün dünyada təbliğ edirik. Bununla yanaşı, Azərbaycan hər zaman islam ölkələri arasında mehriban münasibətlərin qurulmasına və bunun inkişaf etdirilməsinə çalışıb. Nə mümkündürsə, bu yöndə öz töhfəsini verib. O baxımdan Azərbaycanın bununla bağlı gördüyü işlər həqiqətən də böyükdür. Hesab edirəm ki, bu təqdir olunmalıdır”.
Vidadi ORDAHALLI