Mehman Muradlı: “Məsələ sərt şəkildə qoyulmalı, onların qondarma qurum ərazisindəki şəhərlərlə bağladıqları müqavilələrin ləğvi tələb edilməlidir”
Ermənistan mətbuatının verdiyi məlumata görə, qondarma “Dağlıq Qarabağ Respublikası”nda olan “Çartar şəhəri” ilə Fransanın Desin-Şarpio şəhəri arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanan sənədin məğzində bildirilir ki, bundan sonra həmin iki şəhər qardaşlaşmış olacaqlar.
Məlumatda, həmçinin, bildirilir ki, Desin-Şarpio qondarma qurum ərazisində olan şəhərlərin qardaşlaşdığı sayca 8-ci şəhərdir. Fransa şəhərlərinin bu cür addım atmasına Azərbaycan hansı reaksiyanı verməlidir?
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, Azərbaycan qondarma qurumla bağlı kompleks tədbirlər həyata keçirir: “Bilirsiniz ki, bütün tədbirlər, atılan addımlar beynəlxalq hüquq normalarına əsaslanır. Həmin ərazilər Azərbaycana aid subyektlərdir və orada baş verən hər hansı bir proses ölkəmizlə razılaşdırılmalıdır. Qondarma quruma icazəsiz səfər edən bir çox tanınmış ictimai-siyasi xadimlər, mədəniyyət nümayəndələri və başqalarının adları “qara siyahı”ya salınıb. Onlardan hətta beynəlxalq axtarışa verilərək həbs edilənlər də olub. Dağlıq Qarabağın ərazisində böyük biznes layihələri həyata keçirmək istəyən şirkətlər də olub ki, Azərbaycanın narazılıq reaksiyasından sonra oranı tərk ediblər. Fransa şəhərlərinin analoji addımları atması da qanunsuz əməldir. Həmin ölkə ilə bizim normal münasibətlərimiz var. Üstəlik, Fransanın həmsədr ölkələrdən biri olduğunu nəzrə alsaq, bu daha pisdir. Sözügedən şəhərlər Fransada çox da tanınmır. Olduqca balacadırlar. Həmin ölkədə şəhər bələdiyyələrinin geniş səlahiyyəti var. Belə müqavilələri onlar müstəqil şəkildə kimləsə məsləhətləşmədən də bağlaya bilirlər. Ola bilər ki, onların heç məsələnin mahiyyətindən məlumatları yoxdur. Bunun üçün də Azərbaycan Xarici İşlər Nazirliyi həmin 8 şəhərin adını müəyyənləşdirib Fransanın əlaqədar qurumlarına müraciət etməlidir. Məsələ sərt şəkildə qoyulmalı, onların qondarma qurum ərazisindəki şəhərlərlə bağladıqları müqavilələrin ləğvi tələb edilməlidir. Lazımdırsa, biz Fransa şəhərlərinə Azərbaycanın hansı şəhərlərilə dostlaşmağı məsləhət verə bilərik. Hələlik isə Azərbaycanın işğal olunmuş ərazilərindəki şəhərlər bizim nəzarətimizdə deyil və buna görə də belə addımların atılmasını məqbul saymırıq”.
Məhəmmədəli QƏRİBLİ