Qabil Hüseynli: “Ermənistan prezidenti çıxışında ölkəsinin hansısa bir böyük layihədə iştirakından danışa bilmədi”
Məlum olduğu kimi, BMT Baş Assambleyasının 72-ci sessiyasında həm Ermənistan, həm də Azərbaycan prezidentləri çıxış edib. Təbii ki, hər iki ölkə başçısının çıxışının böyük hissəsi Dağlıq Qarabağ probleminə həsr edilib. Ermənistan prezidentinin çıxışı ekspertlər tərəfindən həyasızlıq kimi dəyərləndirilir. Prosedur baxımından Sarkisyanın çıxışı İlham Əliyevdən əvvəl oldu.
Bu səbəbdən də İlham Əliyevin onun yalanlarını ifşa edəcəyi proqnozlaşdırılırdı və belə də oldu. Bu iki çıxış arasında aparılan müqayisə hansı mənzərəni ortaya qoymuş olar və hansı çıxışın dünyaya təsir effekti daha çoxdur?
Politoloq Qabil Hüseynlinin fikrincə, BMT-nin hər ilin sentyabr ayında keçirdiyi açılış sessiyaları mühüm əhəmiyyət kəsb edir: “Həmin sessiyaya qatılan dövlət başçıları dünyanın əsas problemlərindən danışır və beynəlxalq aləmə çıxış yolları göstərirlər.
Məlumdur ki, bu sessiyada İlham Əliyevdən əvvəl Ermənistan prezidenti Serj Sarkisyan BMT tribunasından çıxış edərək Azərbaycan əleyhinə yalanlar danışdı. Onun çıxışına cavab verilməli idi və İlham Əliyev Sarkisyanın çıxışını alt-üst etdi. Baş Assambleyada ilk dəfə olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tribunasından həyəcan təbili çaldı. Bildirdi ki, Dağlıq Qarabağ problemi beynəlxalq hüquqa uyğun surətdə, özü də təcili həll edilməsə, bölgədə çox irimiqyaslı, həm də beynəlxalq xarakterli qarşıdurma yarana bilər. Zənnimcə, Ərdoğan kimi nüfuzlu şəxsin söylədiyi bu fikirlər Baş Məclisin üzvlərinə kifayət qədər təsir göstərəcək. Baş Assambleya BMT-nin ən nüfuzlu məclisidir və orada 200 BMT üzvü olan dövlətin prezidenti və ya baş naziri iştirak edir. Bu məsələnin orada qaldırılması çox prinsipial əhəmiyyətə malikdir”.
Q.Hüseynli qeyd etdi ki, Türkiyə və Azərbaycan prezidentlərinin BMT kürsüsündən Qarabağla bağlı ətraflı bilgilər verməsi, problemin bölgə üçün böyük təhlükə olduğunu söyləməsi dünyada bu məsələ barədə obyektiv fikrin formalaşmasına ciddi təsir göstərəcək. Ermənistan prezidenti Serj Sarkisyan sessiyanın ilk günündəki çıxışında yenə də beynəlxalq hüquqa zidd mövqeyini sərgiləyib. Bununla da o, nüfuzlu beynəlxalq təşkilatın toplantısında məsuliyyət hissini unudaraq, özü barəsində dövlət başçısından çox, islaholunmaz şəxs təsəvvürü yaradıb. Yalanların sərhədini o qədər aşıb ki, Dağlıq Qarabağın heç vaxt Azərbaycan ərazisi olmadığını iddia edib, Qarabağ ermənilərinin “müstəqilliyinin” vazkeçilməz olduğunu deyib, Azərbaycanı ermənifobiyada ittiham edib. Çıxışının çox hissəsini Qarabağ münaqişəsinə həsr edən Sarkisyan Azərbaycana ittihamlar yağdırıb. O deyib ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək uğrunda 30 il əvvəl başlayan yeni mübarizəsi Azərbaycanın güc tətbiq etməsi ilə müharibəyə gətirib. O, Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmadığını vurğulayıb, Dağlıq Qarabağın demokratik inkişaf yolu tutduğunu iddia edib, Azərbaycanı bu fonda orta əsrlərin simvolu adlandırıb. Sarkisyan Dağlıq Qarabağı Azərbaycana zorla qoşmaq səylərinin ədalətsizlik olduğunu vurğulayıb, nəticəsiz qalacağını deyib. Serj Sarkisyan deyib ki, Dağlıq Qarabağın indikindən aşağı statusu ola bilməz. Təbii ki, belə çıxışın dünya birliyinə heç bir təsiri ola bilməz. Çünki arqumentlər yalan, saxtakarlıq üzərində qurulub. İlham Əliyevin çıxışı isə daha əhatəli, məzmunlu, faktlara əsaslanan olub. Sarkisyandan sonra çıxış etmək şansı həm də İlham Əliyevə imkan verib ki, Ermənistan prezidentinin söylədiyi yalanları daha tez zamanda ifşa etsin. Ermənistan prezidenti çıxışında ölkəsinin hansısa bir böyük layihədə iştirakından danışa bilmədi. Çünki belə bir layihə yoxdur. Azərbaycanın isə ideya daşıyıcısı və iştirakçısı olduğu və qonşularla birgə həyata keçirdiyi onlarla böyük regional layihəsi var. Bu layihələrdə Ermənistandan başqa Azərbaycana qonşu olan bütün ölkələr – Türkiyə, Gürcüstan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edirlər. Bütün parametrlər üzrə götürdükdə Azərbaycan Prezidentinin çıxışı daha təsirli və əhatəli olub”.
Məhəmmədəli QƏRİBLİ