Vəfa Heydərli: “Ancaq bu oyunlar Ermənistan üçün pis sonluqla nəticələnə bilər”
Son zamanlar Ermənistandan Qərbə, xüsusilə də Avropaya (Avropa Birliyi və NATO-ya) sarı boylanmalar xeyli artıb. Söhbət işğalçı ölkənin siyasi rəhbərliyindən gedir. Fakt budur ki, axır vaxtlar prezident Serj Sarkisyan və komanda üzvlərinin səsi Moskvadan daha çox, Brüsseldən, Avropa Birliyi və NATO qərargahlarından gəlir.
Hazırda Ermənistanla Avropa Birliyi arasında ikitərəfli anlaşma sənədinin imzalanması yönündə danışıqlar intensivləşib və faktiki, sonuncu mərhələyə girib. Sənədin bu ilin payızında (noyabrda) imzalanacağı deyilir. Artıq Avropa Birliyi (AB) bununla bağlı İrəvandan gözləntilərini konkretləşdirib. “Avropa Birliyi Ermənistandan vədlər yox, konkret hərəkətlər gözləyir”.
İrəvan nə qədər özünü müstəqil göstərməyə çalışıb sərbəst addım atmaq istəsə belə, içində Rusiyadan dolayı bir qorxu, xof yaşanır. Ən azı ona görə ki, təxminən 4 il öncə də bənzər sənəd müzakirə edilirdi və imzalanmaq ərəfəsində idi. Amma son anda Putin imkan vermədi, 2013-cü il sentyabrın 3-də Sarkisyanı Moskvaya çağırıb qulaqburması verdi və onu Avropa Birliyinə deyil, Avrasiya Birliyinə qoşulmağa məcbur etdi.
Hazırda məhz Avrasiya Birliyilə bağlı Ermənistanda maraqlı proseslər cərəyan edir. Ermənistan parlamentinin deputatı Manukyan həmin qurumdan Ermənistanın çıxması ilə bağlı hazırladığı qanun layihəsini qanunverici orqana təqdim edib. Təbii ki, Sarkisyanla razılaşdırılmadan belə bir sənəd ortaya çıxa bilməz. Bunu Sarkisyanın razılığı ilə Rusiyanın şantaj edilməsi kimi anlamaq olarmı?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Ermənistanın bu çabalarının nəyə hesablandığı kənardan daha aydın sezilir: “Ermənistandakı bəzi qüvvələr, xüsusilə də Sarkisyanın özü bu qənaətdədir ki, Avrasiya İttifaqı onlara gözlənilənləri vermədi. Ancaq Sarkisyan bunu açıq şəkildə etiraf edə bilmir. Bu səbəbdən də ölkədəki Qərbmeylli siyasətçilər və mətbuat vasitəsilə belə bir təbliğat aparır. O vaxt Ermənistan Rusiyanın dominant olduğu Avrasiya İqtisadi Birliyinə Dağlıq Qarabağsız daxil oldu. İrəvanın separatçı rejimi ora dartıb aparmaq arzusu ürəyində qaldı. Azərbaycanın qurumdakı dost-tərəfdaşları - Qazaxıstan, Belarus buna imkan vermədi.
Sözsüz ki, Rusiyanın marioneti olan bir dövlətin Kremlin izni olmadan rəqib geosiyasi düşərgəyə tərəf getməsi qeyri-mümkün məsələdir. Amma fakt budur ki, Sarkisyan rejimi bununla bir daha Qərbə, Avropaya xəfif şəkildə mesaj göndərir ki, o, istənilən an Rusiyanı satıb Avropanın ağuşuna atıla bilər - özü də Dağlıq Qarabağla birgə.
Əlbəttə, Moskva bu incə çatdırışların fərqindədir və İrəvanın bütün gedişlərini diqqətlə izləyir. Bunu anlayan Sarkisyan belə üsüllarla həm Rusiyanı şantaj edir, həm də onlara hesabat təqdim edir ki, Qərbpərəstlər bizi dalana dirəyib. Bütün bunlar daha çox Rusiyanı şantaj edib böyük imtiyazlar almağa yönəlib. Ancaq bu oyunlar Ermənistan üçün pis sonluqla nəticələnə bilər. Çünki işğalçı ölkə Avrasiya Birliyi ölkələri kimi, Avropa Birliyi ölkələri ilə də həmsərhəd deyil. Bu da onun manevr imkanlarını heçə endirir. Yəqin ki, Rusiyadan yaxşı bir qapaz alandan sonra ağlı başına gələcək”.
Məhəmmədəli QƏRİBLİ