Aydın Mirzəzadə: “Həmin mitinqdə səslənən şüarların heç bir əsası yoxdur”
Məlum olduğu kimi, sentyabrın 23-də Milli Şura adlanan bir təsisat paytaxtın “Məhsul” stadionunda mitinq keçirdi. Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda baş tutan mitinq bundan öncəkilər kimi uğursuz və sönük alındı.
Günlərlə sosial şəbəkələr və media üzərindən təbliğat aparılsa da, mitinqə gözləniləndən də az sayda adam gəlib. Radikal müxalifətin məhz bu dönəmdə fəallaşması maraqlı görünür. Sanki əvvəlki ssenari təkrarlanır. Hər 5 ildən bir keçirilən prezident seçkilərinə bir il qalmış müxalifət fəallaşmağa can atır, ancaq ortada heç bir nəticə olmur. Yəni ənənəvi gedişat davam edir, dəyişən isə mitinqə gələnlərin sayının azalması olur. Müşahidələr göstərir ki, il-ildən mitinqə gələnlərin sayı azalır. Bu özünü son mitinqdə lap aydın büruzə verdi. Müxalifətin seçdiyi bu taktikanın uğursuzluğa düçar olmasını nə ilə izah edə bilərik?
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir neçə səbəbi var: “Siyasətin belə bir qızıl qanunu var: müxalifət o zaman güclü olur ki, iqtidar zəif olur. İqtidarın zəifliyi isə ölkəni idarə edə bilməməsi, beynəlxalq aləmdə dövlətin nüfuzdan salınması, iqtisadi vəziyyətin pisləşməsi zamanı baş verir. Biz hazırda Azərbaycanda bu simptomların heç birini görmürük. Ona görə də, iqtidarımız güclü, müxalifətimiz isə zəifdir. Bizdəki müxalifət də iki hissəyə bölünür. Liberal qanad hökumətin gördüyü yaxşı işləri təqdir, çatışmazlıqları isə tənqid edir. Mitinqi keçirənlər isə radikallar idi. Onlar yalnız mövcud hakimiyyətə qara yaxmaqla məşğuldurlar. Həmin mitinqdə səslənən şüarların heç bir əsası yoxdur. Mitinqə toplaşan azsaylı insanların isə müxtəlif maraqları var. Bəziləri xarici havadarlarının dediyini edir. Bir başqaları aldıqları qrantları bu yolla silir. Digərləri isə Avropaya qaçmaq üçün belə mitinqlərdə şəkil çəkdirir. Mitinqdə çıxış edənlərə fikir verin. Əvvəlki mitinqlərdə çıxış edənlərin çoxu onların sırasında yoxdur. Bilirsiniz niyə? Çünki xaricdə sığınacaq alıblar. Müxalifətin başlıca uğursuzluğu iqtidarın güclü olması ilə bağlıdır. Başqa səbəbi isə onların radikal olmalarıdır. Məhz bu səbəbdəndir ki, Azərbaycan vətəndaşı onun stabil yaşamasına qarantiya verən iqtidarın yanında olur, Əli Kərimlinin yanında yox!”
Məhəmmədəli QƏRİBLİ