Aqşin Əliyev: “İsrail üçün müstəqil Kürdüstan İranın regionda artmaqda olan gücünə qarşı…”
Şimali İraqda keçirilən referendumun nəticələri açıqlanmamış Ərbil əhalisi küçələrə axışaraq bayram keçirib. Nümayişlərdə daha çox İsrail bayraqları dalğalanıb. ABŞ-ın “The Washington Post” qəzetində İraq Kürdüstanında referendumdan sonrakı əhval-ruhiyyəni təsvir edən yazı dərc olunub. Məqalədə İraq kürdlərinin əllərində hər yanda İsrailin ağ-göy rəngli bayrağını yelləməsinə, hətta maşınlarını Davud peyğəmbərin altıguşəli ulduzları ilə bəzəməsinə diqqət çəkilir.
İraq kürdlərinin sevinclərini İsrailin bayrağını qaldırmaqla ifadə etməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bunun baslıca səbəbi İsrailin referendumla bağlı tutduğu mövqe ilə əlaqəlidir: “Bir çox dövlətdən fərqli olaraq, İsrailin açıq şəkildə İraq kürdlərinin müstəqilliyinə dəstək verdiyi ortaya çıxdı. Bu görüntülər həm də sübut edir ki, İsrail kürdlərin dövlət qurmasından daha çox İraqın parçalanmasında maraqlı olub. İsrailin kürdləri dəstəkləməkdə marağını bir neçə amillə izah etmək olar. Birincisi, İsrail üçün müstəqil Kürdüstan İranın regionda artmaqda olan gücünə qarşı istifadə olunacaq ən yaxşı silah olacaq.
İkincisi, müstəqillik olmasa belə, hətta bu fikrin müzakirə olunmasının regionda sabitsizlik yaradacağını, bu şəraiti də öz xeyrinə istifadə edə biləcəyini düşünür.
Yəni bu dairələr düşünür ki, “Müstəqillik olsa da, olmasa da, İsrailin xeyrinədir”.
Şimali İraq Kürdüstan regionunun İsrailin İrana qarşı istifadə edə biləcəyi çox təsirli bir baza olacağı indidən bəllidir. Eyni zamanda ərəb coğrafiyasının ortasında tək qalan İsrail özü üçün həmin bölgədə monoetnik dövlətə bənzər bir müttəfiq qazanmış olur. Bütün detallar İsrailin xeyrinə işlədiyi səbəbindən, rəsmi Tel-Əvivin kürdləri dəstəkləməkdən başqa çarəsi qalmayıb. Buna görə də dövlət qurduqlarını zənn edən kürdlər İsrail bayraqlarını qaldırmaqla onlara bu yolla minnətdarlıq ifadə edirlər”.
Məhəmmədəli QƏRİBLİ