Yeganə Hacıyeva: “Razılaşmanın həllini tapmamış istiqaməti təhlükəsizlik məsələlərilə bağlıdır”
“Aİ ilə Azərbaycan arasında yeni sazişdə düşünürəm ki, əsas keyfiyyətdir”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanla Aİ arasında yeni sazişin hansı mərhələdə olduğunu demək çətindir: “Biz tələsmirik. Hər iki tərəfin mövqeyi var. Bu, bir hüquqi sənəddir və bir-iki il üçün nəzərdə tutulmayıb. Sənədin ilk növbədə keyfiyyəti çox vacibdir. Gec olsun, amma keyfiyyətli olsun. Amma sənəd ilin sonuna kimi imzalanmayacaq“.
Nazir müavini bildirib ki, sənəddə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı da öz əksini tapıb.
M.Məmmədquliyev qeyd edib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələrinin növbəti sammitində Riqa sammitindəki halın baş verməməsinə çalışacaq: “Həmin sammitdə Ermənistan-Azərbaycan münaqişəsinə dair başqa mövqe var idi. Aİ-nin yeni qlobal strategiyası var və orada bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün, təhlükəsizliyinin dəstəklənməsi aydın göstərilib”.
Nazir müavini, həmçinin, vurğulayıb ki, tərəflər arasında enerji və nəqliyyat sahəsində də irəliləyişlər var.
Avropa İttifaqı ilə imzalanacaq yeni sazişdə təsbit olunan şərtləri irəliləyiş kimi qeyd etmək olarmı?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, hazırda tərəflərin üzərində işlədiyi Strateji Əməkdaşlıq Sazişinin əsas şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlıdır: “Bunu tərəflərin əməkdaşlığında yeni pillə də saymaq olar. Təbii ki, bu yanaşma Azərbaycan tərəfinin təkidi əsasında özünə yer tapıb. Bundan öncəki proqramda Azərbaycanla bağlı belə bir bənd vardı. Yazılırdı ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü və xalqların öz müqəddəratını həll etmək təşəbbüsünü beynəlxalq hüququn çərçivəsində qəbul edir. Hazırkı sənəddə isə xalqların öz müqəddəratını təyin etmək bəndi yer almayıb. Qeyd edilir ki, Aİ Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüququn və ölkəmizin qanunlarının təsbit etdiyi qaydada tanıyır.
Bundan öncəki Assosiativ Sazişlə bağlı məsələdə Aİ-nin ehtiyat etdiyi əsas məqamlar olub. Onlar münaqişə tərəflərilə bağlı elə məqamlar ortaya qoyurdular ki, hazırda Azərbaycanın ürəyincə olan məsələ gələcəkdə Ermənistanın qurumla əməkdaşlığına maneə törətməsin. Bu yalnız Azərbaycan deyil, Ukrayna, Gürcüstan və başqa ölkələrə də aid edilirdi. Hansı ölkələrin ki, konflikti var, orada ərazi bütövlüyü şübhə altında idi. Aİ postsovet ölkələrilə əməkdaşlığa paket formasında baxırdı. Zaman dəyişdikdən sonra isə sırf fərdi qaydada yanaşır. Yeni sazişin quruluşu Avropa Birliyi üçün də yeni mərhələni özündə əks etdirir. Onlar bundan sonrakı mərhələdə belə mexanizmlərin tətbiqindən istifadə edəcək. Yəni sənədə biz necə diqqətlə yanaşırıqsa, eynilə Avropa Birliyi də elə yanaşır. Bizim xarici işlər naziri noyabr ayında Riqada keçiriləcək AB “Şərq Tərəfdaşlığı” Sammitində iştirak edəcək. Orada daha ətraflı müzakirələr aparılacaq. Yəqin ki, Riqada bütün qaranlıq məsələlər aradan qalxacaq və tərəflər arasında mühüm detallar razılaşdırılacaq. Razılaşmanın həllini tapmamış istiqaməti təhlükəsizlik məsələlərilə bağlıdır. 28 bəndin 24-ü üzrə razılaşmalar mövcuddur. Ümumən sənədi Azərbaycan üçün əlverişli saymaq olar”.
Məhəmmədəli QƏRİBLİ