Seyid Camal Əzimbəyli: “Bütün sahələrdə qardaş ölkənin bizə dəstək olduğunu görürük”
Azərbaycanla Türkiyə arasında səmimi dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir. Mürəkkəb geosiyasi reallıqda etibarlı strateji tərəfdaşlar kimi, hər iki ölkə münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində əzmkarlıq nümayiş etdirib, əlaqələrin qırılmaz bağlarla möhkəmləndirilməsinə çalışıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” aforizmi iki xalqın bir-birinə yaxınlıq dərəcəsinin böyüklüyünü göstərir.
Türkiyə Azərbaycanın ədalətli mübarizəsində onu həmişə dəstəkləməsi ilə fərqlənir. Ermənistanı işğalçı kimi tanıyan rəsmi Ankara Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirir, erməni işğalına dərhal son qoyulmasını tələb edir.
Bu arada İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycanda elan edilən İslam Həmrəyliyi İli çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərin ardınca İstanbulda baş tutacaq “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda Azərbaycan Milli Məclisinin üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcək.
Bütün bu deyilənlərin fonunda, Azərbaycan-Türkiyə dostluğu islam həmrəyliyi üçün necə örnəkdir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, iki ölkə arasında səmimi münasibətlər bütün İslam dünyası üçün ən gözəl örnəkdir: “Bunun geniş izahına ehtiyac yoxdur, ona görə ki, bununla bağlı hər şey göz qabağındadır. Azərbaycan müstəqillik əldə edəndən bəri Türkiyə bizim yanımızdadır. Bütün sahələrdə qardaş ölkənin bizə dəstək olduğunu görürük. İstər siyasi, istərsə də sosial, iqtisadi, mədəni və digər sahələrdə bunu görürük. Ermənistanın bizə qarşı təcavüzünə etiraz olaraq bu ölkəylə sərhədləri bağladı. İslam Konfransı Təşkilatı çərçivəsində və digər mötəbər qurumlarda hər zaman qardaş ölkə Azərbaycana dəstək olub. Ona görə də tam məsuliyyətlə deyirəm ki, Türkiyə-Azərbaycan dostluğu islam həmrəyliyi üçün ən gözəl örnəkdir. Hesab edirəm ki, digər müsəlman ölkələri bundan nümunə götürməlidirlər. Belə olarsa, o zaman bu, həmin dövlətlər arasında münasibətlərin daha da inkişaf etməsinə öz töhfəsini verəcək”.
Vidadi ORDAHALLI