Məhəmməd Əsədullazadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılması bir daha göstərir ki...”
“Son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır”. Bunu Xaçmazda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib.
O, ikitərəfli münasibətləri yaxşı qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, son dövrlər ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşaihidə olunmaqdadır. Ötən günlərdə məşhur neft müqaviləsinin müddəti uzadıldı. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştrak edir. Bundan əlavə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq”.
Səfir bu il Azərbaycan və ABŞ arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu, gələn il isə Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyinin qeyd olunacağını xatırladıb: “Bu ərəfədə iki ölkə arasındakı münasibətləri daha da dərinləşdirmək, daha da yüksəltmək, inkişaf etdirmək üçün əlimizdən gələni etməyə çalışırıq”.
O da məlumdur ki, Sekuta iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirir. Görünən odur ki, ABŞ-Azərbaycan əməkdaşlığının alternativi yoxdur. O baxımdan ekspertlər bunu necə dəyərləndirir? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə rakursdan yanaşdı: “Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin normallaşdırılması ABŞ-da Trampın hakimiyyətə gəlişindən sonra baş verdi. Azərbaycanla enerji və təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirmək üçün prezident Trampın ölkə başçısı İlham Əliyevə iki məktubu mühüm rol oynayır. Hesab edirəm ki, ABŞ səfiri Robert Sekutanın açıqlamaları bundan sonra iki ölkə arasında müxtəlif sahələrdə dərin əməkdaşlığı genişləndirəcək. ABŞ-ın Cənubi Qafqaz siyasətində Azərbaycan mühüm rol oynayır və Əfqanıstan siyasətində tranzit ölkə kimi sülhməramlı əməliyyatlarda xüsusi iştirak edir. “Əsrin müqaviləsi”nin müddətinin uzadılması bir daha göstərir ki, ABŞ Azərbaycana qarşı siyasəti müsbətə doğru dəyişir. Qarabağ münaqişəsinin nizamlanmasında Hoqland planının mərhələli həll variantı kimi Azərbaycanın maraqlarını ifadə etməsi göstərir ki, ABŞ bu məsələdə artıq Azərbaycana dəstək verir”.
Vidadi ORDAHALLI