Məhəmməd Əsədullazadə: “Beynəlxalq təşkilatların məhz ikili siyasəti nəticəsində...”
Şimali İraq Regional Administrasiyasının keçirdiyi “Kürdüstanın müstəqilliyi” referendumu, məlum olduğu kimi, dünyada birmənalı qarşılanır. İraq hökuməti referendumun qanunsuz olduğunu bəyan edib. Həmçinin Kürdüstanda keçirilən referendumu haqlı olaraq dünya tanımadı və buna kəskin reaksiya verdi.
ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri muxtariyyətin lideri Məsud Bərzani ilə görüşərək referendumun təxirə salınmasını istəsələr də, bu mümkün olmadı. BMT baş katibi Antonio Quterreş isə referendumun bölgədə qeyri-stabillik yaradacağını bildirib. Eyni zamanda BMT İraqın ərazi bütövlüyünü dəstəklədi.
Haqlı olaraq dünya ölkələrinin, o cümlədən aparıcı dövlətlərin bunun əleyhinə çıxmasının ciddi əsasları var. Ona görə ki, indiki dünya düzənində belə referendumların keçirilməsinin qəbul olunması çox pis presedent yarada bilər. Nəzərə alsaq ki, dünyada bir sıra separatçı meyllər var, o zaman referendumun tanınması domino effekti yarada bilər. Bu da dünya üçün yaxşı heç nə vəd etmir. O üzdən, dünya dövlətləri, beynəlxalq qurumlar dünyanın siyasi xəritəsinin dəyişməsinin yaradacağı ağır fəsadları nəzərə alaraq, qəti şəkildə ortaya mövqe qoyaraq bunu pislədilər. Burada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, bundan fərqli olaraq, Dağlıq Qarabağın adının dəyişdirilməsi ilə bağlı keçirilən qondarma “referendum”a, başqa oyuncaq “seçki səsvermələri”nə bu cür kəskin münasibət sərgilənmir. Düzdür, bu o demək deyil ki, dünya Dağlıq Qarabağdaki separatçı qurumun keçirdiyi “referendum”u qəbul edir. Təbii ki, yox. Ancaq məsələ ondadır ki, dünya birliyi sadəcə, formal olaraq, orada keçirilən “referendum”u tanımadıqlarını bildirir. Kürdüstanda keçirilən referenduma göstərilən kəskin reaksiya Dağlıq Qarabağdakı qondarma qurumun keçirdiyi “referendum” və “seçkilər”ə göstərilmir, separatçılara sərt sanksiyalar tətbiq olunmur, onlara qarşı sanksiya hədələri belə səslənmir. Sadəcə, yumşaq bir formada deyilir ki, biz Qarabağdakı “seçki”ni, ya “referendum”u tanımırıq, onun nəticəsi Qarabağ probleminin həlli prosesinə heç bir istiqamət verə bilməz. Doğrudur, bu qiymətləndirmələr, prinsipcə, Azərbaycanın xeyrinədir. Ancaq bu qiymətləndirmələr separatçı “DQR”ə münasibətdə daha kəskin və əməli xarakter daşısa, daha doğru və ədalətli olar.
Maraqlıdır, separatizmə bu cür fərqli yanaşmaların səbəbi nədir?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Kürdüstan muxtariyyətində keçirilən referenduma dünya ölkələrinin təpkisi, tanımadıqlarını bəyanatla qeyd etmələri Qarabağda keçirilən belə bir “referendum” üçün verilmədi. Çünki burada Ermənistan Azərbaycanın ərazilərini işğal edib və bu dövlətin özü Qarabağda olan separatçıları müstəqil subyekt kimi tanımır. Burada işğal faktoru var, təcavüzkar tərəf Ermənistandır. Ona görə də dünya ölkələrinin bu kimi işğal faktoru əsasında keçirilən “referendum”lara münasibəti geniş şəkildə olmur. Digər tərəfdən, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildir və dünya birliyi bizim ərazi bütövlüyümüzü tanıyır. BMT-nin işğal olunmuş ərazilərlə bağlı dörd qətnaməsi var. İşğalçı qoşunlar ərazidən çıxmalıdır. Qarabağ hərbiləşdirilmiş, işğal altında olan ərazidir. Hazırda Kürdüstan muxtariyyətində ciddi problemlər gözlənir. Onu Qarabağ münaqişəsi ilə tam eyniləşdirmək çətindir. Beynəlxalq təşkilatlar bütün problemlərə daim ikili standartlar çərçivəsində, öz maraqları kontekstində baxırlar. Görünür, Ərbil administrasiyası ilə gələcək perspektivdə əməkdaşlıq olmayacaq. Onu da qeyd edim ki, Dağlıq Qarabağda “referendum”un heç bir hüquqi əsası yoxdur. Buralar qəsb edilmiş ərazilərdir. Beynəlxalq təşkilatların məhz ikili siyasəti nəticəsində Qarabağ münaqişəsinin həllində irəliləyiş əldə etmək mümkün deyil. Beynəlxalq siyasi-təhlükəsizlik konyunkturasında çox ciddi problemlər yaşanır. Qarabağ münaqişəsinin nizamlanması üzrə hazırda beynəlxalq təşkilatlar səviyyəsində aparılan danışıqlar səmərəli deyil”.
Vidadi ORDAHALLI