Arzuxan Əlizadə: “Təbliğat baxımından bunun bu və ya digər dərəcədə əhəmiyyəti var”
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb. A.Quterreş Azərbaycanla BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib, qarşılıqlı anlaşmanın mövcudluğunu vurğulayıb.
Qeyd edib ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. Qurumun baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə edib, münaqişənin həlli ilə bağlı həmsədrlərin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev Azərbaycanın BMT çərçivəsində böyük işlər gördüyünü bildirib. Dövlət başçısı Ermənistan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara mane olduğunu və münaqişənin həllinin uzadılmasına çalışdığını bildirib.
Bununla yanaşı, Prezident Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışıb. Bildirib ki, bu kənddə bütün lazımi infrastruktur yaradılıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Azərbaycan Prezidenti vurğulayıb ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir.
Həqiqətən də Azərbaycan çox qısa bir müddət ərzində Cocuq Mərcanlıda infrastrukturu yenidən quraraq, əhalinin orada məskunlaşmasına şərait yaratdı. Nəticədə sözügedən kənddə birinci mərhələdə 50, ikinci mərhələdə 100 ev inşa olundu. Ümumilikdə, bu istiqamətdə görülən işlərin və bunun beynəlxalq qurumlara çatdırılmasının nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bunun bir sıra əhəmiyyəti var: “Təbliğat baxımından bunun bu və ya digər dərəcədə əhəmiyyəti var. O mənada ki, beynəlxalq təşkilatlar, digər dövlətlər görülən işlərlə tanış olurlar, ərazilərin bir qisminin işğaı altında olması gündəmə gəlir. Belə ki, erməni vandalları işğal etdikləri bütün yaşayış məntəqələrini yer üzündən siliblər, daşı daş üstə qoymayıblar. Bunun bütün dünyaya bir daha çatdırmaqda fayda var. Bu, ümumi işin xeyrinədir. Cocuq Mərcanlının tez bir zamanda bərpa olunması bütün dünyaya göstərdi ki, Azərbaycan digər işğal altında olan əraziləri də yenidən qurmaq gücündədir. Ancaq bundan fərqli olaraq işğalçı Ermənistanın belə bir imkanı yoxdur. Nəinki işğal altında saxladığı əraziləri, heç öz ərazilərini belə yenidən qura bilmir. Ağır sosial-iqtisadi vəziyyət üzündən Ermənistanı tərk edənlərin sayı ilbəil artır. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələ ilə bağlı təbliğat işlərini daha da gücləndirmək lazımdır”.
Vidadi ORDAHALLI