Aqşin Əliyev: “Bu təzaddan yaxa qurtarmaq üçün mütləq mənada İlham Əliyevin təklifi nəzərdən keçirilməlidir”
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanda, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər rayonlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.
Ermənistan azərbaycanlılara qarşı Xocalı faciəsi törədib. Bu faciə dünyanın 20-dən artıq ölkəsi tərəfindən rəsmən tanınıb. 1992-ci ilin 26 fevralında Ermənistan 613 Xocalı sakinini qətlə yetirib. Onların arasında 106 qadın və 63 uşaq var. Bu cinayəti törədənlərdən biri də Ermənistanın hazırkı prezidentidir. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələr qəbul edib. BMT Təhlükəsizlik Şurasının da 4 qətnaməsi var. Lakin Ermənistan qətnamələri yerinə yetirmir, 24 ildir ki, qətnamələrə əhəmiyyət vermir və cəzalandırılmır. Bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün içində icra olunur. Bizim vəziyyətimizdə isə 24 ildir icra olunmur. Bu, ikili standartdır və qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiya tətbiq olunmalıdır.
BMT-də aparılmalı olan islahatlardan biri də Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra mexanizmləri ilə bağlı olmalıdır. Ermənistan status-kvonun dəyişməməsi üçün hər şey edir. Substantiv danışıqları bloklayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib ki, status-kvo qəbuledilməzdir”.
Prezident qeyd edib ki, təcavüzkara qarşı beynəlxalq təzyiq yoxdur, Ermənistan diktatorluğuna qarşı sanksiyalar tətbiq olunmur: “Bu dayandırılmalıdır. Ötən ilin aprelində Ermənistan daha bir cinayət törədib. Nəticədə Azərbaycanın 6 dinc sakini öldürülüb, cavab hücumu ilə Azərbaycan Ordusu işğal olunmuş ərazilərin bir hissəsini azad edib və bayrağını həmin ərazilərdə ucaldıb. Ermənistan rəhbərliyi bu dərsi unutmamalıdır. Əks halda, növbəti təxribatın cavabı daha ağrılı olacaq.
Döyüşdə itirən Ermənistan yenidən Azərbaycanın kəndlərinə hücum edib. Bu ilin iyulunda hədəfli hücum nəticəsində Alxanlı kəndinə edilən hücum zamanı 2 nəfər öldürülüb. Bunlar 2 yaşlı Zəhra Quliyeva və onun nənəsidir. Beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Lakin erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək. Lazım gəlsə, ötən ilin aprelində olduğu kimi, Ermənistan yenə cəzalandırılacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.
Göründüyü kimi, İlham Əliyev etdiyi çıxışda BMT-nin qəbul etdiyi qətnamələrin icrası ilə bağlı nəzarət mexanizmlərinin tətbiqinin zəruriliyinə diqqəti yönəldib. Bu təklifi necə dəyərləndirmək olar?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, İlham Əliyev BMT tribunasında olduqca məzmunlu və əhatəli çıxış etdi: “Prezidentin budəfəki çıxışında ən diqqətçəkən məqamlardan biri də BMT-nin özünə ünvanlanan iradlar idi. Hesab edirəm ki, həmin iradların hamısı əsaslı idi. BMT tərəfindən qəbul edilən qətnamələrin icrası ilə bağlı ortaya ikili standartlar çıxır. Bəli, biz doğrudan da böyük dövlətlərin maraqlarının olduğu mövzularla bağlı qəbul edilən qətnamələrin dərhal icra olunduğunu görürük. Ermənistan isə 24 ildir bu nüfuzlu qurumu saymır. BMT-nin 4 mühüm qətnaməsi onun tərəfindən icra olunmur. Nəticədə həm də BMT öz nüfuzunu itirmiş olur. Əslində, İlham Əliyevin təklifinin ciddi şəkildə nəzərdən keçirilməsinin BMT-nin reputasiyasının bərpasına da köməyi ola bilər. BMT-də islahatların aparılmasının zəruri olduğunu yalnız biz demirik. Bilirsiniz ki, ABŞ prezidenti adından BMT-də islahatların zəruriliyilə bağlı deklarasiya təqdim edilib. Həmin deklarasiya ilə tanış olanda məlum olur ki, BMT-nin effektiv işləməsi ilə bağlı bir sıra təkliflər edilir. Ancaq təəssüflər olsun ki, o sənəddə BMT qətnamələrinin icrasına nəzarətdən söhbət getmir. Görünür, ABŞ-ın marağında olan qətnamələr dərhal icra edildiyi üçün, buna zərurət görmürlər. İlham Əliyevin əsaslandığı arqumentlər isə belə bir yeniliyin edilməsini vacib edir. BMT nüfuzlu təşkilatdır və onun Ermənistan kimi bir ölkənin əlində aciz qalması gülüncdür. Bunun üçün qətnamələrin icrasına nəzarət güclənməlidir. Əməl etməyənlərə qarşı cəzalar tətbiq olunmalıdır. Hesab edirəm ki, BMT-nin lazımi nəticəni əldə etməsi üçün ən effektiv təsir üsulu sanksiyaların tətbiqidir. BMT isə Ermənistana sanksiya tətbiq etmək əvəzinə, onu saymayan bir ölkənin başçısına çıxış etmək üçün tribuna verir. Qəribə təzaddır. Bu təzaddan yaxa qurtarmaq üçün mütləq mənada İlham Əliyevin təklifi nəzərdən keçirilməlidir”.
Məhəmmədəli QƏRİBLİ