Qabil Hüseynli: “Ermənilər əvvəl 2, sonra 3 rayonun müqabilində Dağlıq Qarabağa müvəqqəti bir statusun verilməsini tələb edirlər”
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Sxofer (ABŞ) Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyanla BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçirib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Bildirilir ki, keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi vəziyyət müzakirə olunub. Görüşün yekunu ilə bağlı bəyanatda bildirilir: “Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub”.
Keçirilən görüşdən hansı nəticəni gözləmək olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-da baş tutan görüşdən sonrakı vəziyyətdə dinamikanın olduğunu hiss edilir: “Elmar Məmmədyarov görüşdən razı qaldığını bəyan edib. Hər halda, onu qane edən bir proses olmasa, belə açıqlama verməzdi. Məndə olan məlumata görə, XİN rəhbərlərinin həmsədrlərin iştirakı ilə keçirilən görüşündə alınan nəticə prezidentlərin görüşünü zəruri edib. Ona görə də bunu irəliləyiş saymaq olar. Ən prinsipial məqam işğal altında olan torpaqların qaytarılması ilə bağlıdır. Tərəflər buna razıdır, ancaq fərqli formada. Rusiya 5, ABŞ isə 7 rayonun qaytarılmasını tələb edir. Ermənilər 5 rayonu qaytarmağa razılıq bildirir. Ancaq əvvəl 2, sonra 3 rayonun müqabilində Dağlıq Qarabağa müvəqqəti bir statusun verilməsini tələb edirlər. Yəni ümumən tərəflər əvvəlki kimi nəticəsiz danışıqlar aparmır. Torpaqların qaytarılması ətrafında ciddi müzakirə gedir. Həmsədrlərin yaydığı bəyanatın ruhundan da bu aydın görünür. Bəyanatda deyilir ki, danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub. Düzdür, bu, əvvəlki bəyanatlara bənzəsə də, hazırda münaqişənin həllinin sürətləndirilməsi mexanizmi nəzərə çarpır”.
Məhəmmədəli QƏRİBLİ