Xəzər Teyyublu: “Azərbaycan rəsmi şəkildə hadisəyə etiraz edib həmin xadimlərin adlarını “qara siyahı”ya salmalıdır” “Bu əməl iki qardaş ölkənin də münasibətlərinə pis təsir edir”
Ermənistan mətbuatının yaydığı məlumata görə, Türkiyənin bir qrup ictimai xadimi qondarma “Dağlıq Qarabağ Respublikası”na səfər edib. Onların qondarma qurumun “parlamenti”ndə təmsil olunan bir neçə “deputat”la görüş keçirdiyi bildirilir.
Ən maraqlısı isə budur ki, həmin nümayəndə heyətinin qondarma qurum nümayəndələrilə Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi apardığı qeyd edilir. Məlum olduğu kimi, Azərbaycan qondarma qurum ərazisinə icazəsiz səfər edən bütün şəxslərin adını “qara siyahı”ya salır. Belə olan halda, bunu bilə-bilə qardaş ölkəni təmsil edən nümayəndələrin ora səfər etməsi başadüşülən deyil.
Üstəlik, qardaş Türkiyənin Azərbaycana birmənalı dəstək verməsini də bir fakt kimi nəzərə alaraq, ermənilərin yaydığı məlumatın tam yalan olduğunu da istisna etmirik. Ermənilər azmı belə yalanlar danışıblar? Məlumdur ki, erməni saytları konkret adlar çəkməyiblər və Türkiyədən Qarabağa gedənlərin kimliyini göstərməyiblər. Demək, məlumat yalan da ola bilər, ya da mümkündür ki, İstanbulun küçələrindən bir-iki muzdlu erməni tapıb “ictimai xadim” adı ilə Qarabağa aparıblar...
Bütün halları götür-qoy edərək məlumata aydınlıq gətirmək üçün, qardaş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyilə əlaqə saxladıq. Səfirliyin mətbuat xidmətinin əməkdaşı Rəqsanə Əhmədova bildirdi ki, onun bu cür məlumata dərhal cavab vermək kimi səlahiyyəti yoxdur. Rəqsanə xanım bizdən xahiş etdi ki, sualımızı və Ermənistan mətbuatında dərc edilən məlum yazının linkini onlara yazılı formada göndərək və yalnız bundan sonra səlahiyyətli şəxslərin məsələyə mövqeyini bizə çatdıra bilərlər. Biz, öz növbəmizdə, Türkiyə Səfirliyinin əməkdaşının istədiklərini etdik. Bildiririk ki, sorğumuza cavab verilən kimi, onların məsələyə mövqeyini dərc edəcəyik.
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, belə bir informasiya təsdiqini taparsa, olduqca acınacaqlı halın yarandığına dəlalət edəcək: “Bilirsiniz ki, Dağlıq Qarabağa bütün nəzarəti separatçı rejim edir. Ora səfərlər təşkil edilir. Azərbaycanın icazəsi olmadan həmin regiona səfər edənlərin hamısının adı “qara siyahı”ya salınır. Bu günlərdə ABŞ-lı konqresmənlərin adı həmin siyahıya salındı. Yəni mövzuya münasibət birmənalı və sərtdir. Lapşinlə bağlı məsələ bütün dünyaya səs saldı. Bunları xatırlatmaqla bildirmək istəyirəm ki, qardaş ölkənin ictimai xadimlərinin bilmdən belə addım atması inandırıcı görünmür. Bu əməl iki qardaş ölkənin də münasibətlərinə pis təsir edir. Hətta ola bilər ki, həmin xadimlər Türkiyədə yaşayan ermənilər olsun. İstənilən halda, Türkiyə vətəndaşları bu incə detala fikir verməlidir. Azərbaycan rəsmi şəkildə hadisəyə etiraz edib həmin xadimlərin adlarını “qara siyahı”ya salmalıdır”.
Məhəmmədəli QƏRİBLİ