Fikrət Sadıqov: “Avropa İttifaqı güclü təsisat olaraq prosesə töhfə verə bilər”
ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Milli Məclisdə təmsil olunan partiya rəhbərləri ilə görüşdə bildirib ki, gələn il ATƏT-in Minsk Qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Bununla əlaqədar Minsk Qrupunun tərkibinə yenidən baxıla bilər.
Kristian Vigenin Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı olmamasını başa düşdüyünü deyib: “Çünki münaqişənin həllində faktiki heç bir irəliləyiş yoxdur. Gələn il ATƏT-in Minsk Qrupunun yaradılmasının 25 illiyi tamam olacaq. Problemi yalnız atəşkəsin pozulması zamanı yox, daim diqqət mərkəzində saxlamaq lazımdır. Mən öz tərəfimdən münaqişənin həlli üçün əlimdən gələni əsirgəməyəcəyəm. Lakin bununla kifayətlənmək olmaz. Yalnız ATƏT-in Minsk Qrupunun üzvləri deyil, digər ölkələr də münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Biz özümüz də parlament üzvləri olaraq, müəyyən təşəbbüslər, təkliflər irəli sürməliyik. Bu təşəbbüslərdən biri kimi, səfərim zamanı Zəngilandan olan məcburi köçkünlərlə görüşdüm”. Kristian Vigenin vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo ATƏT Parlament Assambleyası üçün qəbuledilməzdir və tezliklə sülh yolu ilə dəyişdirilməlidir.
Göründüyü kimi, Vigenin münaqişənin həllində Minsk Qrupuna üzv olmayan ölkələrin də səyinin zəruriliyinə işarə edir. Söhbət hansı ölkələrdən gedə bilər?
Politoloq Fikrət Sadıqov qəzetimizə açıqlamasında bildirdi ki, Vigeninin bu açıqlaması ilə tam razı deyil: “Bəli, 25 ildir ATƏT-in Minsk Qrupu heç bir səmərə ortaya qoya bilmir. Ancaq bu da faktdır ki, münaqişənin həlli ilə dünyanın aparıcı ölkələri məşğul olur. Fransa, Rusiya və ABŞ həmin prosesdə təmsil olunur ki, bunlar da BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Hansısa başqa bir ölkənin bura daxil olması heç nəyi dəyişə bilməz. Əksinə, disbalans yaratmış olar. Ola bilər ki, Vigenin bu xüsusda Avropa İttifaqının təmsilçiliyini nəzərdə tutur. Bax, bu optimal variantdır. Avropa İttifaqı güclü təsisat olaraq prosesə töhfə verə bilər. Çünki həmin format elə dünyanın ən güclü ölkələrinin qrupa daxil olmaq anlamına gələ bilər. Əsas məsələdən fikri yayındırmaq lazım deyil. Azərbaycanın artıq gözləməyə səbri də yoxdur. Bizə yeni formatların formalaşması deyil, prosesin tezliklə həlli lazımdır. Problemin həlli sadədir. Minsk Qrupunda təmsil olunan ölkələr özlərinin iştirakı ilə BMT TŞ-də qəbul edilən qətnamələrin icrasına nail olsalar, problem həllini tapar. Hansısa ölkəni prosesə qatmaqdansa, ümumi razılıq əldə olunsa yaxşıdır”.
Məhəmmədəli QƏRİBLİ