Vüqar Qədirov: “İstərdik ki, digər həmsədrlər də analoji addım atsınlar”
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Cocuq Mərcanlı kəndində iqtisadi inkişaf və icma bacarıqlarının artırılmasına dair proqram həyata keçirməyə başlayıb. ABŞ-ın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, ABŞ-ın Cocuq Mərcanlıda fəaliyyətlərə qatılması USAİD-ın missiya rəhbəri Mikaela Meredisin kəndə səfərindən sonra mümkün olub.
Bildirilir ki, bu ilin fevralında M.Meredis Azərbaycan hökuməti tərəfindən diplomatların Cocuq Mərcanlıya təşkil olunmuş səfərinə qatılıb: "USAİD nümayəndəsi orada məcburi köçkünlərin vəziyyəti ilə tanış olub və beynəlxalq ictimaiyyətin aparılan bərpa işlərinə yardım etmək imkanlarını öyrənib. USAİD-ın tövsiyəsi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birgə "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsinin icrasının koordinasiyasını həyata keçirən Şərq Qərb İdarəçilik İnstitutu (EWMI) Cocuq Mərcanlıda sosial və iqtisadi bərpaya olan ehtiyacları müəyyənləşdirib. İyunun 29-da EWMI təmsilçiləri Cocuq Mərcanlıya gedərək ABŞ hökumətinin yerli icmaya sosial və iqtisadi baxımdan yardım imkanlarını qiymətləndiriblər. Qiymətləndirmə və Cocuq Mərcanlının icra və icma nümayəndələri ilə keçirilən bir neçə görüşdən sonra kənd sakinləri təşkilatdan iki otaqdan ibarət yem emalı məntəqəsinin inşasında yardım göstərilməsini xahiş ediblər. Məntəqənin fəaliyyəti icmada heyvandarlığın və kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Hazırda icma tərəfindən seçilən və təlim almış könüllülərdən ibarət İcma İnkişafı Şurası sözügedən layihənin reallaşdırılması, həm də oxşar layihələrin gələcəkdə həyata keçirilməsi üçün səfərbər olub.
ABŞ-ın bu addımını necə dəyərləndirmək olar?
Qaçqın və Məcburi Köçkün Gənclər İctimai Birliyinin sədri Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-ın bu təşəbbüsünü yüksək dəyərləndirmək lazımdır: “Bununla sübut olunur ki, ABŞ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktını dəstəkləyir. Hətta buna dəstək də verir. Bilirsiniz ki, Cocuq Mərcanlının bərpası bizim üçün həm də simvolik məna kəsb edib. Bu böyük qayıdışın əsasını qoyan faktora çevrilib. Qəsəbənin bərpasına Azərbaycan kifayət qədər vəsait ayırdı. Artıq orada bütün işlər yekunlaşıb. ABŞ-ın etdiyi yardım da qəsəbədə hansısa problemin həllinə səbəb olacaq. Ancaq hesab edirəm ki, ABŞ-ın atdığı addımın bizim üçün daha çox siyasi əhəmiyyəti var. Çünki həmin ölkə dünyanın böyük dövləti olmaqla yanaşı, həm də ATƏT-in Minsk Qrupunun həmsədridir. Prosesin nizamlanmasına məsul olan ölkənin belə addımı ermənilər üçün mesaj rolunu da oynayır ki, gec-tez işğal altındakı bütün torpaqlarda bərpa işləri aparılacaq. İstərdik ki, digər həmsədrlər də analoji addım atsınlar”.
Məhəmmədəli QƏRİBLİ