Məhəmməd Əsədullazadə: “Çünki beynəlxalq hüquq normalarını pozan ölkənin beynəlxalq qanunlara hörmətsizliyi göz önündədir”
Məlum olduğu kimi, neçə müddətdir BMT-də islahatların aparılması müzakirə mövzusudur. Bunun da əsas təşəbbüskarı məhz ABŞ-dır. Eyni zamanda, Birləşmiş Ştatların BMT-də islahatlar aparılması barədə təklif etdiyi Deklarasiyanı 193 ölkədən 128-i imzalayıb.
ABŞ prezidenti Donald Tramp bildirib ki, bürokratiya və yanlış idarəçiliyə görə BMT-nin potensialından tam istifadə edilməyib: “Biz yatırımlarımıza uyğun nəticələr görmürük. Dünyada insanların inamını bərpa edəcək BMT-yə ehtiyacımız var. BMT artıq işləməyən, köhnəlmiş metodların girovuna çevrilməməlidir”.
Məlumat üçün qeyd edək ki, BMT-də islahat üzrə Deklarasiya 10 bənddən ibarətdir. Sənəddə ABŞ müxtəlif sahələrdə təkmilləşmə istiqamətində BMT strukturunda dəyişikliklərə çağırır. Buna nail olmaq üçün, həmçinin, təşkilatda ixtisarların aparılması da nəzərdə tutulur. Əksər dövlətlər Deklarasiyanı imzalasalar da, bunun əleyhinə olan və yaxud da bu məsələdə bitərəf qalan dövlətlər də var. Bunun başlıca əleyhdarı isə Rusiyadır. Rusiya hesab edir ki, islahat hərtərəfli olmalıdır və bununla bağlı bütün qərarlar dövlətlərarası dialoq çərçivəsində quruma üzv ölkələr tərəfindən qəbul edilməlidir.
Sözügedən məsələdə diqqətçəkən məqamlardan biri də Ermənistanın sərgilədiyi mövqedir. Məsələ ondadır ki, bu məsələdə Ermənistan heç bir münasibət bildirmədi. Xüsusən də Təhlükəsizlik Şurası ilə bağlı islahatların keçirilməsi məsələsində hansısa mövqe ortaya qoymadı. Maraqlıdır, ekspertlər Ermənistanın buna ümumiyyətlə hər hansı münasibət bildirməməsini nə ilə əlaqələndirir?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, BMT-də islahatların aparılması işğalçı Ermənistanın xeyrinə deyil: “BMT-də islahatların aparılması çağırışı ilə çıxış edən ABŞ-ın əsas məqsədi bu beynəlxalq təşkilatın qərar və qətnamələrinin işlək olmasına hesablanıb. Azərbaycan belə islahatları dəstəkləyir və qətnamlərin icrasını daim qeyd edir. Məlumdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal edib. BMT-nin məhz dörd qətnaməsi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Təəssüf ki, Ermənistan BMT-nin qətnmalərini yerinə yetirmir və bu da mötəbər qurumun fəaliyyətinə və nüfuzuna kölgə salmış olur. BMT-də aparılacaq islahatların məqsədi ilk növbədə qurumun çevikliyini artırmaq, qlobal problemlərin həlli istiqamətində roluna dinamiklik verməkdir. Ermənistan BMT qətnamələrinin icrasına əməl etməyən bir dövlətdir. Ona görə də işğalçı ölkə BMT-də islahatların aparılmasını soyuqqanlıqla qarşılayır, ümumiyyətlə buna cavab vermir. Çünki beynəlxalq hüquq normalarını pozan ölkənin beynəlxalq qanunlara hörmətsizliyi göz önündədir. Hesab edirəm ki, rəsmi İrəvan BMT-nin qətnamələrini yerinə yetirməsə, bu qətnamələr mütləq onun cəzalandırılmasına səbəb olacaq hüquqi bir sənəddir”.
Vidadi ORDAHALLI