Vəfa Heydərli: “Bilirsiniz ki, artıq bir sıra nüfuzlu İslam ölkələri məhz bu səbəblərə görə Ermənistanla münasibət qurmur”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı Təmas Qrupunun ikinci iclasında çıxış edib.
Elmar Məmmədyarov çıxışında bildirib ki, Təmas Qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyət nəinki dəyişməz qalır, hətta cəbhə xəttində toqquşmaların intensivləşməsi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi halları daha da artıb. Nazir xatırladıb ki, 1993-cü ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə təsbit edir və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Nazir təəssüflə qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin işğalını davam etdirməklə regional təhlükəsizlik və sabitliyi təhlükə altına atır, həmçinin tamhüquqlu regional əməkdaşlığa maneə yaradır: “Ermənistan öz aqressiv siyasətində daha da irəliləyərək işğal altında olan ərazilərə biznes, ticarət və investisiyaların cəlb edilməsi yolu ilə digər ölkələri qanunsuz işğal ilə əlaqələndirməyə çalışır. Bütün ölkələrin Ermənistanın bu niyyətindən xəbərdar olması və Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sosial, iqtisadi və mədəni fəaliyyətdən imtina etmələri bizim əməkdaşlığımız üçün mühümdür. Mən bütün İƏT-in üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki rejim və həmin ərazilərdə ticarət, iqtisadi və sərmayə fəaliyyətinə cəlb olunma cəhdlərinin qarşısını almağa çağırıram. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələrinin çıxarılması və qaçqınların və məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının təmin olunması yalnız Cənubi Qafqaz daxilində sülh və təhlükəsizliyi deyil, həm də tamhüquqlu regional əməkdaşlığı gücləndirəcək”.
Elmar Məmmədyarovun İƏT ölkələrinə Ermənistanla əməkdaşlığı məhdudlaşdırmaq çağırışını necə dəyərləndirmək olar?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Elmar Məmmədyarovun bu çağrışını Azərbaycanın rəsmi mövqeyi kimi qəbul etmək olar:
“Bilirsiniz ki, biz diplomatik və başqa müstəvilərdə Ermənistanla mübarizə aparırıq. İstənilən tədbirdə bizim rəsmilərin çıxışında prioriteti Dağlıq Qarabağ mövzusu təşkil edir. Bütün vasitə ilə çalışırıq ki, Ermənistanı ifşa edək. Ancaq bizim əsaslandığımız bütün faktlar reallığı əks etdirir. Apardığımız mübarizə haqq uğrundadır. Bilirsiniz ki, Elmar Məmmədyarovdan əvvəl, İlham Əliyev Astanada anoloji təkliflə çıxış etmişdi. Ölkə ba.çısı İslam ölkələrinə xitabən dedi ki, məscidləri dağıdan, uşaqları qətlə yetirən ölkədən İslam ölkələrinə dost ola bilməz. İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ problemilə bağlı obyektiv mövqe tutaraq, Azərbaycanı birmənalı şəkildə dəstəkləyir. Qurumun həmcinin Ermənistanın işağl etdiyi torpaqları azad etməyə çağırmasını əks etdirən xüsusi qətməsi də var. Təsadüfi deyil ki, İlham Əliyev BMT dəki son çıxışında BMT qətnamələrilə yanaşı, İƏT-in də mövqeyini misal çəkdi. Elmar Məmmədyarovun bu ideyanı bir az da dərinləşdirməsi Azərbaycanın deyilən istiqamətdə ciddi iş apardeığından xəbər verir. Çox doğru seçilmiş və uğurlu nəticəsi tez ola biləcək bir xətdir. Bilirsiniz ki, artıq bir sıra nüfuzlu İslam ölkələri məhz bu səbəblərə görə Ermənistanla münasibət qurmur. Səudiyyə Ərəbistanı, Pakistanı və s. Buna misal göstərə bilərik. Təəssüflər olsun ki, Ermənistanla sıx əməkdaşlıq edən müsəlman ölkələri də var. Ancaq bu təbliğatın onların da mövqeyinə əsaslı təsir edəcəyinə inanıram”.
Məhəmmədəli QIRİBLİ