Aqşin Əliyev: “Yəqin ki, biz növbəti ildə Ermənistanı danışıqlarda səlahiyyətləri əlindən alınmış yeni prezidentin təmsil edəcəyini görəcəyik “
Erməni mətbuatı ölkədə müşahidə edilən hakimiyyət böhranı ilə bağlı düşündürücü informasiyalar yayır. Göstərilir ki, 2018-ci ildə indiki prezident Serj Sarkisyan baş nazir ola bilər. Buna görə də Karen Karapetyanı vəzifəsindən uzaqlaşdıracaqlar. İndiki baş nazirin artıq iki dəfə istefa ərizəsi yazdığı barədə informasiyalar da mövcuddur.
Hər bir halda, erməni siyasi dairələrində 2018-ci ildə ciddi dəyişikliklərin olacağı barədə məlumatlar dolaşır. Bununla yanaşı, ölkəni varlı adamların tərk etdiyini də erməni KİV-i vurğulayır. Həmin prosesin arxasında siyasi faktorların dayandığını deyirlər. Belə çıxır ki, artıq Ermənistanda gözlənilən dəyişikliklərdən yaxa qurtarmağa cəhd edənlər var. Yekun olaraq bütün bu proseslərin Ermənistanı daha pis vəziyyətə sürüklədiyini demək mümkündür. Onun yarada biləcəyi fəsadlardan biri də regionda xaosun meydana gəlməsi ola bilər. Ermənistan hələ də Cənubi Qafqazda təhlükə mənbəyi olaraq qalmaqdadır.
Maraqlıdır, Ermənistanda baş verəcək bu islahatlardan sonra Dağlıq Qarabağla bağlı danışıqlarda İrəvanı kim təmsil edəcək?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, hələ ki, Ermənistanda baş nazir kimin olacağı 100 faiz dəqiqləşməyib: ”Xatırladaq ki, Ermənistanda son Konstitusiya dəyişikliklərindən sonra gələn ildən etibarən ölkə parlamenti hakimiyyətin ən güclü qolu olacaq. Yeni parlament baş naziri təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olacaq, prezidentin seçilməsində əsas rolu oynayacaq. Parlament, həmçinin, ədliyyə sisteminə nəzarət edəcək. Hazırda birbaşa seçilən və hakimiyyəti baş nazirlə bölüşən prezidentlik yeni konstitusiyaya görə, formal vəzifəyə çevriləcək. Yeni parlament yeni prezidenti 7 il müddətinə seçəcək. Bunlar gələn ildən, yəni Sarkisyanın səlahiyyət müddəti başa çatdıqdan sonra reallaşacaq. Hazırda prezidentlik müddəti beş ildir. Yeni konstitusiyaya görə, prezidentin bir çox səlahiyyətləri baş nazirə və onun kabinetinə verilib. Bura daxili və xarici siyasət məsələləri də aiddir. Baş nazir müharibə şəraitində silahlı qüvvələrin ali baş komandanı olacaq. Baş nazir və nazir postları parlamentdəki çoxluğa malik siyasi partiyaya veriləcək. Hazırda əsas çoxluq Sarkisyanın sədri olduğu Respublika Partiyasına məxsusdur. Məlumdur ki, Sarkisyan gələn ildən formal xarakter daşıyan prezident kimi yox, daha geniş səlahiyyətlərə malik olan baş nazir kimi görünmək istəyəcək. Yəqin ki, Dağlıq Qarabağ məsələsi ətrafında danışıqların aparılması səlahiyyətindən Sarkisyan baş nazir kimi yayınmağa çalışacaq. Məlumdur ki, Qarabağ problemilə bağlı artıq Ermənistan dalana dirənib və hətta torpaqların işğaldan azad olunacağını özləri də etiraf edir. Belə olan halda, Sarkisyan istəyər ki, həmin güzəştlərdə onun yox, formal xarakterli vəzifə daşıyan gələcək prezidentin imzası olsun. Yəqin ki, biz növbəti ildə Ermənistanı danışıqlarda səlahiyyətləri əlindən alınmış yeni prezidentin təmsil edəcəyini görəcəyik “.
Məhəmmədəli QƏRİBLİ