Vüqar Qədirov: “Ölkəmiz BMT ilə əməkdaşlığını yenə həmin templə inkişaf etdirir”
Məlum olduğu kimi, sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. BMT-nin baş katibi İlham Əliyev ilə görüşməkdən məmnunluğunu bildirib.
Baş katib deyib: “Azərbaycan bizim köhnə dostumuzdur. Azərbaycan çox böyük və faydalı işlər görür, təşəbbüslər və tədbirlər həyata keçirir”.
A.Quterreş Azərbaycanla BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.
Quterreş Azərbaycanın hansı faydalı işlərini nəzərdə tutub?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, BMT-nin baş katibi bu məsələdə Azərbaycanın onun rəhbəri olduğu qurumla əlaqələri çərçivəsində gördüyü işləri nəzərdə tutub: “Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, BMT-yə üzv qəbul olunmasını xahiş edib. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edilib.
Bundan sonra münasibətlər normal məcrada davam edib. Son bir ildə ölkəmizin BMT ilə qurduğu münasibətlərə diqqət etsək, sədrin hansı işləri nəzərdə tutduğu aydın bilinər.
Azərbaycan BMT Baş Assambleyasının 70-ci və 71-ci sessiyasının əsas komitələri və plenar iclaslarının müzakirələrində və qərarların qəbul olunmasında aktiv iştirak etib.
20-26 sentyabr 2016-cı il tarixlərində BMT Baş Assambleyasının 71-ci sessiyasının ümumi müzakirələri keçirilib. Qeyd edilən sessiya ərzində Azərbaycan nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin illik əlaqələndirmə görüşü, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun ilk iclası, Cammu və Kaşmir üzrə Təmas Qrupunun iclası, Türk Şurasının xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi üzrə Müqavilənin Dostları Qrupu tərəfindən təşkil edilən nazirlər iclası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri şurasının qeyri-rəsmi iclası, İnkişaf Hüququ üzrə Bəyannamənin qəbul olunmasının 30 illiyi münasibətilə BMT Baş Assambleyasının yüksək səviyyəli iclası, Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu nazirlərinin illik 15-ci iclası, İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin Nazirlər Şurasının növbədənkənar iclası və BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupunun nazirlər iclasında təmsil olunub. 2016-cı ilin 12 iyul tarixində BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycan ilə BMT sistemi arasında münasibətləri tənzimləyən “BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi” adlı sənəd imzalanıb. 2016-cı il ərzində Azərbaycan Respublikasının BMT-nin sülhməramlı əməliyyatlarında iştirak imkanları ilə bağlı daha öncə görülmüş işlər davam etdirilib. Bu faktları qeyd etməklə bildirmək istərdim ki, ölkəmiz BMT ilə əməkdaşlığını yenə həmin templə inkişaf etdirir. Quterreş Azərbaycanın böyük işlər görməsini deyəndə bu fəaliyyəti nəzərdə tutub”.
Məhəmmədəli QƏRİBLİ