Elşən Mustafayev: “Onlar missiyalarının birini də Dağlıq Qarabağda yerləşdirilən ermənilərin araşdırılmasına həsr etməlidir”
Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü deyib. Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansının qlobal forumları, mədəniyyətlərarası dialoq forumları, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən tədbirlərdən danışıb və bu cür layihələrin ölkəmizdə davam etdiyini deyib.
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, yoxsulluğun aşağı səviyyədə olduğunu, savadlılığın 100 faizə yaxınlaşdığını vurğulayıb.
İlham Əliyev Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, ölkəmiz bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də, nəticə yoxdur. Dövlət başçısı deyib ki, biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar.
Prezident İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışıb. Bildirib ki, bu kənddə bütün lazımi infrastruktur yaradılıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir.
Azərbaycan Prezidenti vurğulayıb ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.
İlham Əliyevin Ermənistanın dünyanın bir çox ölkələrində erməniləri işğal altında olan ərazilərə köçürməsi ilə bağlı bildirdiyi iradla bağlı BMT hansı mexanizmi tətbiq etməlidir?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, qeyd edilən detal birbaşa BMT-nin səlahiyyətinə aid olan məsələdir: “Bilirsiniz ki, Ermənistan bu işlə çoxdan məşğul olur. Biz dəfələrlə həm rəsmi, həm də qeyri- rəsmi səviyyələrdə bu problemi qaldırmışıq. Təəssüflər olsun ki, heç bir tədbir görülməyib. BMT-nin bir neçə komissiyası məhz bu mövzunu əhatə edən işlərlə məşğul olur. Bura qanunsuz miqrasiyanı, terrorizmlə mübarizəni, narkotiklərin qanunsuz dövriyyəsini aid edə bilərik. Ermənistan həm də mənşəyi şübhəli olan şəxsləri, ailələri erməni adı ilə işğal altında olan torpaqlara yerləşdirir. Dağlıq Qarabağ ərazisinə yerləşdirilən ermənilərin böyük əksəriyyəti Suriyadan, Livandan köcürülənlərdir. Onlardan narkotiklərin becərilməsində, terrorçuların hazırlanmasında məharətlə istifadə olunur. Bunlara dair Azərbaycan kifayət qədər dəlillər təqdim də edib. Hesab edirəm ki, İlham Əliyevin BMT rəhbərilə görüşdə bu detalı xüsusilə vurğulaması problemin ciddiliyindən xəbər verir. Bundan sonra BMT-nin baş katibi bu məsələyə xüsusi diqqət etməlidir. Eyni zamanda, mandatından istifadə edib həmsədrləri də qaldırlan problemlə ciddi məşğul olmağa dəvət etməlidir. Cünki ermənilərin etdikləri cinayət transmilli xarakter daşıyır ki, bu da bütün bəşəriyyət üçün təhlükəlidir. Həmsədrlər tez-tez regiona səfər edir. Onlar missiyalarının birini də Dağlıq Qarabağda yerləşdirilən ermənilərin araşdırılmasına həsr etməlidir. Biz bunu onlardan təkidlə tələb etməliyik”.
Məhəmmədəli QƏRİBLİ