Erməni diasporunun Serj Sarkisyana qarşı mövqelərini sərtləşdirməsindən sonra ölkə daxilində də prezidentə qarşı müqavimət hərəkatının gücləndiyi müşahidə edilməkdədir. Bunlar, xüsusən Ermənistanda baş tutan altıncı “Ermənistan-Diaspor” forumundan sonra özünü daha qabarıq şəkildə büruzə verir.
Xatırladaq ki, burada diasporun bir çox nümayəndələri erməni iqtidarının siyasətindən açıq narazılıqlarını bildirib. Məsələn, ABŞ-dakı erməni diasporunun nümayəndəsi Zare Palyanın burada çıxışı erməni mediasında hələ də müzakirə mövzusudur. Xatırladaq ki, həmin çıxışında Zare Palyan hakimiyyət əleyhinə çox sərt ifadələr səsləndirib: “Hakimiyyət tamahkardır. Bitib-tükənməyən acgözlük kampaniyası başlayıb və bu dayanmaq bilmir. Əlbəttə, bunları dəyişmək olar. Ancaq Ermənistanla bağlı belə təəssürat yaranır ki, elə bil bir qrup qayıqla buralara gələrək, acımadan yerli əhalini çapıb-talayıb. Elektrik enerjisinin qiymətini qaldırırlar. Bu nə deməkdir? Çünki onların yeni ideyası yoxdur. Kommunal xərclərin qiymətini qaldırmaqla vəziyyətdən çıxmağa çalışırlar. Ermənistan hakimiyyətinin dəyişiklik etmək üçün ideyası yoxdur. Onların bu əməlləri nəticəsində əhali Ermənistanı tərk edir. Onlar əlindən gələni edir ki, əhali ölkəni tərk etsin”. .
“Diaspor nümayəndələri Ermənistan hökumətinə inanırmı, ölkəyə sərmayə qoya bilərmi” sualına cavabında o deyib: “Etibar və etimad sıfırdır. Onlar talan edir. Bu şikayətlərə məhkəmədə baxılmır. Dövlət vəzifəsinə talançılar təyin olunur. Bu faciədir. Mən naziri öz cibinə deyil, xalqın rifahına işləməyə necə məcbur edə bilərəm? Ermənistanda pul-para xatirinə hər işi görənlər istedadlı, bacarqılı sayılır. Belə bir vəziyyət bizi hara sürükləyir?”.
Yuxarıda qeyd olunduğu kimi, diasporun bu mövqeyindən sonra Ermənistan daxilində hakimiyyətə qarşı yeni etiraz dalğasınıın başladığı müşahidə olunur. “Yerkir Tsirani” partiyasının sədri Zarui Postancyan isə hətta bildirir ki, Ermənistan vətəndaşları arasında xalq üsyanına hazırlıq gedir: “Ermənistan və Qarabağda, həmçinin bütün dünyada ermənilərin yaşadığı şəhərləri əhatə edən ümumerməni üsyanı günü elan olunmalıdır. Biz bu cür fəaliyyət vasitəsilə hakimiyyətə etimadsızlıq göstərir və onu inkar edirik”. Hazırki prezident Serj Sarkisyanın baş nazir vəzifəsində qalması haqda fikirlərə gəlincə, Postancyan qeyd edib: “Bizim üçün vacib deyil, baş nazir Sarkisyandır, yoxsa Karen Karapetyan. Ya da Respublikaçılar Partiyasından Tiqran adlı bir şəxs. Bizim üçün vacib olan 25 il ərzində fəaliyyətdə olan rəhbərlərin idarəetmədə olmamasıdır. Hesab edirik ki, adlar dəyişdikdə heç nə dəyişməyəcək. Gərək bütün idarəetmə sistemi dağıdılıb, yerində yeni sistem yaradılsın”.
Ermənistanın Qarni qəsəbəsində seçicilərlə görüşdə ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan da çox sərt mövqe sərgiləyib. Sabiq prezident bildirib: “Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır”. O, çıxışında ölkənin hazırkı hakim elitasını sərt tənqid edərək onları oğru və əclaf adlandırıb: “Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib. Bu sadəcə sözlər deyil. Bunu sizə sübut edəcəyəm: seçkilərdə sizə səs üçün 5-10 min dram (təxminən 25 dollar) rüşvət vəd etdilər. Amma onlar bu pulları özlərinə qaytaracaqlar. Rüşvət verən adamların mağazaları və müxtəlif bizensləri mövcuddur. Onlar qiymətləri qaldıracaqlar və siz məcbur olub müxtəlif malları baha qiymətə alacaqsınız”. Onun sözlərinə görə, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib: “Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardır. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma Serj Sarkisyan insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər”.
Ter-Petrosyan, həmçinin digər həmkarı, Serj Sarkisyanın sələfi Robert Köçəryan haqqında da danışıb: “1998-ci ildə Köçəryan prezident olduğu zaman Ermənistanı bir milyon adam tərk edib. İndi isə təsəvvür edin ki, qarşıdan gələn parlament seçkilərində Serj Sarkisyan yenə qalib gələcək və onun seçkilərdə qələbəsinin təmin edilməsi üçün yaxın illərdə daha bir milyon insan Ermənistanı tərk edəcək. Və bu ölkədə kim qalacaq? O, otlağa çevriləcək”.“Könüllü döyüşçülər ittifaqı” şurasının üzvü, “Aparan” dəstəsinin komandiri Razmik Petrosyan da indiki hakimiyyətin dəyişməsinin vacibliyini bildirib. Petrosyan deyib ki, Ermənistanda bir çox yüksək vəzifəli şəxslər və nazirlər hərbi xidmət keçməyib: “Onların yalnız övladları deyil, özləri də hərbi xidmətdə olmayıblar. Orduda xidmət keçməyən şəxslərin küçə ticarətindən başqa yaşamağa vəsaiti olmamalıdır. Yəni hərbi xidmət keçməyən rəsmi şəxslər dövlət vəzifəsi tutmaq hüququna malik olmamalıdır. Ancaq bizim hərbi xidmətdə olmayan yüksək vəzifəli rəsmi şəxslərimiz, nazirlərimiz var”. O, belə bir hakimiyyətin dəyişməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ümumiyyətlə, proseslərin gedişi Ermənistanda mövcud hakimiyyətə qarşı yeni etiraz dalğasının baş qaldırdığını göstərir.
Nahid SALAYEV